Rusiyada Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov - O həm də Baxa adıyla tanınır) konsertlərinin qadağan edilməsi tələb olunub və bununla bağlı ölkənin Baş Prokurorluğuna müraciətlər edilib.
Lent.az-ın xəbərinə görə, Rusiya Dumasının sədr müavini Yana Lantratova Moskva və Sankt- Peterburq merlərinə müraciət edərək Ukrayna silahlı qüvvələrinə açıq dəstək verən ifaçının Rusiyadakıl konsertlərinin ləğvini tələb edib.
Reperin aprelin 23-də Moskvada "Crocus City Hall"da, aprelin 25-də Sankt-Peterburqda "M-1 Arena"da konserti planlaşdırılmışdı.
Bundan bir qədər öncə reper öz sosial şəbəkə hesabında Ukraynada olduğunu, sığınacaqdan sığınacağa keçərək, ukraynalılarla görüşdüyünü və onları çox sevdiyini, iradələrinə heyran qaldığını yazmışdı.
Lantratova Baxanın Ukrayna ilə bağlı bütün çıxışlarının araşdırılmasını, lazım gələrsə onun Rusiyada fəaliyyətinin dayandırılmasını tələb edib.
Rusiya mediasında bu günlər onun barəsində "Ukrayna pərəstişkarı olan repçi ruslardan pul qazanmaq istəyir" mövzusunda müxtəlif məqalələr yazılır.
Bəxtiyar Məmmədov 1993-cü ildə Qazaxıstanın Alma – Atı şəhərində doğulub. Onun atası Hüseyin Məmmədov azərbaycanlı, anası qazaxdır. Mariya Məmmədova adlı xanımla evlidir, 1 övladı var. O 2019-cu ildə yaşamaq üçün Kiyevə köçdüyünü bəyan edib. Baxa musiqilərini ingilis dilində ifa edir.