“Kəndin balaca uşaqları “raqatka” ilə məni vururdular”  - SÖHBƏT
12 avqust 2013 14:41 (UTC +04:00)

“Kəndin balaca uşaqları “raqatka” ilə məni vururdular” - SÖHBƏT

Məşhur filmdə deyildiyi kimi: “Bu kinodu!”. Və kino başlayır. Özü də həyəcanlı kadrların bir-birini əvəz etdiyi kino. Qəhrəman gah atdan yıxılır, gah da maşınla qəza törədir. Hamı qəhrəmanın bu dəfə təhlükədən necə qurtulacağını gözləyir. Nəhayət... Bəs görəsən kimdir bu təhlükəli səhnələrin əsl qəhrəmanı? Aktyor?

 

Bu sualların cavabını özü verəcək; Azərbaycanın əməkdar mədəniyyət işçisi, Kaskadyorlar Assosiasiyasının sədri, 30-dan çox rolun müəllifi kaskadyor Əli Məmmədov.

 

 

“İkinci plan” layihəsi bu dəfə kinoda ikinci planda qalmış kaskadyorları birinci plana çıxaracaq. Birinci planda adları sadəcə titrlərdə qeyd olunub üzünü belə görmədiyimiz kaskadyorlardır.

 

 

 

Kinoya gəlişi təsadüfi olub

 

- Naxçıvanda doğulmuşam. Uşaqlıqdan çox dəcəl, hərəkətli uşaq olmuşam. Düşünmədən təhlükəli hərəkətlər edərdim. Boks üzrə Azərbaycan, qaçış üzrə Rusiya çempionu olmuşam. Rəsm çəkməyi də sevirdim. Əzim Əzimzadə adına rəssamlıq texnikumunun məzunuyam. Kinoya təsadüfən gəlmişəm. Texnikumda oxuduğum vaxtlarıydı. Dostumla şəhərdə gəzirdik. Gördük kino çəkilişləri gedir. Dostum məcbur elədi, yaxınlaşdım onlara. Moskvada təhsil alan ərəb rejissoruydu, Bakıda diplom işi üçün kino çəkirdi. Orda mənə balaca rol verdilər. Haradasa 19-20 yaşım olardı. Əslində rolum çox sadəydi, lakin mən onu elə ürəkdən oynadım ki...(Gülür) Ondan sonra başladılar mənə başqa-başqa rollar verməyə. Əbdül Mahmudovun “Gecə qatarında qətl”, Cahangir Mehdiyevin “Girişmə, öldürər”, Elxan Qasımovun “Ürək yaddaşı”, Ceyhun Mirzəyevin “Fəryad” filmlərində rol almışam. Ümumilikdə, otuzdan çox filmə çəkilmişəm. Azərbaycan kaskadyorluq məktəbini mən inkişaf etdirirəm. 25 illik fəaliyyətimdə bir neçə dəfə mükafatlandırılmışam. Bunlardan ən yada qalanı polislər haqqında filmə görə Daxili İşlər Nazirliyi tərəfindən pul mükafatı, Azərbaycan prezidenti tərəfindən isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adıdır.

 

 

 

“Gərək o təhlükəni hiss edəsən”

 

- Kaskadyorun təhlükəsiz rolu yoxdu. Təhlükə az, ya çox ola bilər. Məsələn, mən maşın da aşırtmışam, yanmışam da, hündür binadan da yıxılmışam, atdan da... Normalda hər bir insanda qorxu hissi var. Sadəcə o qorxunu daxili gücünlə yox etməlisən. Qorxu varsa, sən o “tryuk”u yerinə yetirə bilməyəcəksən. Bunu sözlə başa sala bilmərəm. Gərək siz özünüz o təhlükəni hiss edəsiniz. Və həmin təhlükədən sağ-salamat çıxasız ki, mənim nə demək istədiyimi anlaya biləsiniz. Kaskadyorların zədələnmək ehtimalı daim var. Mən də çox dedim ki, zədə almamışam, axırda zədələndim. “Dolu”nun son çəkilişlərində sadəcə tələsdiyimdən ayağımı sındırdım. Düzdü, yüngül zədələrim çox olub; əzələm əzilib, bir balaca oynaqlarımda problemim olub. Amma beləsi olmamışdı. Həkimlərin dediyinə görə, dabanım iki yerə bölünməklə yanaşı bir-birinə sıxılmışdı. Lakin mən elə də güclü ağrı hiss etmirdim. Elə bilirdim sadəcə ayağımın altında olan sinir ağrılarıdı. Amma bir il müalicə aldım.

