Lent.az Xalq yazıçısı Elçinin APA-ya müsahibəsini təqdim edir:
- Pandemiya günləriniz necə keçir?
- Pandemiya çox uzandı... Teatrlardan, konsertlərdən, ədəbi məclislərdən, gediş-gəlişdən uzaq düşmüşük. Bir ay deyil, beş ay deyil, bir ildən çoxdur. Vaxt keçdikcə adam darıxır. Ancaq nə etmək olar? Müdhiş bir hadisəylə üzləşmişik. Düzdü, vaxt bolluğu yaranıb, yazı-pozuyçun vaxt qıtlığı yoxdu.
- Deməli, bu günlər yaradıcılıq baxımından məhsuldar keçir.
- Hə.
- Maraqlıdı, nə yazmısınız, nə üzərində işləyirsiniz?
- İl yarım mənim üçün az müddət deyil. Yeni pyeslər yazmışam. Çoxdan idi bilavasitə Abşeron mövzusunda hekayələr yazmırdım. Bu mövzuda hekayələr yazmışam, başqa hekayələr də var. Qaldoninin “Kələkbaz dul qadın” komediyasını tərcümə etmişəm və sair başqa yazılar. Bunu artıq demişəm ki, mənim arxivim çox səliqəsiz vəziyyətdədir. Fikirləşdim ki, imkan düşmüşkən arxivi səliqə-sahmana salım. Elə sənədlər, qeydlər, elə məktublar, avtoqraflar çıxdı ki, elə bil məni keçmiş dünyaya apardı, Süleyman Rüstəm, Əli Vəliyev, Mir Cəlal, Mirvarid Dilbazi, Abbas Zamanov, Qabil, Tofiq Kazımov, Cabir Novruz haqqında esselər yazmışam. Oxucular bəziləriylə artıq tanışdır. Özüm üçün də bu gözlənilməz silsilə davam edir. Arxivi səliqəyə salmaq isə qalıb bir tərəfdə. Kitabxanam da eləcə səliqəsizdi, o da necəydisə, elə də qalıb. (Gülür.)
Mənim “Azərbaycan xalq mahnılarında erotika” adlı çoxdan hazır olan bir yazım var. Yadımdan çıxmışdı. İstəyirəm, onu da çapa hazırlayım. Güman edirəm ki, əhəmiyyətli mövzudur. Bugünkü mətnlərdə, hər halda oxuduqlarımı deyirəm, erotika bəzən vulqar təsvir edilir. Erotika ədəbiyyatın predmeti ola bilərmi? Şübhəsiz. Ola bilər və olmalıdır. SSRİ zamanının absurdlarından biri yadıma düşür: “Bizdə seks yoxdur!..” Ancaq erotika gərək erotika xətrinə yazılmasın. Bu çox həssas mövzudur, daha artıq dərəcədə istedad və bədii zövq tələb edir. Azərbaycan xalq mahnılarında erotika gizlindədir, zərifdir, incədir, eyni zamanda güclüdür, ehtiraslıdır.
Rus dram teatrında Stalin haqqında bir pyesim hazırlanıb. Premyerası pandemiyaya görə təxirə salındı. Çox adama təəccüblü gələ bilər ki, Stalin hara, Elçinin yaradıcılığı hara? Mən son dövrlərdə Sovet tarixi və Sovet liderləri haqqında xeyli ədəbiyyat oxumuşam. Həqiqətənmi uzun illər yaşadığım bir ölkə ancaq və ancaq nifrətə layiqdir? Yaxşısı nə idi, pisi nə? Ümumiyyətlə, bu ölkə necə ölkə idi? Kommunizm nə üçün şərəfsizcəsinə iflasa uğradı? Mən hansı ölkədə yaşamışam? Suallar çoxdur və mənim üçün də çox maraqlıdır.
- Yazdıqlarınızı bildik. Bəs, yazılanlardan nə oxuyursunuz? Məsələn, bugünkü gənc yazarlardan kimi oxuyursunuz?
