“Onsuz orkestr döşəməsiz qalar, kontrabas orkestrin döşəməsidir. O, gözə görünməzdi, amma olmasa həmin an yoxluğu bilinər. Kontrabas orkestrin “bas” səsini genişləndirmək, daha gözəl etmək üçün yaradılıb. Onsuz orkestr natamam səslənər, aşağı notlar olmaz...” – bunu Lent. az-a Fariz Dadaşov deyib. O, Opera və Balet Teatrının orkestrində kontrabasçıdır. Onun kontrabas haqda fikirlərini təqdim edirik.
Kontrabas Farizin öz seçimi olub
- Valideynlərim də musiqiçidirlər. Əvvəl skripka sinfinə daxil oldum. Yeddi il skripka dərsi aldım, 2004-cü ildən kontrabasa keçdim. Azərbaycanda kontrabas ifaçısına nadir hallarda rast gəlmək olar. Əsasən orkestrdə - simfonik, xalq çalğı alətlərində, nəfəsli orkestrdə ola bilir. Kontrabasın imkanlarından daha çox cazda geniş istifadə edilir. Cazda elə məqamlar var ki, onu kontrabas çatdıra bilir. Bu alətdə klassik musiqiləri ifa etməyi daha çox sevirəm.
Artıq toylarda kontrabas da görə biləcəyik
- Kontrabas ağır alətdi, bu boyda şeyi toya aparıb- gətirmək çox çətindi. Məsələn, skripka, klarnet, tar balacadı. Çamadanda daşımaq olur. Bəzi toylarda məclisin əvvəlində bir saatlıq klassik kvartet çıxış edir. Orda iki skripka, alt və violonçel olur. Son zamanlar kontrabasda da ifa edirlər. Amma sözün düzü, mən özüm toya getməmişəm.
Böyük alətdə ifa etmək zaman tələb edir
- Ölçülərindən asılı olmayaraq həm balaca, həm böyük alətdə ifa etmək çoxlu güc və zaman tələb edir. Simli alətlərin ən böyüyü kontrabasdı. Bu aləti on yeddinci əsrdə italyan ustası Mikeli Todini hazırlayıb. Dörd simi var. Keçmişdə simlər heyvan damarından hazırlanıb. İndi isə simlər dəmirdəndi. Alətin köklənməsi üçün dörd dəmir nizamlayıcı mıxlar var. Skripkada bu mıxlar taxtadandı, amma kontrabasda dəmirdən. Klassikada yumşaq pitsikado istifadə olunur, cazda kobud. İtaliyada “Amati strativariyo”, yəni usta ailələri var ki, onlar yalnız alət hazırlamaqla məşğuldurlar. Ona görə də ən yaxşı kontrabas İtaliya və Almaniyada istehsal olunur. Kontrabas iki cür ifa edilir: kamanla (arko) və barmaqla (pitsicato). Cazda kontrabas əsasən barmaqla çalınır.
Musiqidən uzaq olanlar buna böyük skripka deyirlər
- Bir-birinə çox bənzəyirlər. Hər ikisində də dörd sim var, simlərin adı da eynidir. Fərqləri ondadır ki, kontrabasda ən yuxarı “sol”du ( sol, re, lya, mi), skripkada isə əksinə, ən yuxarı not “mi”di (mi, lya. re, sol). Skripka daha çox sevgi, məhəbbətə, kontrabas qəmginliyə köklənib.
Onsuz orkestr ola bilməz
- Öz işimi görürəm və bu, mənə zövq verir. İkinci planda olmaq diskomfort yaratmır. Kontrabassız orkestr ola bilməz. Orkestr üçün fərqi yoxdu, alət ön plandadı, ya arxada. Biri olmazsa, natamamlıq yaranır. Hər alətin öz yeri var. Kontrabasın solo ifası üçün konsertlər olur, orkestr onu müşayiət edir.
Buna “kişi aləti” demək olar
- Bəli, demək olar. Azərbaycanda kontrabas ifaçıların əksəriyyəti kişilərdi. Avropada daha demokratikdi, kontrabas çalan qızlara da rast gəlmək olur. Burada çəkinin də öz rolu var. Ağır alət olduğu üçün xanımlar bunu ifa etməkdən qaçırlar. Qızlar adətən fleyta, yaxud pianonu seçirlər, nəinki kontrabas. Sadəcə, kontrabası çox təbliğ etmək lazımdı. Onu tanıyandan sonra ifa edənlərin sayı artacaq. Ağırlığı onu daşımaqda çətinlik yaratsa da ifa etmək asandı.
Yeni alətə tez öyrəşməli...
- Evdə öz alətim var, orkestrdə isə alətində ifa edirəm. Fleytaçılar hara getsə, alətini özüylə daşıyır, həmişə eyni alətdə çalır. Bizdə isə belə deyil. Biz bir neçə alətə öyrəşməliyik. Məsələn, bir alətdə simlər bir az aralı, yaxud yaxındı, bəzisində simlər qalın, yaxud nazik olur. Qastrolda bizə məşq üçün yarım saat verilir. Bu vaxt ərzində yeni alətə tez öyrəşməli və təmiz çalmalı, intonasiya düz olmalıdır.
Mən kontrabasda tək...
Kontrabasda tək ifa çox məsuliyyətlidir. Yəqin ki, o da maraqlı alınar. Biz orkestrdə adətən səhnənin aşağısında otururuq, səhnədə isə oxuyanlar və oynayanlar olur.
Solo ifa...
- Kontrabas üçün solo musiqi yazan azdı, amma var. Azərbaycanda elə bir yazan tanımıram. Batizini, Domeniko Draqonetti, Dieter Dorf kimi bəstəkarlar kontrabas üçün solo musiqilər yazıblar. Orkestri müşayiət etmək üçün çalmağın öz gözəlliyi var, solo ifanın ayrı. Ümumiyyətlə, kontrabas ifaçıları azdır. Teatrımızda cəmi üç kontrabasçı var.
Bir neçə yerdə çalışmağa məcburuq
- Musiqiçilərin gəlirləri az olduğu üçün onların əksəriyyəti bir neçə yerlərdə işləməyə məcburdurlar. Məsələn, mən 262 manat əmək haqqı alıram. Ona görə də iki yerdə çalışıram. Bəziləri var ki, üç orkestrdə çalışırlar. Orkestrdə ən çox maaşı orkestrin konsertmeysteri alır. Orkestrdə bir neçə qruplar olur, birinci skripkaçılar, ikinci skripkaçılar, nəfəsli alətlər qrupu, kontrabasçılar qrupu və s. Birinci skripkaçılar qrupunun konsertmeysteri həm də orkestrin konsertmeysteri hesab edilir.
...bu, yanlış fikirdi
- Orkestrdə ən yuxarı notları pikkolo fleyta, ən aşağı notları isə kontrabas götürür. Çox adam hesab edir ki, kontrabasda ancaq aşağı notlar ifa etmək olar. Bu yanlış fikirdi...
P.S. ...Demək, heç bir sahədə “ikinci plan ” yoxdu. Peşəkarlar və qeyri-peşəkarlar var, bu qədər...