“Azərbaycan kinosunun maliyyə problemi ciddi deyil. Kim bundan şikayətlənirsə, bu onun problemidir”. Lent.az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib. O qeyd edib ki, indi əsas problem istehsal və mütəxəssis problemidir: “Bu gün əgər bizdə yaxşı ssenari olsa, xaricilər onu göydə alarlar. Bizim çox güclü ssenari problemlərimiz var”.
Direktorun sözlərinə görə, Azərbaycanda rejissor olmaq istəyən çox böyük nəsil var. “Onlara hazırda seriallar verilib və öz bacarıqlarını nümayiş etdirirlər. Bu, həm də onların zamanla ələnməsinə, qabiliyyətlərinin üzə çıxmasına səbəb olur. Adam var, əsl rejissordur, amma danışa bilmir. Adam da var, iki saat bülbül kimi ötür, qabında heç nə yoxdur. Bax, o qabında olmayanları seriallar təmizlədi. Bizim kinomuzu bu adamların əlindən aldı, onları tanımağa şərait yaratdı. Özünü bu sahədə avtoritet hesab edənlər utandı. Böyük bir monopoliya dağıldı, o avtoritetlərin hamısı yox çıxdılar”-deyə, M. Hətəmov əlavə edib.
kinostudiyasının direktoru vurğulayıb ki, növbəti dəfə Azərbaycanda hazırda serial çəkənlərin əksəriyyətinə film verilməyəcək: “Seriallar təkcə rejissorların deyil, aktyorların, montajçıların, qrimçilərin, işıqçıların və başqalarının da saf-çürük edilməsinə köməklik etdi”.