- Düzü, son dövrlərdə bədii ədəbiyyatdan daha çox sənədli ədəbiyyat oxuyuram. Ancaq mətbuatı, ədəbi prosesi izləyirəm və bu, ilk gənclik çağlarımdan bu tərəfə mənim həyat tərzimdir. Bilmirəm, yaxşıdır, ya pisdir? Son dövrlərdə oxuduğum şairlər içərisində Hədiyyə Şəfaqətin şeirləri xoşuma gəlir. Onu oxuyanda hiss olunur ki, qələmi təbii və səviyyəli qələmdir, hissiyyatlıdır. Hekayələri, esseləri də maraqlıdır. Ay Bəniz Əliyarın şeirləri, A. Əlizadənin, Məhsəti Musanın feminist təmayüllü və cəsarətli şeirləri və s. Mirmehdi Ağaoğlunun hekayələri istedadlı qələmin ifadəsidir. Sevda Sultanovanın və Aliyənin məqalələrində razılaşmadığım məqamlar az olmur, ancaq yaxşı cəhət odur ki, onların teatra, kinoya, ümumiyyətlə, sənətə yanaşmalarında səviyyə, toxunduqları mövzularla bağlı səriştə var. Azərbaycan teatrşünaslığının tarixi qısa olsa da, güclü ənənələri mövcuddur. İndi də müasir səslənən o ənənələr rəhmətlik Cəfər Cəfərovdan gəlir. Onun “Sən həmişə mənimləsən” tamaşası haqqında yazdığı “Təklik faciədir” məqaləsi teatr tənqidimizin klassikasıdır. Bu gün isə teatr, kino problemlərini qaldıran, öz qələmi ilə bəsitliyə və bədii avamlığa qarşı tutarlı söz deyənlərin sayı çox azdır.
- Ədəbiyyatımızın da durumu güllük-gülüstanlıq deyil...
- Səviyyəli əsərlər hər gün yaranmır. Bunun üçün zaman lazımdır. Ədəbiyyatımızın bu gününə qalanda... Mən uşaqlıqdan ədəbiyyatın içində olmuşam. Bir də oxuyuram, elə adamların yetmiş, səksən illiyi bəlağətli cümlələrlə qeyd edilir ki, mən indiyə qədər bu adda yazıçı eşitməmişəm. Hardan peyda oldu bunlar? Bu gün yazılan əsərlərə gəldikdə, mənə görə, zəif, sönük, bəzən də tamam mətləbsiz yazıların orta statistik sayı səviyyəli ədəbiyyatın sayından çox yüksəkdir. Əsas problem budur. Bizdə oxucu problemi də ciddidir. 1980-ci illərin əvvəllərində “Mahmud və Məryəm” romanı yüz min tirajlarla çap olunmuşdu, oxunmuşdu . Ancaq elə o zaman da digər ölkələrlə müqayisədə, oxumaqda birincilər sırasında deyildik. İndi isə daha çox geriləmişik. Bunun da öz səbəbləri var. SSRİ dağılandan sonra sistemin dəyişməsi, bazar iqtisadiyyatı, ideologiyanın dəyişməsi və s. Bir tərəfdən də erməni təcavüzü, bizə qarşı yönəlmiş ikili siyasi standartlar. Bütün bunlar həm maddi, həm də mənəvi baxımdan çox ciddi kataklizmə gətirib çıxartdı. Ədəbiyyatda da, oxucular arasında da...
- Yəni otuz ildə Azərbaycan ədəbiyyatı bu kataklizmi keçə bilmədimi?
- Ədəbiyyatın, sənətin müqabilində 30 il elə uzun müddət deyil. Bir dəfə məndən soruşdular ki, niyə Qarabağ mövzusunda güclü əsərlər yazılmır? Düzdür, Qarabağ mövzusunda güclü əsərlər var, ancaq zəif əsərlər daha çoxdur. Mən də o suala belə cavab verdim ki, həmin güclü əsərləri vaqonlarda, yataqxanalarda böyüyən o qaçqın, köçkün uşaqları, həm də yalnız onlar yox, ümumiyyətlə, gələcək nəsillər yazacaq. Ədəbiyyatın genetik yaddaşı çox zəngin və möhkəmdir. O, meyvə kimi yetişməlidir. Bu o demək deyil ki, indi yazılmasın. İndi də yazılıb, yazılır və yazılacaq.
- Sizin də qeyd etdiyiniz kimi, zaman məfhumu ədəbiyyat üçün çox önəmlidir. Əgər Sovet dağılmasaydı, siz "Ölüm hökmü"nü çap etdirə bilərdinizmi?
- Yox, etdirə bilməzdim. 1983-cü ilin sonları, 84-ün əvvəli idi, mən bu romanı yazmağa başlayanda daxilimdəki senzura qayğılarını tamam bir tərəfə atıb işlədim. Yüz faiz əmin idim ki, çap olunmayacaq. Ya mənim bəxtimdən, ya əsərin bəxtindən elə oldu ki, Qorbaçov gəldi, ara qarışdı, məzhəb itdi, roman da çap olundu.
- Deməli, Sovet dağılmasaydı, bu əsər sizin sandıq ədəbiyyatınızda qalacaqdı.
- Bəli. Onu da deyim ki, mənim bu gün də sandıq ədəbiyyatım var. Elə əsərlər var ki, onları çap etməyin hələ vaxtı deyil, onların tamaşaçıları, oxucuları bir küll halında yetişməyib. Hara tələsirik? Demirlər ki, əlyazmaları yanmır? Rəhmətlik Araz Dadaşzadə deyirdi ki, oxucular iki qrupa ayrılır: istedadlı oxucular və istedadsız oxucular. Mən necə yazıçı olduğumu deyə bilmərəm, ancaq istedadlı oxucuyam.
- İllər öncə sevdiyiniz hekayələrin siyahısını paylaşmışdınız. Həmin siyahıda Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsi də var idi. Bu gün Əkrəm Əylisli ilə münasibətlərinizin yaxşı olmadığı deyilir. Əylislinin həmin hekayəsi ilə bağlı hələ də eyni fikirdəsinizmi? Münasibətlərdəki gərginlik o siyahıdan bu hekayəni silməyib ki?
- Elə deyil, Əkrəmlə münasibətimiz nə pisdir, nə də yaxşı. Sadəcə münasibətimiz yoxdur. Əkrəmi bilmirəm, ancaq mən buna təəssüf edirəm. Bəli, o hekayənin adını yenə çəkərəm, əlbəttə, çünki bu gün də o fikirdəyəm. Əgər Əkrəm bu gün zəif, ya da xoşagəlməz nəsə yazıbsa, bu o demək deyil ki, onun dünən yazdıqlarının da üstündən xətt çəkək. Əgər onun yazdığı zəif və xoşagəlməz yazıları tərəzinin bir gözünə, həmin hekayəni, ya da “Kür qırağının meşələri" povestini o biri gözünə qoysaq, bu hekayə də, povest də çox ağır gələr. Əkrəmin tək qalması, tənhalığı, sizdən gizlətmirəm, mənə pis təsir edir. Gərək belə olmayaydı. Ancaq bu təcridin səbəbkarı Əkrəmin özüdür. Ola bilsin ki, mən yanılıram, bəlkə o özünü camaatdan təcrid olunmuş, tək-tənha hiss etmir? Təki belə olsun.
- Sizcə, AYB-də olanlar, yoxsa AYB-ə qarşı olanlar?
- Ədəbiyyatda olanlar.
- Qarşıdan AYB-nin qurultayı gəlir. Sədr seçkilərinə namizədliyinizi verməyi düşünürsünüzmü?
- Elə olsa, gözəl bir komediya olar! Mən cavan olanda da, sonralar da, görürsən, indi də tez-tez bu fikri deyirlər, yazırlar, belə suallar verirlər. O vaxtlar da, indi də mənim o vəzifəyə, eləcə də başqa bir vəzifəyə heç bir mənəvi ehtiyacım olmayıb. Bu gün mən Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - “Vətən” Cəmiyyətində sədr olduğum vaxt gördüyümüz işlərə görə qürur duyuram. 25 il xeyli yüksək bir vəzifədə çalışmışam və bundan da qürur duyuram ki, Azərbaycan müstəqilliyinin əbədiləşdirilməsi işində öz səlahiyyətlərim daxilində əlimdən gələni etmişəm. Bu gün BDU-nun professoruyam. İndi bu qədər illərdən sora gedib AYB-nin sədrliyinə namizədliyimi versəm, gülünc olmaz? Qoyun oturub, yazı-pozumuzla məşğul olaq.
- Baş nazirin müavini Elçin Əfəndiyev yazıçı Elçinə mane olurdumu?
- Prinsipcə, yox. O vəzifədə olduğum dövrdə çox insan sevinci və ağrısı, xoşbəxtliyi və faciəsi, müxtəlif insan taleləri görmüşəm. Yazıçı kimdir? İnsan taleyini təsvir edən, onun hiss və həyəcanını ifadə edən qələm sahibi. Maneçilik yalnız vaxt baxımından ola bilərdi ki, bu gün elə bil, həmin illərin əvəzini çıxıram. İndi yazmaq üçün xeyli vaxtım olur.
- Yaradıcı adamlar vəzifədə olanda onların sanki yaradıcılığına da yaltaqlanırlar. Siz belə adamları tanıya bilirdinizmi?
- Yaltağı tanımaq üçün xüsusi istedada ehtiyac yoxdur. Mən vəzifədə olanda da, olmayanda da həmişə yaltağa nifrət etmişəm. Həm də yalnız özümlə bağlı yox, ümumiyyətlə. Əvvəllər də demişəm, mən vəzifəyə gəlməmişdən qabaq hansı Elçin idimsə, vəzifədə də, vəzifədən sonra da həmin Elçinəm. Bəli, kimlərsə mənə yaltaqlanıb, ancaq mən heç kimə yuxarıdan aşağı baxmamışam.
- İlyas Əfənidevin oğlu Elçin, yoxsa Elçinin atası İlyas Əfəndiyev? Sizcə, tarix hansını yadda saxlayacaq?
- Mən istəyərdim ki, hər ikisini yadda saxlasın, ancaq bu, mənim istəyimdən asılı bir şey deyil, tarixin işidir. Mən bu gün İlyas Əfəndiyevin oğlu olmağımla qürur duyuram. Bu, mənim üçün hər şeydən öncə alnıaçıqlıqdır. Mən çox təəssüflənirəm ki, İlyas Əfəndiyev Qarabağın azad olunduğunu görmədi, 44 günlük tarixi zəfərin şahidi olmadı. Çox təəssüf, çox... O bütün varlığıyla Azərbaycana, Azərbaycanın daxilində də Qarabağa bağlı idi. Xüsusilə də Şuşaya. O özü Füzulidən idi, Füzuliyə də olduqca bağlı idi. Bu bağlılığın ifadəsini “Geriyə baxma, qoca”, “Üçatılan” romanlarında görə bilərsiz. Qarabağın başqa bölgələrindən olan adamların hamısı üçün Şuşanın yeri bir başqadır. Bu gün isə hamımız şuşalı, hamımız qarabağlıyıq. İkili siyasi standartlar dünyasında Ali Baş Komandan, hörməti Prezident İlham Əliyev ortaya son dərəcə cəsarətli siyasi iradə qoydu. Böyük Qələbə əldə edildi. Onu da deyim ki, həmin ikili siyasi standartlar “Domokl qılıncı” kimi həmişə Azərbaycanın başı üzərindən asılıb. O həyəcanlı və unudulmaz 44 gündə kitabxanamda axtarıb general-mayor Denstervilin 1925-ci ildə Tiflisdə nəşr olunmuş xatirələrini tapıb, təzədən gözdən keçirdim. Bu xatirələr 100 il bundan əvvəl də Azərbaycana qarşı yürüdülən ikili standartların əyani göstəricisidir. Bakı əldən gedirdi. Tariximizdə belə faktlar çox olub.
- Bu gün qızlarınız kifayət qədər yaxşı vəzifələrdə çalışır. Deyirlər ki, Elçinin qızlarının bugünkü məqama gəlməsində Elçinin adının böyük rolu olub. Bu fikirlərə necə baxırsınız?
- Çox primitiv dedi-qodudur. Əsil “obivatel” təfəkkür tərzidir. Bəyəm demirdilər ki, Elçinin pyeslərini vəzifəsinə görə tamaşaya qoyurlar? Bunu da çox vaxt elə adamlar deyirdi ki, onların teatrdan xəbəri yoxdur. Mənim pyeslərim İngiltərədə, İtaliyada, Türkiyədə, nə bilim, Koreyada, Rusiyada, siyahını uzatmaq istəmirəm, başqa ölkələrdə tamaşaya qoyulur. “Qatil” pyesi Nyu-Yorkda, Brodveydə tamaşaya qoyulub, mən Amerikanın Prezidentinə zəng edib demişəm ki, bax ha, mən Azərbaycanda Baş nazirin müaviniyəm, mənim əsərimi tamaşaya qoy? "Mahmud və Məryəm" yüz min tirajla, yaxud Moskvada hekayə və povestlərim iki yüz əlli min tirajla nəşr olunanda, satılanda bəyəm mən vəzifədə idim? Boş və gülünc söhbətlərdir. Mən bu cür cahil dedi-qodusuna, bəzən də qərəzli qrafoman yanıb-tökülmələrinə heç vaxt cavab vermirəm. Buna iynənin ucu qədər də mənəvi ehtiyacım olmayıb. Bir dəfə demişəm, yenə təkrar edirəm: əgər mənim yazdıqlarım da, fəaliyyətim də bu cür dedi-qodulara, bu cür nadan püskürmələrinə davam gətirməyəcəksə, onda yaxşı edib deyirlər, yazırlar.
- Son hekayələrinizdən olan "Ağadadaşın kişi sözü" hekayəsindən sonra belə bir fikir səslənir ki, Elçin bu günün adamlarını tanımır. Bu fikrə münasibətiniz necədir?
- Əvvəla, indicə dediklərim tənqidə yox, dedi-qoduya, “obıvatel” təfəkkürünə aiddir. Ağadadaş isə bəyəm Marsda yaşayır? Ağadadaş da bu dünyanın adamıdır də. Sadəcə, sosial şəbəkələr dünyasından uzaq adamdır. Sosial şəbəkədən uzaq olan adam adam deyil? Ağadadaş sadə bir kişidir, onun haqqında da yazmaq lazımdır, ya yox? Bu da lap Sovet dövrünün söhbətlərinə oxşayır. Necə ki, o vaxt deyirdilər, xırda, kiçik, cılız adamlardan yazmayın. Belə şeylərə fikir verməyin. Ədəbiyyat üçün xırda, kiçik, cılız adam yoxdur.
- "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", “Baş” kimi romanlar yazmış Elçin özü barədə nə deyər?
- Bəlkə təvazökar səslənməyəcək, ancaq mən özümü xoşbəxt yazıçı hesab edirəm. Bu mənada ki, əsərlərimin böyük bir hissəsini Sovet dövründə yazmışam. Ancaq o romanların, povestlərin, hekayələrin, pyeslərin, hətta məqalə və monoqrafiyaların da bir nöqtəsinə, vergülünə dəymədən bu gün müstəqil Azərbaycan oxucusuna təqdim edirəm. O oxucuya ki, onun təfəkkürü, onun dünya görüşü ilə Sovet dövrünün ideologiyası bir-biri ilə daban-dabana ziddir. Sovet dövründə o qədər yazıçılar var idi ki, yazdıqlarını da Sovet İttifaqı özü ilə apardı. Mən xoşbəxtəm ona görə ki, belə bir tragediyadan uzağam.
- Niyə Elçin?
- Elçin yazıçıdır, Elçin Əfəndiyev isə vəzifə adamı. Zəhmət olmasa, siz də yazarsınız ki, Xalq yazıçısı Elçinlə müsahibə...