 

 

“Heç vaxt aktyoru qısqanmamışam”

 

 

- İndi görürsüz, saçlarım nisbətən uzundu. Amma bəzən elə olur ki, rolunu əvəz etdiyim aktyora bənzəmək üçün saçlarımı qırxdırmalı oluram. Və bunu məmnuniyyətlə edirəm. Çünki kaskadyor filmdə həm də aktyorluğu bacarmalıdı. Rolunu elə oynamalıdır ki, o rolu aktyor yox, kaskadyorun oynadığını tamaşaçı bilməsin. Mən daim çalışıram ki, gördüyüm iş keyfiyyətli olsun. Bəzən olub ki, filmdə təhlükəli rolları mən oynamışam, amma tamaşaçı aktyoru alqışlayıb. Heç vaxt aktyoru qısqanmamışam. Mənim işimi tamaşaçı bilməsə də, peşəkarlar baxanda bilirlər ki, bunu “tryuk”u heç vaxt aktyor edə bilməz. Bunu mütləq kaskadyor edib.

Kaskadyor filmdə aktyorun təhlükəsizliyini təmin edir. Film tamamlandıqdan sonra onun çəkdiyi əziyyətlərinin hamısı yazılır aktyorun uğurları siyahısına. Düzdü, hər kəsin öz işi var. Amma hər kəsin işini də qiymətləndirmək lazımdı. Filmə dəvət alanda  müqavilədə qeyd olunur ki, kaskadyorların adları mütləq titrlərdə qeyd olunacaq və yaxud hər hansı bir tədbirdə kaskadyorların adları çəkiləcək. Mən varamsa, tələbim üzrə kaskadyorların adları çəkilir. Yox, mən olmadımsa, kaskadyorlar unudulur. Bu ədalətsizlikdi. Kaskadyor təhlükəli səhnəni oynayır, amma tamaşaçılar aktyora qəhrəman kimi baxırlar. “Kurtlar vadisi”də kaskadyor işi görmürəm. Amma “Agent-007”? Hə, bu, başqa məsələ. Oradakı aktyorun gördüyü təhlükəli “tryuk”lar, effektli səhnələr var. Amma “Kurtlar vadisi”ndə təhlükə yoxdu. Bir az “Kurtlar vadisi-İrak” bölümündə məhz kaskadyorlar işi görünür. Aktyor işinə gəlincə Ələmdara orada elə bir səhnə verməyiblər ki, məsələn “Agent-007” kimi hərəkətlər etsin. Ona görə də, “Agent-007” ölümsüzdü. Filmdəki kaskadyorların işi əl çatmazdı. Ona görə də, Hollivud dünyada bir nömrədi. Hamı ona çatmaq istəyir, amma çata bilmir.

 

 

 

 

“Bizim məktəbin heç binası da yoxdu”

 

 

