Bu yaxınlarda 95-ci teatr mövsümünü açan Səməd Vurğun adına Rus Dram Teatrı yeni mövsümdə dalbadal bir neçə qastroldan qayıdıb. Bu səfərlər arasında ən maraqlısı teatrın Litvadakı Rus Dram Teatrında Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin dünya premyerasında iştirak etməkləri oldu. Səfər sonrası teatrın direktoru Ədalət Hacıyev müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.
- Bu qədər səfərdən sonra təəssürat hissindən yüklənməmisiniz ki?
- Xeyr, belə hisslər yoxdur. Əksinə, hiss edirəm ki, ümumi teatr prosesində hansısa yeni dövrü başlayıb. Və bu dövr özündə həm çoxlu yeni məlumatlar daşıyır, həm də həyatımıza yeniliklər gətirir.
- Bu tədbirlərin səmərəliliyi barədə daha konkret danışa bilərsiniz. Məsələn, teatr xadimlərinin Tbilisidə Qriboyedov adına Rus Dram Teatrının 170 illiyinə həsr olunmuş Beynəlxalq Konqresi sizin həyatınıza xüsusi nə gətirə bilərdi?
- Mən ilk baxışdan xırda görünən, lakin forumun hər bir iştirakçısı ilə çox mühüm görüşlərim və söhbətlərimin müxtəlif məqamları barədə çox uzun danışa bilərəm. Amma bu, mümkün deyil və mən sadəcə forum haqda təəssüratlarımı söyləyəcəyəm. Ondan başlayım ki, ora yalnız keçmiş Sovet İttifaqının rus teatrlarının nümayəndələri gəlməmişdilər. Türkmənistan, Ukrayna, Tacikistan, Qazaxıstan, Litva, Estoniya, Ermənistan, Rusiya, Moldova, Belorus kimi dövlətlərlə yanaşı forumda Avstriya, Danimarka, ABŞ, İsrail, Bolqarıstan, Finlandiya və s. ölkələr iştirak edirdilər. Açığı, bu, məni təəccübləndirdi. Onların əksəri ilə şəxsən ünsiyyətdə olmuşam, həmçinin çıxış edənlərin məruzələri əsasında gəldiyim qənaəti sizlərlə bölüşürəm. Etiraf edim ki, bu nəticə məni sevindirdi. Mübaliğəsiz deyirəm ki, Azərbaycanda dövlətimizin Rus teatrına münasibəti çox yaxşıdır. Ölkəmizdə teatrın inkişafını istiqamətləndirən 10 illik dövlət proqramı var ki, biz də bu proqramdan istifadə edirik. Bizim teatrda ildə 300 tamaşa göstərilir. Bu onu göstərir ki, tamaşaçı bizim teatra gəlir. Halbuki, digər ölkələrin rusdilli teatrları bu cür nailiyyətlərlə öyünə bilməz. Onlardan bəzilərinin bir ildə oynadığı tamaşanı biz bir ayda oynayırıq. Bizim ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdləri verilir ki, bu, başqa ölkələrdə yoxdur. Ölkəmizdə - rejissor tamaşanın müəllifi sayılır və onun hüquqları qanunla qorunur. Və deyə bilərəm ki, bu malik olduqlarımızın tam siyahısı deyil.
- Deməli, siz orada bir çox görkəmli xadimlərlə qeyri-formal şəraitdə ünsiyyətdə olmusunuz?
- Bəli, bir çoxları ilə. Məsələn, Oleq Basilaşvili, Yonas Vaytkus, Anton Proxorov və başqaları...
- Basilaşvili və Vaytkus bizim oxuculara tanışdır. Bəs, Proxorov?
- O, Rusiya Federasiyasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Xaricdəki Rus Teatrlarına Dəstək Federal Mərkəzinin baş direktorudur. Məhz bu mərkəz bizi noyabrın 8-dən 14-dək Sankt-Peterburqa qastrol səfərinə dəvət etmişdi.
- Qastrol səfəri barədə daha ətraflı məlumat verərdiniz.
- Sankt-Peterburqa A. Şarovskinin "Fedra" və "Maskarad" tamaşasını aparmışdıq.
- Səfərin yekunları necədir?
- Vasilevski adasındakı teatrda oynadığımız tamaşaların ikisi də anşlaqla keçdi. Deyəsən, piterlilər hətta bakılıların belə görmədiyi parlaq aktyor oyununa tamaşa etdilər. Öz səhnəsində bizi mehribanlıqla qəbul edən teatra, tamaşaçılara, əlbəttə ki, bu səfərin təşkilinə görə sözügedən mərkəzə minnətdarıq. Bundan başqa, bu səfərdə bizi dəstəkləyən, milli teatr mədəniyyətinin bir hissəsi kimi bizə diqqət göstərən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamova minnətdarıq. İnanın ki, belə səfərlər çox vacibdir. Dövlət nümayəndələrinin belə tədbirlərdə iştirakı həm də onun şəxsi vətəndaş mövqeyini göstərir. Bundan başqa, bizim tələbə aktyorlar Ermitajda, Teatr muzeyində, Rus Təsviri İncəsənət muzeyində, digər rus teatrların tamaşalarında oldular. Bu da çox vacib məqamdır. Çünki aktyorlar öz biliklərini artırmalıdırlar, yaradıcılıqlarını əsl sənət təəssüratları ilə zənginləşdirməlidirlər. Xüsusilə nəzərə alsaq ki, şəhər özü də sənət əsəridir.
- Basilaşvili ilə qarşıdakı səfər barədə danışdıniz?
- Çox məsələlər haqqında danışmışıq və bir çox məqamları xatırlamışıq, çünki hər ikimiz - sovet dövründən tanışıq. O, Bakıda görüşümüzü səbirsizliklə gözləyir, çünki dekabrda Peterburq Akademik Dram Teatrı Bakıya gələcək. Dekabrın 20-21-də bizim teatr öz partnyoru Alisa Freydlix ilə birlikdə bakılılar üçün "Deduşkin son" tamaşasını oynayacaq. Ümid edirəm ki, biz bu tamaşanın nümayişini təşkil etməklə tamaşaçılara xoş ovqat bəxş etmiş olacağıq. O cümlədən, Rusiyanın məşhur teatrlarının Bakıya dəvət edilməsi ilə bağlı bizə yazılı müraciət edən Ələsgərova demək istəyirəm ki, biletlər artıq kassada satılır.
- Böyük nümayəndə heyəti gələcək?
- Bəli, çox böyük. Amma belə hallarda biz həmişə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyinə ümid edirik. Bu dəfə də biz bu layihənin dəstəklənməsinə görə nazir Əbülfəs Qarayevə minnətdarlığımızı bildiririk.
- Bəs Vilnüsdə, Litva Rus teatrında maraqlı nə oldu?
- 2012-cü ildə bizim teatrda Nizaminin "Yeddi gözəl" poeması əsasında tamaşa qoyan Yonas Litva Rus Dram Teatrında bu tamaşaya yeni quruluş verib. Bu, dünya dram teatrlarının tarixində görünməmiş hadisədir. Nəzərinizə çatdırım ki, Nizaminin əsərlərinin heç vaxt dram teatrlarında səhnələşdirilməyib. Çünki o, pyes yazmayıb. Bu "Yeddi gözəl" tamaşası bizim quruluşa bənzəmirdi. O, əsəri özü yenidən səhnələşdirib və yeni quruluş verib. Nizaminin Avropa Birliyi ölkələrinin birinin dram teatrının səhnəsində oynanılması məni çox məmnun etdi. Onu da deyim ki, tamaşa Litvada uğur qazanmaqdadır. Çünki tamaşaçıların Nizaminin yaradıcılığına, sənətinə böyük marağı var. Və bunu litvalı rejissor edib. Ola bilər ki, bizim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yonasın yaradıcı marağı, onların və bizim aktyorların sayəsində Nizami dram teatrlarının yaradıcılığında haqlı yerini tutacaq.
- Bəs onda kimin tamaşası daha yaxşıdır?
- Hamı bu haqda danışır, düşünür, fikir mübadiləsi aparılır. Amma ümumiyyətlə, belə danışmaq olmaz. Əgər Yonas Vaytkus bu tamaşanı bizim quruluşda qoysaydı, biz bu barədə fikir söyləyə bilərdik. Lakin o, səhnə estetikası, quruluş qrupu və aktyorlarla iş baxımından tamamilə fərqli tamaşa qoyub. Bunlar tamamilə iki müxtəlif səhnə əsərləridir.
- Bəs onda hansı teatrın aktyorları daha yaxşı oynayır?
- Bizimkilər və litvalılar yaxşı işləyirlər. Sadəcə, bu Nizaminin fikir və hisslərinin müxtəlif üslubda təcəssümüdür. Ancaq açıq deyim ki, mənim üçün mənim aktyorlarımdan yaxşısı yoxdur və ola da bilməz!
- Müsahibələrinizin birində demişdiniz ki, Nizami davamı olan beynəlxalq layihədir. Nəyin davamı olacaq? Artıq hər iki teatrda əsər tamaşaya qoyulub.
- Əvvəla, söhbət nazirliyin təklif etdiyi mübadilə səfərlərindən gedirdi. İkincisi, səhnə qrupu da beynəlxalqdır. Bizim ölkəmizdən bu qrupda Tahir Eynullayev yer alıb. O, Litvaya tamaşada plastik səhnə quruluşunu həyata keçirmək üçün yollanıb. Demək lazımdır ki, o, çox professional səviyyədə öz işini görüb.
- Deməli, qarşıda mübadilə qastrolları var, eləmi?
- Bəli, biz bunu arzulayırıq. Ona görə ki, Nizaminin yaradıcılığı bizə mədəni irsini dəyərləndirən hər bir vətəndaş kimi əzizdir. Elə ona görə də çox istərdim ki, bizim tamaşanı litvalı tamaşaçılar və litvalı aktyorların tamaşasını isə bizimkilər görsünlər. Mən Yonasa təşəkkür edirəm, o, bizim teatrdakı kimi deyil, fərqli quruluşda tamaşa qoyub. Yeri gəlmişkən, teatrşünas Aydın Talıbzadənin Vaytuksla tanışlığından sonra yeddi qəhrəman gözəllərin traktirovkasına dair daha bir maraqlı versiyası var. Və əgər litvalı rejissorun quruluş üçün üçüncü ideyası yaranarsa, mən buna heç təəccüblənmirəm. Əgər belə ideya yaranarsa, onda Yonas hansısa ölkədə mütləq onu həyata keçirəcək.
- Sizinlə razıyam, mövsüm heç də darıxdırıcı başlamayıb. Özü də bütün hadisələr Tbilisi Konqresindən başlayıb.
- Yox, ondan daha tez başlayıb. Bu, kreativ və müasir rəhbər, Qriboyedov adına teatrın direktoru Nikolay Sventiskim, sonra isə artıq onun bütün kollektivi ilə yaradıcılıq əlaqələrinin bərpasından başlayıb. Bizim möhkəm yaradıcılıq birliyimiz və birgə gələcək planlarımız var. Bu mərhələdə biz Batumidən olan gürcü rejissoru Andro Enukidze ilə birgə həyata keçirə biləcəyimiz layihəni nəzərdən keçiririk.