Vüsalə Məmmədova
16 mart 2021 20:15 (UTC +04:00)

Vüsalə Məmmədova

Vüsalə Məmmədova: “Mən savaşın sazağında iliklərinə qədər donmuş adamam...” – “Müharibə olmasaydı”

Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...

 Lent.az-ın “Müharibə olmasaydı...” layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlara həmsöhbət oluruq.

Budəfəki həmsöhbətimiz isə həmkarımızdır – Vüsalə Məmmədova. Qalanını  iki həmdərdlinin aranı dağa, dağı arana daşıyan söhbətindən biləcəksiniz...

- Layihəmizdən xəbərin varmı?

- Hamısını oxumuşam, ən çox təsirləndiyim Seyran Səxavətlə söhbətiniz oldu.

- Söhbətə adətən müharibədən əvvəlki vaxtlardan başlayırıq.

- Corc Oruelin qəhrəmanı “Boğuluram” romanında savaşdan əvvəlki dövrü belə təsvir edir – müharibədən əvvəl həmişə yay idi...

- Çox uğurlu ifadədir...

- Müharibəni iliklərinə qədər duyan adamın ifadəsidir. Müharibədən əvvəl yaşadığın o qısa ömrün qarlı-sazaqlı qışı belə sənin yaddaşında yay kimi qalır. Qayğısız, xoş, rəngarəng.

- Havası odur. Mən bəzən musiqisini də duyuram müharibədən öncənin, müharibənin və son vaxtlar ondan sonranın.  İndi Üzeyir bəyin “Koroğlu” uvertürasını eşidirəm. Mənə görə “Qarabağ şikəstəsi”, bir az da Bethovenin simfoniyaları. Müharibədən əvvəl “Oynaq topum” mahnısıdır...

- Ağdamdakı evimiz İmarətin qonşuluğunda olduğundan orada keçirilən tədbirlərin, məşqlərin səsi həyətimizdə idi... Natəvan qızlar bayramında səslənən musiqilər qulağımdadır. Əksər uşaqlar musiqi məktəbinə gedir, evlərdən xüsusilə piano səsi küçələrə yayılırdı. Hər uşaq fərqli sinifdə oxuduğu üçün tədris proqramı da fərqlənirdi, nəticədə hər evin öz musiqisi var idi. Sonra müharibə başladı... İlk raket səsini eşidəndən sonra qulağımdakı bütün musiqilər kəsildi. Sonrakı dövr qulaqlarıma küləyin uğultusu kimi gəlir, çaqqal ulartısına bənzəyən uğultu kimi.

Vüsalə Məmmədova

- Həyatın necə idi müharibədən əvvəl, neyləyirdin?

- Bir uşaq nə edərsə, onu – həyətdə qaçır, yelləncəkdə yellənir, gəlinciyimə don tikirdim... Çox gec dil açmışam, ona görə də daha çox gəlinciyimlə oynayırdım. Danışanda da nə dediyimi bircə anam başa düşürdü. Hətta o vaxt nənəm Ağdam məscidinə nəzir demişdi ki, dilim açılsın...

- Gec danışan qız indi susmur...

- Dayanmadan danışırdım. Xatırlayıram, bir dəfə nənəm təndirə çörək yapırdı. Suallarımdan təngə gəlib, elə bir əlində təndir əlcəyi əllərini göyə qaldırdı ki, ay Allah, mən daha belə də deməmişdim! Bu uşaq arada nəfəs alsın!

- Yığılıb söz baqajı, çıxmalıdır axı.

- Çıxdı, çıxdı, ta o vaxta qədər ki, nənəm vəfat etdi. Bir neçə ay sonra müharibə başladı, biz Ağdamı tərk etdik, sükut çökdü. Nə deyəsən? Sən həyatı yeni-yeni anlamağa başlayırsan, ətrafda isə hər kəs sağ qalmaq uğrunda mübarizə aparır. Sən də qeyri-ixtiyari böyüklərin davranışının imitasiyası ilə məşğulsan. Danışmağa, hisslərini bölüşməyə, paylaşmağa həmsöhbətin yoxdur. Dərk edirsən ki, vəziyyət o deyil, böyüklər daha ciddi problemlə uğraşır. Müharibənin gətirdiyi reallıqların qarşısında arzuların, hisslərin üçün utanıb susursan...

- Həm hardasa anlayırsan, susursan, həm də anlamırsan nə baş verir...

- Əslində çox yaxşı anlayırdım ki, vəziyyət ağırdır...