- Azərbaycanda kaskadyorluq məktəbi demək olar ki, yaranmayıb. Nəyə görə? Məktəbin binası, ərazisi, maddi bazası olur. Bizim məktəbin heç binası da yoxdu. Mən şagirdlərimi ancaq çəkilişdən-çəkilişə öyrədə bilirəm. Kaskadyorların sayını artırmaq, təlim-tərbiyə keçmək üçün mənim nə bazam var, nə yerim. Film çəkilişləri başladı mən idman zalı kirayələyirəm. Film qurtardı, məşqlər də bitir. Mənim elə maddi imkanım yoxdur ki, idman zallarına ödəyəm. Bu da kaskadyorluğun inkişafına yol vermir. Yeddi-səkkiz nəfər  ki, daim yanımdadı, onlarla işləyirəm.  Ən yaxşı tələbəm kimi Əhməd Cəfərovun adını çəkə bilərəm. O, mən dediyim səviyyə gəlib çatıb. Azərbaycanda yaxşı kaskadyorlar barmaqla sayılacaq qədərdi. Bundan başqa mən dünya çempionlarını, yəni bütün idman növlərinin idmançılarını, keçmiş hərbçiləri, alimləri də bu işə cəlb edirəm. Deyəcəksiniz ki, alim kaskadyorluq edər? Yox, alimlər kaskadyorluq etmir. Bizim işin özü elə bir elmdi. Burada tək yıxılmaqla iş bitmir. Deyək ki, bir maşını aşıranda onun çəkisi, sürəti, tramplinin hündürlüyü, uzunluğu, bunlar hamısı hesablanır, ölçülür, biçilir. Və dəqiq məlumat verilir ki, maşın aşanda hansı nöqtədə dayanacaq. Milli metrinə kimi dəqiq demək mümkün olmasa da, təqribi bir rəqəm deyilir ki, ondan bir az aralı kameralar quraşdırılır.

 

 

 

“Kaskadyorlar gec qocalır”

 

 

- Kaskadyor olmaq üçün nə etmək lazımdı? Birincisi kaskadyor riski sevməlidi. Bu elə sənətdir ki, o insanla birgə doğulmalı, qanında olmalıdı. Bəzən mənə deyirlər ki, sənin yaşın artıb, sən daha əvvəlki “tryuk”lar edə bilməzsən. Elə deyil. Kaskadyor ömrünün axırına kimi işləyə bilir. Diqqət etmisənsə, bütün kaskadyorlar yaşından gənc görünür. Kaskadyorlar çox hərəkətli, təhlükəli işlər görürlər. Buna görə də onların qanı daim təzələnir, qanda artan adrenalin onları qocalmağa qoymur. Digər tərəfdən də kaskadyorun neçə illər ərzində qazandığı təcrübəyə görə, o gənc kaskadyorlara yol göstərir, filmdə nəyi necə etmək lazım olduğunu deyir, öyrədir. 

İndiyə qədər gördüyüm işlərin heç birindən razı qala bilmirəm. Adətən belə olur, mən işi yüksək səviyyədə yerinə yetirirəm çəkiliş düzgün aparılmır. Xaricilərlə işləmək tamam fərqlidi. Filmdə “tryuk”u yerinə yetirirəm. Sonra filmə baxanda görürəm ki, hə, onlar mənim işimə daha da gözəllik qatıblar. Operator mənim etdiyim “tyruk”lardan elə gözəl kadrlar götürüb ki, ona can, hərəkət qatıb. Bizim kaskadyorlarla Hollivud kaskadyorları arasındakı fərq sadəcə maddi bazadadı. Onların bazaları çox zəngindi. Onlar istədiklərini sifariş edib ala bilirlər. Bir də əsas məsələ onlar alimlərlə işləyirlər. Bir şey kəşf etmək üçün alimlərə istəklərini deyir və yüksək məbləğdə pul ödəyirlər. Alimlər də işləyib hazır edirlər. Bizim də bilikli alimlərimiz var. Amma mən bugünkü gündə heç bir alimdən istifadə edə bilmirəm. Çünki mənim pulum yoxdu. Nə edirəmsə, öz qazancımla öz gücümə edirəm. Kaskadyorlara lazım olanlar çox bahadı.

