C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, filmimiz “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin (Independent International Jury) rəyinə əsasən insan əzmliliyinin hekayəsini təsirli və ümumdünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi festivalın “Mannheym-Heydelberq mükafatı”nı (Mannheim-Heidelberg Award) alıb. Bu festivalın üç əsas mükafatından biridir.
Filmi həmçinin “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin nüfuzlu “Beynəlxalq Kinotənqidçilər Mükafatı”na (International Film Critics’ Prize) layiq görülüb. Münsiflər heyətinin rəsmi rəyinə görə bu mükafat rejissorun müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli və təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı həm də kənd mənzərəsini alleqoriyaya poetik inkişafını əks etdirməklə film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün təqdim olunub.
Bunlardan başqa filmimiz Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən “Ecumenical Jury Award" mükafatını da alıb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.