Sovet dönəmində bir qrup aktyor yayın cırhacırında Ucara qastrola gedir. Yay ola, Ucar ola, günorta ola. O istidə aktyorlar mədəniyyət evindən çıxıb mehmanxanaya getməli olurlar. Yolları şəhər parkından düşür, “Əbədi məşəl” abidəsinin önündən keçəndə Xalq artisti Mirvari Novruzova hirsli-hirsli deyinir:
“Allah kömək olmuşlar, qırıldıq-batdıq istidən, barı bunusa da söndürün! Yayın günüdə tonqal olar?”.
***
Xalq şairi Səməd Vurğun lap balaca vaxtlarından çox hazırcavab olub. Məktəbdə oxuyanda kollektiv şəkil çəkiləcəkmiş. O da ön sırada dayanır. Çox acıdıl, yekəburun olan məktəb direktoru onun cırıq ayaqqabısına baxıb hirslə deyir.
- Bu ayaqqabını dəyişə bilməzdin? Keç arxaya, ayağın görünməsin.
- Müəllim, mənim ayaqqabım olsa, onu dəyişmək asandır, böyük burunu nə dəyişmək olur, nə də gizlətmək.
***
Lütfəli Abdullayev bir dəfə Şəkiyə gedir. Piyada getməsin deyə yoldan keçən maşınlardan birinə əl edir. Bir maşın saxlayır, Xalq artisti öndə oturur. Şirin şəkili ləhcəsindən ləzzət aldıqca, ürəyindən arxada oturmuş arıq, cılız kişiyə sataşmaq keçir. “Burda oturub qabağını kəsdim, bağışla arxamı sənə çevirmişəm”.
Şəkili kişi tövrünü pozmadan Lütfəli Abdullayevin yumru gövdəsinə istinadən dillənir: “Narahat olma, gözünü yiyim, çəlləyin nə dalı, nə qabağı”