1968-ci ildə, rejissor Arif Babayevin çəkdiyi “Uşaqlığın son gecəsi” filmini orta yaşlı insanlar yaxşı xatırlayırlar. Filmdə baş rol olmasa da, əsas rollardan biri sayılan Elya öz nazı, işvəsi ilə yaddaşlarda qalıb, həm sevgimizi, həm nifrətimizi qazanmışdı. Bəs o aktrisa kim idi, nə üçün onu sonralar görmədik?
Lent.az-ın məlumatına görə, Elya rolunda çəkilən Megi Kejeradze əslində aktrisa deyildi. Sadəcə gözəl görünüşünə görə rejissorların diqqətini çəkmiş müəllim idi. 50-ci illərdən 80-ci illərə qədər filmlərə yeni simalar axtarmaq ənənəsi var idi və rejissorlar xəyallarındakı obraza bənzəyən istənilən adamı filmə çəkə bilirdilər.
Megi buna qədər öz ölkəsində, yəni Gürcüstanda bir filmə çəkilmiş və məşhurlaşmışdı. Rejissor Arif Babayev Megini görüb bəyənmiş, öz filminə dəvət etmişdi. Baxmayaraq ki, Megi ilə işləmək elə də asan olmamışdı. O hətta bir dəfə əsəbiləşib ”Elyanı” ağlatmışdı.
Bu filmdən sonra Megi bir neçə dəfə Bakıya qonaq gəlib. Həmin ərəfələrdə Megi birinci ərindən ayrılmalı olmuşdu. O zaman 24 yaşı var idi.
Yaşlanıb, gözəlliyi itəndən sonra “Elya” gözədən uzaq həyat tərzi sürüb. O uzun illər Tbilisidə ingilis dili müəllimi işləyib. Ötən il işindən ayrılıb.
İkinci dəfə ərə gedən Meginin qızları və nəvələri var. İkinci əri də vəfat edib. O gözlərdən uzaqda qalmağı sevir, zamanının çoxunu nəvələri ilə keçirir.