Rusiyanın Xalq artisti Stanislav Sadalski karyerasının ilk illərində səhnədə ağlamağa çətinlik çəkməsindən danışdı.
“İndi ağlamaq, gözlərimin yaşarması texniki hadisəyə çevrilib və cəmi 3 saniyəmi alır. Gənclik illərimdə isə bu elə də asan baş vermirdi”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o bildirib.
Aktyor teleproqramların birində özünün və həmkarlarının səhnədə ağlamaq üçün istifadə etdiyi metodlardan danışıb.
“İndi bu mənim üçün elementar hadisədir, sadəcə peşəkarlıq tələb edir. O zaman isə ağlamaq üçün anamın öldüyünü, onun tabutda yatdığını təsəvvür edirdim. Aktyor dostum Kostya Raykin səhnədə gözlərindən yaş axıda bilmək üçün cibində naşatır spirti gəzdirirdi, İrina Alfyorova əllərinə istiot sürtürdü və lazım olanda istiotlu əlini gözünə toxundururdu, Yura Boqatırov soğan doğrayırdı. İndi isə teatr institutunu bitirənlərə necə ağlamaq lazım olduğunu öyrədirlər. Ən bəsit üsul bir neçə saniyə gözlərini qırpmamaqdır”, - o vurğulayıb.