Telekanallarımızda DƏYİŞİKLİKLƏR VAR  – Yeni mövsümə belə gəlirlər
12 sentyabr 2022 14:45 (UTC +04:00)

Telekanallarımızda DƏYİŞİKLİKLƏR VAR – Yeni mövsümə belə gəlirlər

Payızın gəlişi ilə telekanallarda yeni mövsüm başlayır. Görəsən, yeni yayım mövsümündə Azərbaycanın teleməkanında bizi hansı yeniliklər gözləyir? Lent.az bu suallarla televiziyaların mətbuat xidmətlərinə müraciət etdi. Ən operativ cavab Xəzər TV-dən gəldi.

Xəzər TV-nin İctimaiyyətlə Əlaqələr və Əməkdaşlıq Departamentinin rəhbəri Ülkər Qasımova bildirdi ki, Xəzər TV- də yeni mövsümün bəzi verilişlərinin aparıcılarında, efir vaxtlarında, adlarında dəyişiklər olacaq. 

“Səhərin ən ertə informasiya şousu olan “Xəbər ertəsi”nin yayım müddəti yeni mövsümdə uzadılıb. Artıq tamaşaçılar 2 saat 30 dəqiqə ərzində həm dünyada, həm də ölkədəki sosial problemləri əhatə edən süjetlərə baxa biləcəklər. Üstəlik, qoyulan məsələlərlə bağlı verilişə dəvət edilən ekspertlər və dövlət orqanlarının rəsmiləri ilə həll yolları müzakirə ediləcək. 

Dörd iştirakçının yarışdığı “Bir gün sizdə, bir gün bizdə” yemək şousunun yeni mövsümdə aparıcısı aktrisa Fidan Axundova olacaq. Tamaşaçıları həmişəki kimi çəkişməli və maraqlı yarışma gözləyir.  

Aşpaz Ağa Kərim Şamidzadənin aparıcılıq etdiyi “Mətbəxin Ağası” yemək şousunda isə iki nəfərdən ibarət ailə rəqib ailəyə qarşı yarışacaq. “Bir qazan yeməkdən 2000 qazan”mağı təklif edən verilişi həm izləmək, həm də orada yarışmaçı kimi iştirak etmək izləyicilərin də marağına səbəb olacaq. 

Reytinqlərini alt-üst edən “Təsir dairəsi” verilişinin yayım vaxtında dəyişikliklərin olacağı nəzərdə tutulur. Lalə Azərtaşın aparıcılıq etdiyi verilişdə bundan sonra da sosial və ailə problemləri müzakirə olunacaq və ekspertlər çətin vəziyyətə düşən şəxslərə məsləhətlər verərək mövcud durumdan çıxış yolları axtaracaqlar. 

Anaların sevimli “Bu ana kimi” şousunun adı yeni mövsümdə “Xoşbəxt sabahlar” olacaq. Yeni layihəni bu dəfə də Oksana Rəsulova aparacaq. Əvvəl də olduğu kimi, verilişi izləyərək sağlamlıq məsləhətləri, uşaqlar üçün faydalı reseptlər, tanınmış şəxslərin ailələri, paytaxtımızın gəzməli və maraqlı yerləri haqqında məlumatları əldə etmək mümkün olacaq.  Verilişdə “Məktəbim” adlı yeni rubrikanın olacağı da istisna edilmir. Bu rubrika aztəminatlı ailələrin övladlarının və fiziki qüsurlu şagirdlərin məktəbəqədər təhsil almasına dəstək vermək üçün nəzərdə tutulub.  

9 ildir ki, efirdə olan “Ənənə boğçası” verilişi yeni yayım mövsümündə illərdir ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların, tayfaların, həmçinin əcnəbi nümayəndələrin adət- ənənəsini çəkib göstərməyə davam edəcək. Milli dəyərlərin təbliğinə xidmət edən veriliş mədəniyyətin, tarixin, folklorun, mətbəxin, adət-ənənənin təbliğinə xidmət edir və bununla da tamaşaçıların rəğbətini qazanır. 

Xatırladaq ki, "Xəzər TV"nin efirində yayımlanan bir neçə veriliş prodakşn layihələridir və yeni mövsümdə də davam edəcək”.

Azərbaycan Televiziyası da yeni mövsümdə tamaşaçı qarşısına bəzi yeniliklərlə çıxacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC artıq bir neçə gündür ki, yeni mövsümü açıq elan edib. Yenilənmiş studiyalarımızla, yeni simalarımızla və yeni verilişlərimizlə tamaşaçıların görüşünə gələcəyik. Artıq bir çox yeniliklər etmişik və yenə davam edirik. 4 studiyamız yenilənib, qrafikalarımız yeni formada təqdim edilib.

Yeni mövsümdə AzTV-də tarixi türk serialı "Quruluş: Osman" start götürəcək. "Quruluş: Osman" serialı Azərbaycan dilinə dublyaj olunub və ötən mövsümdə ən çox izlənən "Diriliş Ərtoğrul"  serialının davamıdır. Tamaşaçılarımız sentyabrın 5-dən etibarən, həftə içi 5 gün, saat 23:00-da filmi izləyə bilərlər. 

Qeyd edək ki, ötən mövsüm "Diriliş Ərtoğrul" serialı reytinqlərdə ön sıralarda olduğu üçün və tamaşaçıların çoxsaylı istəklərinə görə, Mədəniyyət kanalında təkrar yayımlanacaq.

 

Yeni mövsümdə AzTV-də dünyaca məşhur bir layihə yayımlanacaq. Bu barədə hələ geniş məlumat vermək istəmirik. Hazırlıqlar davam edir. Eyni zamanda bir çox mövzuda sənədli filmlərimiz də öz yerini alacaq. 

Bundan əlavə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində olan Mədəniyyət televiziyasında yeni iki layihə -"Çıraq" və "Köhnə televizor" yayımlanacaq. Bundan əlavə mövsüm boyunca daha bir neçə layihənin yayımı planlaşdırılır”,- deyə AzTV-dən Lent.az-a bildirilib.

“Space” TV yeni televiziya mövsümündə fərqli, auditoriyanın müxtəlif yaş qruplarını əhatə edən verilişlər, layihələrlə izləyicilərinin qarşısına çıxmağa hazırlaşır. Yeni mövsümdə 10-dan çox yeni layihə təqdim ediləcək. Kanalın efir siyasətində ictimai, siyasi, sosial, mədəni, maarifləndirici, əyləndirici proqramlara  yer ayrılacaq. “Space TV”-nin yayımında Vətən müharibəsi, şəhid və qazilərə həsr olunan proqram və filmlər də prioritet təşkil edəcək",- deyə telekanaldan bildirilib.

İctimai TV hələ yeni mövsüm konsepsiyasını açıqlamadığını bildirdi. ARB, ATV telekanallarından da yeni mövsümə dair məlumat ala bilmədik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar