Türkiyəli komediya ustası Atakan Çelik özü barədə çox maraqlı məlumatlar paylaşıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o əvvəllər sığorta mütəxəssisi işləyirmiş. Həmin illərdə seriallarda kütləvi səhnələrdə çəkilən Atakanı günün birində rejissorlardan biri kəşf edir və ona rol verir. Özünü doğruldur və bundan sonra daha böyük rola dəvət alır.
“Mənə “Orqanizə işlər” filmində baş rol təklifi gəlib, oturub hələ işlədiyim sığorta şirkətinin bu təklifə nə deyəcəyini düşünürəm. Əmin deyiləm. Əlimdə sığortalı, qarantiyalı işim var. O filmdən sonra məşhurlaşdım, amma yenə bir müddət sığortaçı kimi işlədim”, - deyən aktyor səhnədə başına gəlmiş gülməli hadisəni də xatırlayıb.
“Çox gözəl hərəkətlər bunlar” şousunda ilk dəfə səhnəyə çıxmışam. Tamaşaya baxmaq üçün anamla xalam da gəlib. Çox həyəcanlıyam. Rolum başladı. Bir də gördüm kimsə bağıra-bağıra “Atakan, tez gəl, kömək elə” deyir. Əvvəl anlamadım nə olub. Tamaşa dayandı. Səhnə arxasına keçdim ki, xalamın ürəyi gedib, anam da bağıra-bağıra məni çağırır. İlk səhnə günüm belə fəlakət oldu”.