İlk müharibə xəbərini eşitməyimi xatırlayıram. Babamgildə oynayırdım. Atamın atası ildə bir dəfə Novruz bayramında havaya atəş açdığı tüfəngini təmizləyərək, “müharibə başlayır” dedi. Atamın nənəsi isə ayaqlarını altına yığıb, kresloda oturmuşdu. Dizlərinə vurub, “nə özümüz bir gün gördük, nə də uşaqlarımız bir gün görəcək” dedi. İkinci dünya müharibəsini yaşamış adam idi, uşaq üçün müharibənin nə demək olduğunu yaxşı bilirdi. Qorxudan qaçıb yemək masasının altına girdim. Gəlinciyim də qucağımda... Guya gizlənmişdim ki, müharibə qurtaranda çıxacağam... Stolun altından gördüklərim təmizlənən silahın tez-tez enib, qalxan qundağı və nənəmin dizinə çırpılan əlləri... Və gəlinciyini bağrına basıb stolun altında büzüşən uşaq... Bu kadr yaddaşıma müharibənin başlanğıcı kimi həkk olunub...

Mənə elə gəlir ki, o masanın altından bir də 32 il sonra, 2020-ci ilin 10 noyabrında gecəyarısı çıxdım. Televizor qarşısında təlaşla əyləşmişdim, ölkə başçısı dedi ki, “Qarabağ münaqişəsi başa çatdı!” Bax, sanki onda çıxdım masanın altından...

Ağdamın nə vaxt boşalacağını açıqlayan kimi telefonuma zənglər gəldi, cavab vermək iqtidarında deyildim. Özümü həyat yorğunu, savaş bitkini hiss edirdim. Bu günəcən ayaqda qalmaq uğrunda o qədər mücadilə vermişdim ki... Sən çox yaxşı başa düşərsən, eynisini yaşamısan... Sanki nəfəs dərməyə vaxtım olmamışdı, indi dərindən nəfəs alanda çiyinlərimdə 32 ilin yükünü hiss etdim... İllər öncə Ağdamda gəlinciyi ilə qaçıb masanın altına girən o qızcığaza acıdım... Arxada yaşanmayan uşaqlığı, qarşıda viran qalan yurdu və artıq xərclənmiş ömrü üçün...

 

Vüsalə Məmmədova

- Müharibə olmasaydı, bu qədər güclü olmazdın...

- Güclü olmaq istəmirdim axı...

- Onu arzulamırsan, yaşayıb olursan.

- Babam biz üç bacıya o biri nəvələrindən fərqli münasibət bəsləyir, qarşımızda daha yüksək tələblər qoyurdu. Nənəm etiraz edəndə də deyirdi ki, ataları yoxdur... Mənim atam çox gənc yaşında rəhmətə gedib, mən heç onun üzünü də xatırlamıram. Babam deyirdi, qardaşları da yoxdur, cəmiyyət sabah onları çox sıxacaq, mən isə dünyada olmayacam, qoy bərkə-boşa düşməyə hazır olsunlar. O, bizi həyata hazırlayırdı, müharibə ağlına da gəlməzdi. Buna görə də düşünürəm ki, istənilən situasiyada güclü olacaqdım, mücadilə verməli olacaqdım. Ancaq bu qədəri bir az çox oldu...

- O masanın altındakı uşaq çox çətinliklərdən keçdi, nə yaşadı, nələr gördü? Həyatın öhdəsindən necə gəldi?

- Evimizi tərk edəndən sonra elə bir qələbəlik içində yaşayırdıq ki, nəinki ailədən kiməsə sözünü demək, heç özünlə tək qalmaq imkanın da olmurdu. Gündəlik yazmağa başladım... Ağcabədi rayon 1 saylı orta məktəbində təhsil alırdıq. Bir gün direktor bacım Səadətlə məni lövhənin qarşısına çıxardıb, məktəb forması geyinmədiyimiz üçün nümayişkaranə şəkildə məktəbdən qovdu. Bilirdi ki, məcburi köçkünük, formamız Ağdamda, Ağdam da işğalda. Ancaq dedi ki, qaydalar hamı üçündür...

Bu, müharibə başlayandan sonra cəmiyyətdən aldığımız ilk amansız şillə idi. Evə qədər olan yolu susduq... Bacımla nə düşündüyümüzü heç bir-birimizə də demədik... Çox ağır idi, həm yaşıdlarımızın qarşısında pərt olmuşduq, həm alçaldılmışdıq. Erməninin bizdən aldıqlarına görə məktəbdən qovulmuşduq. Bütün bunlardan da ağırı evə gəlib olanları anamıza danışmaq idi... Anamın ürəyi buna necə dözəcəkdi? Anama dərd yükləməyə qıymırdıq, görürdük ki, müharibə onu kifayət qədər yükləyib. Kirayədə yaşamaq, işləmədən üç qızı saxlamaq, üstəlik, təhsildən geri qalmayaq deyə min bir məşəqqətlə bizi məktəbə göndərmək...

Qısası, həmin günü ən ağır günlərimin şahidi olan gündəliyimi cırıb, vərəqlərini yandırdım. O külə çevrildikcə mən də özümə dönə-dönə söz verdim ki, mən müharibəyə qalıb gələcəm. Yaşadığım günlər nə qədər ağır olsa da, mən onları yaddaşımdan silib, irəli baxacam, sınmayacam. Bu savaşın məni məhv etməsinə imkan verməyəcəm. Bəli, mən təkbaşına torpağımı azad edə bilməyəcəm. Sadəcə, orta təhsil almaq istəyən bir məktəbliyəm. Zəifəm, gücsüzəm, buna rəğmən müharibə məni uda bilməyəcək. Evimi, səadətimi, hüzurumu, keçmişimi və gələcəyimi udduğu kimi məni – Vüsaləni uda bilməyəcək! Mən mütləq qalib gələcəm. O sözümü tutdum və savaşın taleyimə gətirdiyi uğursuzluğa yenilmədim. Bu da mənim həyatın öhdəsindən gəlmə reseptim...

Vüsalə Məmmədova

- Çox tanış, eynisini yaşamışam, amma düşünməmişdim ki, bununla müharibəyə qalib gələcəm. Sadəcə, sonradan anladım ki, mən onu niyə cırdım, o tarix idi, yalnız mən yox idim orda, yaşadığımız tarix vardı günbəgün. Özümü o tarixi məhv etdiyim üçün qınadım, amma bacı-qardaş, iki bacı bir-birimizə demədiklərimizin hamısı orda idi. Hər dəfə kimsə bizi əzəndə, alçaldanda, o danışdıqlarını yaşadanda...

- Sən sabah harda gecələyəcəm probleminlə birgə yüksən...

- ...yük olduğunu hiss edib əziləndə yaşadıqlarını, özünə belə etiraf edəndə necə alçaldığını özündən qeyri kimsə bilməsin, bu vərəqlərdən kimsə oxumasın. Kiminsə qarşısında qürurum sınmasın.

- Mən söz vermişdim ki, qalib gələcəm. Bu gün demirəm çox ciddi nailiyyətim var, amma ən azından məktəb forması olmadığı üçün məktəbdən qovulan Vüsalə deyiləm artıq. Orta təhsil aldım, universitetə qəbul olundum... Xatırlayıram, uzun illərdən sonra ailəmizdə ilk böyük sevinc böyük bacım Səadətin universitetə qəbul olunması oldu. Növbəti il mən, sonra isə kiçik bacım... Həyatımızda sevinc o qədər az idi ki, anam oxumaqla bağlı bizi heç vaxt sıxmırdı. Ancaq bizi yaşatmaq üçün çabalayırdı. Biz də onu sevindirmək üçün oxuyurduq. Düşünürdük ki, onun gecə-gündüz işləməyinin, çəkdiyi əziyyətlərinin qarşısında üzünü yalnız belə güldürə bilərik...

- Acmışam sözünü işlətməzdik, evdə heç nə yoxdur bildiyimizdən... Ailənin özünə gəlməsi, düşdüyü vəziyyəti dəyərləndirib atamın iş tapması xeyli çəkdi axı... Tələbə təqaüdümüzü yalnız çörəyə verirdik.

- Kirayələrdə çox gəzdik... Anam “Təcili yardım”da həkim işləyirdi, maaşı kirayəyə çatmırdı. Düşündük ki, daimi yaşayış yeri tapmaq lazımdır. Əlimizdəki pulla yalnız yataqxanadan otaq ala bildik...

- Eynilə...  İllər belə keçmişdi. Cəmiyyətdə az-çox tanınmış imzam vardı. Premyeralar, görüşlər, müsahibələr-o qaynar həyatdan axşam yataqxana həyatına qayıdanda çox əzab çəkirdim.

- Qəribə idi, yataqxanadan kənarda səni sevən insanlarla dolu, qaynar bir həyat var idi. O həyatdan yataqxanaya qayıdanda yenə sağ qalmaq üçün çabalayır, səhər yenidən ikinci həyatına davam edirdin... Dostlar harada yaşadığını biləndə sənin haqqında fikirləri dərhal dəyişirdi... Mən həmin dövrlərdə teatrda çalışırdım. Nə isə, o illər haqqında danışmağı xoşlamıram...

Vüsalə Məmmədova və Ramilə Qurbanlı

- Hiss etmişəm, amma niyə?

- Əlimdə olsaydı, teatrda çalışdığım illəri həyatımdan silərdim. Mən orda sevginin necə öldüyünün şahidi oldum. Çox gənc idim, heç vaxt məcburi köçkün olduğumu, yataqxanada yaşadığımı demirdim. Reallıq da çox fərqli idi, indi bu gün Qarabağ Azərbaycandır deyə hamı qarabağlıdır. Qalibin yanında olmaq daha gözəldir. Məğlubun yanında isə az adam var idi. Cəmiyyət səni dərhal iqnor edirdi...

- Baxışlar, münasibət mənfi siqnal ötürürdü.

- Var olduğun halda, yoxmuş kimi davranmalar. Burda sən oturmusan, məcburi köçkünsən, bu yeri boş görürlər...

- Bir gün bütün yaşantılarımızı, dərdimiz, nisgilimiz, kim olub hardan gəldiyimizi hamısını sayta yazdım. Bütün ağrıları cismimdən, ruhumdan sökdüm. Tam səmimi, senzuramdan kənar yazdım və bundan çəkinmədim.  Çox yaxşı qarşılandı, oxundu, “kitab çıxart” deyə təkliflər gəldi. “Müharibə miniatürləri” adlı kitabda çap etdirdim hamısını.

- Kimsəni qınamıram, heç birimiz müharibəyə hazır deyildik...

- Cəmiyyət kimi o 44 günlük müharibədəki hala gəlməmiz üçün o etapı keçməli idik, görünür.

- Vətən müharibəsində Gəncədə, Bərdədə, Tərtərdə yaşananlar məni çox düşündürdü. Deyilirdi ki, bütün çətinliklərə rəğmən əhali şəhəri tərk etmir. Ancaq içimdəki uşaq tərəddüd edir, bəlkə bizə olan münasibətləri görüblər, taleyimizi yaşamaq istəmirlər, deyirdi... Nə isə, müharibə olmasaydı bunlar da yaşanmazdı. Müharibə hər kəsin həyatından kabus kimi keçdi...

Vüsalə Məmmədova

- Müharibə yaxşı nə verə bilərdi?

- Müstəqilliyimizi qazanmaq üçün bu savaşı verməliydik, ancaq 30 illik işğal... Həddindən artıq çoxdur... Müharibədə yaxşı nəsə axtarmaq mümkün deyil...

- Jorj Simenona görə, sivilizasiyaya yol müharibədən keçir...

- Sivilizasiyaya yol insanların bədbəxtliyi üzərindən çəkilməməlidir. Zəfər qürurvericidir, ancaq etiraf edək ki, qələbə həm də fərdlərin faciəsidir. Sivilizasiyaya qovuşanlar bizim həyatımızdakı faciələri film kimi izləyənlərdir. Müharibədə ən yaxşı hal sağ qalmaqdır, o da istənilən halda zədə alırsan...

- Biz müharibə istəmədiyimiz üçün məğlub olmuşduq 90-larda. 30 il sonra başqa yol qalmadı, istədik və qələbə qazandıq. O xalqı bu xalqa çevirən nə oldu?

- Yaşadıqları. Görün, müharibə olmasaydı, Azərbaycan nə qədər güclü, inkişaf etmiş ölkə olardı...

- Coğrafiyamız taleyimizdir.

- Ən ağır günlərimdə o ifadə təsəllim olub, bu, bizim taleyimizdir.

- Müharibədən əvvəl yay idi, indi hansı havadasan?

- Mövsümə görə yaz olmalıdır, ancaq hələ ətrini duymuram. Mən savaşın sazağında iliklərinə qədər donmuş adamam, belə tezliklə isinmərəm. Hiss edirəm ki, qarlar əriyir... Ancaq yəqin ki, ayağım Ağdam torpağına dəyməyincə o baharı hiss etməyəcəyəm. Ağdam mənim üçün dayaq nöqtəsidir, bilirəm ki, bundan sonra ona tutunacam...

- İsti havalarda Qarabağda görüşənədək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35055
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar