Gənclər və İdman Nazirliyi, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 6000 gənci bir araya toplayaraq "Bayraq Günü"nü qeyd edib.
Lent.az-ın məlumatına görə, "9 noyabr - Dövlət Bayrağı günü" münasibəti ilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Bayraq Meydanında 6000 nəfər gənc toplanaraq, xüsusi sifarişlə hazırlanmış papaqlı bayraq-geyimində Azərbaycan, daha sonra isə Azərbaycan Bayrağı və ingilis dilində Flaq Day formasını yaradaraq dövlət himnini səsləndiriblər.
Tədbir Azərbaycan prezidenti İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.9-cu (Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi) və 6.2.12-ci (Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması) yarımbəndlərinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.
Çəkiliş "Euronews" kanalında da işıqlandırılıb.