 Azərbaycanda çəkilişdə olan Hollivud, İran, Fransa kinomatoqrafçılarıyla da işləmişəm. Hollivud kinomatoqrafçıları Azərbaycanda çəkilişlərdə olanda onlara kaskadyora ehtiyac olub onlara məni məsləhət görüblər. Filmin adı “Sınmış körpülər” idi. Boyum, bədən quruluşum həmin aktyorla uyğun gəldi və mən bir az qrimlə aktyoru əvəz etdim. Kaskadyorun peşəkarlığı ondadır ki, o “tryuk”u edəndə üzü görünməsin. Üzü görünsə, aktyor olmadığı bilinəcək. Mənim boyum nə ucadı, nə alçaq. Nə kökəm, nə arıq. Ona görə də, bir az qrimlə hər hansı bir aktyoru əvəz edə bilirəm.

 

 

 

 

“Məni qarğaya bənzədiblər”

 

- Rəhmətlik Temir Bəşirzadə ilə film çəkilişləri üçün Lənkəran tərəfə getmişdik. O vaxtlar indiki texnikalar yoxuydu. Ağacın başında qurğu qurmalıydım. Kran gətirdirdilər. Özümü krana bağlayıb yuxarı qalxdım. Başladım orda özümün təhlükəsizliyimi azaltmaq üçün qurğular hazırlamağa. Bu zaman gördüm mənə nə isə dəyir. Ora-bura baxdım, başa düşmədim. Sonra gördüm ki, kəndin balaca uşaqlarıdı “raqatka” ilə məni vururlar. Ağacın başında məni qarğaya bənzədiblər (gülür). Aşağıda da hamı öz işiylə məşğuldu, mənə fikir verən yoxdu. O vaxt mobil telefon falan yoxuydu ki, zəng edim. Kranın da havası boşalır, qarmağı gah əlimin üstünə düşür, gah da uşaqlar aşağıdan daşlayırlar. Krandan asılı vəziyyətdə güclə dayanmışam. Məndə də səs o qədər də güclü deyil ki, kömək istəyim. Qışqıranda öz səsimi ancaq özüm eşidirəm. Axırda özləri görüb uşaqları qovdular. Mən də işimi görə bildim.

 

 

 

Ceyhun Mirzəyevi döyən “erməni”

 

- “Fəryad” filmində bir səhnə var ermənilər Azərbaycan əsgərini, yəni rəhmətlik Ceyhun Mirzəyevi təpiklə döyürlər. Oradakı ermənilərdən biri mənəm. Filmdə bir səhnə var uzaqdan atlılar gəlir. Orada mən qrupla işlədim. Lakin sonra mən Qarabağ müharibəsinə getdiyim üçün qrupum dağıldı. Qarabağ müharibəsində könüllü getmişəm. Orda etibar qazanandan sonra məni qrupla kəşfiyyata göndərdilər. Kəşfiyyat qrupuna rəhbərlik etdim. Bizim işimiz mina basdırıb düşmənin texnikasını partlatmaq idi. Biz tapşıqrığı yerinə yetirib qayıdanda qaranlıq düşdü. Düşmənin diqqətini cəlb etməsin deyə “ratsiya”nın işığını yarım saatlıq söndürdüm. Bizimlə əlaqə kəsiləndə bizimkilər bizim ya öldüyümüzü, ya da düşmənin əlinə keçdiyimizi düşünüblər. Get-gedə hava qaralırdı. Yanındakı adamı belə görmək olmurdu. Gecəni meşədə qaldıq. Meşənin içiylə çay keçirdi. Mən bilirdim ki, çayın axırı gəlib bizim düşərgəyə çıxır. Hava çox soyuq olduğundan su buz bağlamışdı. Səhərə yaxın qrupu çayın içiylə gətirib düşərgəmizə gətirdim. O zaman mən başımı qaldırıb başımızın üstündəki qayalara baxdım. Özümü filmdə hiss edirdim. Bəzi səhnələri öz beynimdə canlandırırdım, düşünürdüm ki, bu səhnəni nə vaxtsa filmdə quraram. Elə də oldu sonralar Elxan Cəfərovla “Qarabağda Azərbaycan” adlı iyirmi dəqiqəlik sənədli film işlədik. Orda mən həmin bu səhnəni qurdum. “Dolu” filmində də bu səhnə daha yaxşı alınıb...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar