Daxili İşlər Nazirliyi Xalq artisti Naibə Allahverdiyevanın adından pul yığılmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları və hazırda araşdırma aparıldığı bildirilib. Nazirlik həmçinin bir daha bu kimi məsələlərlə bağlı əhaliyə müraciət edib:
"Müxtəlif şəxslərin adından guya yardım adı ilə vətəndaşların inamından sui istifadə edərək pul toplayırlar. Vətəndaşlara şirnikləndirici vədlər verərək müxtəlif üsullarla onları aldatmaqla pullarının mənimsəməsi ilə bağlı polis orqanlarına müraciətlər daxil olur. Hər bir müraciətlə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-texniki əməliyyat-axtarış əməliyyat-istintaq tədbirləri keçirilməklə şəxslər qanunamüvafiq şəkildə məsuliyyətə cəlb olunurlar.
Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi” həmçinin sosial şəbəkələrdə polisazərbaycan rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik".
***
Saat: 14:57
“Bir nəfər adımdan səhifə açıb və mənə yaxın adamdan 1500 manat pul istəyib”.
Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında canlı yayımda söyləyib.
“Həmin adam mənə zəng etdi, soruşdu ki, nə olub, yazmısan, 1500 manat pul lazımdır? Mən də dedim elə şey yazmamışam. Bilmirəm nə məqsədlə ediblər. Bəlkə adımdan başqalarına yazacaqlar, pul istəyəcəklər”.