Sentyabrın 1-i Azərbaycan kinosunun 2 sevilən aktyorunun doğum günüdür. Kədərli komik Fazil Salayev və qızların “qaçaq” saldığı yaraşıqlı Səyavuş Şəfiyev...
Lent.az bu gün “Bir ulduz” axdı layihəsində 2 ulduzdan bəhs edəcək.
Fazil Salayevin adını əslində çox az adam bilirdi, onu əsasən möhrünü vuurduğu epizodik rollardan tanıyırdılar. O hamı üçün "Qırçı Məhəmməd" idi.
O, 1931-ci il, sentyabrın 1-də Bakıda dünyaya gəlib.
İlk dəfə kinoya 32 yaşında çəkilən Fazil Salayev o günə qədər teatrda çalışırdı. Onun gücü məhz epizodik rollarla yaddaşlarda qalmasında idi.
Teatra qədər o, rəssamlıq edib, rəsm müəllimi olub. Xalq artisti Afaq Bəşirqızına da rəsmdən dərs deyib.
Deyilənə görə hərtərəfli istedad sahibi idi. 23 yaşında cəmi bir dəfə gördüyü qızla evlənib və 3 qız atası olub. Övladlarının toyunu görmək ona qismət olmayıb. Xanımının xatirələrinə görə, kənardan kədərli gözləri ilə diqqət çəksə də, Fazil Salayev çox kefcil, bir qədər də söyüş söyən adam imiş. Çox qısqanc və fərqli xarakterdə olan xanımı ilə öz kefcil xarakterinə görə dil tapa bilmirmiş. Amma çoxlu dostları varmış, Bakının demək olar ki, yarısı onun dostuymuş.
Biz onu “Mozalan” kinozalında maraqlı, komik obrazlarıyla da xatırlayırıq.
“Alma almaya bənzər”, “Bir cənub şəhərində”, “Dərviş Parisi partladır” , “Sən niyə susursan”, “Şərikli çörək” filmindəki rolları xalq tərəfindən sevildi, səsləndirdiyi cümlələr aforizmlərə döndü. Varlı-hallı atanın yeganə oğlu atasının istəyinə zidd olaraq, aktyorluğu seçmiş, atasının deyimi ilə "mütrüb" olmuşdu. Həyatını öz istədiyi kimi yaşamışdı. Aktyor 1978-ci il iyunun 20-də kiçik qızının doğum günündə həyatını itirir və ailəsi öncə ölümünə inanmayıb , onun zarafat etdiyini düşünüb.
***
Kinomuzun qaçaq Əhmədi Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Beyləqanda anadan olmuşdu.
1972-ci ildə Səyavuş Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Adil İsgəndərov bu yaraşıqlı adamı görüb, onun əsl kino siması olacağına əminlik hiss edir, çəkəcəyi “Əhməd haradadır?” filmində Əhməd rolunda ancaq onu görür, bunun üçün uzun müddət Səyavuşu gözləməyə də razılıq verir. Çünki o zaman Səyavuş sirklə birlikdə qastrola getmişdi.
O, ilk dəfə "Əhməd haradadır?" filmində Əhməd roluna çəkilir və bütün Bakı qızları onun heyranına çevrilir. Evə gələn telefon zəngləri susmaq bilmirmiş, qızlar saatlarla onun Bakıdakı mənzilinin yerləşdiyi binanın qarşısında gözləyirlərmiş.O isə gizlənir, qaçırmış. Səyavuş könlünü Moskvada bir rus qızına verir, o xanımla evlənmək üçün ata- anasını özündən incik salır, ailə rus gəlin istəməsə də, Səyavuş dediyini edir.
Minlərlə xanımın sevgisinə çevrilən bu adamın qəribə ömür yolu olub. Birincisi xarizmasına baxmayaraq, çox utancaq imiş, hətta “Uşaqlığın son gecəsi” filmində sevişmə səhnələrinə çəkilməkdən imtina edirmiş. Ssenariyə görə, Elyanı opməkdən utanıb sadəcə qucaqlayırmış, hətta Murad “onu öp, mənə sağ ol deyəcəksən” cümləsini zarafatla improvizə edib, amma bu cümlə filmə daxil edilib.
Əhmədin evdən qaçma səhnəsində isə onu qonşu iti həqiqətən qapıbmış. Səyavuş Şəfiyev ömrünün çoxunu Moskvada keçirib. Moskva sirkində rəhbər vəzifələrdən birində idi. Sirklə Fransaya qastrola gedərkən orda insult keçirir və 10 il yataq xəstəsi olur. Bu müddətdə rus xanımı onun qulluğunda dayanır, körpə uşağa baxan kimi ona baxır.
2001-ci il noyabrın 25-də, ikinci insult onun iztirablı ömrünə son qoyur.