Xalq artisti Valeh Kərimov
04 fevral 2026 15:55 (UTC +04:00)

Xalq artisti Valeh Kərimov

"Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” – “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

0

Lent.az Xalq artisti Valeh Kərimovla müsahibəni təqdim edir.

Sənətkarla müsahibəmiz Sumqayıt Dövlət Dram Teatrında baş tutur. Valeh Kərimovun həm rejissoru olduğu, həm də baş rolunda oynadığı "Sonuncu qonaq" tamaşasının məşq prosesi gedir. Müsahibə üçün məşqin bitməsini gözləyirik.

- Valeh müəllim, özünüzü necə hiss edirsiz?

- Çox sağ olun, yaxşıyam. Elə yaxşı vaxtda - məşq prosesində gəldiniz.

- Məşq vaxtı sizi gördüm, olduqca ciddi və tələbkarsınız...

- Mən və yaşıdlarım o məktəbi görmüşük. Məşqdə hamı ciddi olmalıdır. Bu, bizim sənətdir. Bu sənəti sevib gəlmişiksə, onun hər şeyini sevməliyik. Tamaşa məşqdən başlayır. Əgər o məşqə laqeyd oldun, məsuliyyətsiz yanaşdınsa, sonda o özünü tamaşada göstərəcək. Səhnəyə hazır "məhsul" gedib çıxır. Ona qədər xeyli prosesdən keçir. Ona görə də, aktyor yoldaşlarımdan tələb edirəm ki, məşqdə artıq söhbətlər, zarafatlar olmasın. 

- Sizin haqqınızda maraqlı bir şeyə rast gəldim. Cənubi Azərbaycanda doğulmusuz və atanız Milli Hökumət dövründə Milli Məclisə keçirilən seçkilərdə Əhərdən nümayəndə seçilib. Milli Hökumət süqut edəndən sonra qeyri-qanuni yollarla sərhədi keçib bura gəlmisiniz. İstərdim bunlardan danışasız...

- "21Azər" inqlabı 1945-ci ildə yaranıb və Milli Hökumət qurulub. Onun da başında Seyid Cəfər Pişəvəri olub. Atam bu hərəkatın başında duranlardan, Pişəvərinin yaxınlarından biri olub. O vaxt orada Azərbaycan dilli məktəblər, teatr, filarmoniya açılıb, qəzetlər çıxıb. Hətta Rəsul Rza, Cahangir Cahangirov, Süleyman Rüstəm də gedib orada kömək edib. 1 il sonra inqilabı məhv etdilər. Ondan sonra qaçqınlıq, didərginlik başladı. Bəziləri bura qaçdı, çoxunu isə orada güllələdilər. Atam 1946-cı ildə gəlib bura, biz isə 1950-ci ildə. Biz bura gələndə 6 yaşım var idi. Anam, kiçik qardaşım və məni əmim gətirib. Gəlmişdi ki, bizi atamıza təhvil verib qayıtsın. O da mümkün olmadı, həbs etdilər...

12-13 yaşım olanda atam mənə Yevlaxda yolun kənarında bir qəbiristanlıq var idi, orada Seyd Cəfər Pişəvərinin məzarını göstərmişdi. Deyirdi ki, Pişəvərinin əsl qəbri Yevlaxdadır. Fəxri Xiyabanda ona fəxri məzar düzəldiblər, amma əsas sümükləri oradadır. 

- Valeh müəllim, sizin teatr fəaliyyətiniz əsasən Sumqayıt Dövlət Dram Teatrında olub. Necə oldu buraya gəldiniz?

- 1969-cu ildə institutu bitirdim. 1968-ci ildə isə Sumqayıt Teatrının yaradılması haqqında əmr verilmişdi. O vaxt  aktyorluq kursunda Səməndər Rzayev, Ceyhun Mirzəyev, Kamil Məhərrəmov və sair kimi sənətkarlar var idi. Onlarla bir il aktyorluq kursunda işlədik. "Bəxt üzüyü" filmində veteran obrazını oynayan Nəsir Sadıqzadə mənə dedi ki, Sumqayıt Teatrı açılacaq, mən də ora baş rejissor gedəcəyəm, açılan kimi gələrsən ora. Bu təklif də mənim ürəyimdən idi. O vaxtdan burada işləyirəm. 70 yaşım olanda bir gün direktor gəldi ki, Valeh müəllim, artıq siz gəlməyin. Yaşıma görə... 
 
- Kim idi o direktor?

- Adını deməyək, sonra inciyər. Heç nə, gedib oturdum evdə. Amma çox darıxırdım. Mən iş adamıyam, aktivliyi sevirəm. 82 yaşım var e. Aktyorların hamısından cəld tərpənirəm, hər şey də edirəm. Canım sağlamdır.

Bu sağlamlıqla aktyor niyə kənarda qalmalıdır, bilmirəm. Sonra Mingeçevir Teatrına getdim. Orada tamaşalar hazırladım. Sonra oradan da çıxdım. Bu son günlərdə isə Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyev məni buraya dəvət elədi. Dilim, danışığım yerindədir. İstismar edin də məni (gülür). İndi "Sonuncu qonaq" tamaşasının məşqlərini edirik. Baş rolda 91 yaşlı dünyasevər bir kişidir. Onu özüm oynayıram. Əcəl onu öldürmək istəyir, kişi isə əcəli aldadır, onu içirdir, oynadır, başına oyunlar açır.

- Valeh müəllim, siz əcəlin başına nə oyunlar açmısınız?

- Mən hələ ki, əcəllə söhbət etməmişəm. Heç etmək də istəmirəm. Amma yəqin ki, axtarır məni... O tamaşada kişi əcəldən qaçıb başqa kənddə gizlənir. Mən də gah Mingəçevirdə oluram, gah burada... (gülür).

- Yeri gəlmişkən, "Bəxt üzüyü"ndə Moşu "xoşbaxtlıq" sözünə qafiyə axtarır, tapa bilmir. Bəs siz həyatınızda "xoşbaxtlığa" qafiyə tapa bilmisiz?

- Bəli, tapmışam. Xoşbəxtəm ona görə ki, sənətimlə məşğulam. Teatrdan əvvəl zavodda işləmişəm. Amma burada xoşbəxtəm. Prezident təqaüdü alıram. Hörmət görürəm. Ailəm, uşaqlarım, nəvələrim var - xoşbəxtəm.

- Bildiyim qədərilə, ixtisasca elektriksiz. İxtisasınızla bağlı nələrsə bacarırsız?

- Bacarırsız nədir, indiki sistemi yox, amma köhnə sovet sisteminə aid nə varsa, təmir edirəm. Çünki işləmişəm, özü də ürəklə. Evdə bekar olanda ancaq fiziki işlərlə məşğul oluram,  nələrsə düzəldirəm. Evdə direlim də var, vintaçanım da. 

- Sizə ən çox məşhurluq gətirən "Moşu" obrazı olub. O adla çağırırlar sizi?

-  Bəli, çağırırlar. Əvvəl əsəbiləşirdim, indi yox. O ad mənə elə yapışdı ki. Əvvəl "ayə, Moşu" deyə lağ formasında çağırırdılar, amma indi elə deyil. Yaxınlaşıb ciddi formada deyirlər, Moşu müəllim, necəsiz? Bir gün müsahibəmdə demişdim ki, Vaqif Səmədoğlu gərək başqa yaxşı ad qoyaydı. Sonra Vaqif Səmədoğlu ilə görüşdük, dedi, niyə elə deyirsən, Moşu adlı qohumum var, özü də professordur. Sonra gördüm, yox, Moşu obrazı həm Vaqif Səmədoğlunun bu əsərində, həm də Yusif Səmədoğlunun "Qətl günü" romanında var. 

- "Bəxt üzüyü" filmini, Seda obrazını oynayan Firəngiz Rəhimbəylini necə xatırlayırsız?

- Biz əvvəldən o filmin tamaşasını oynamışıq. Tamaşa səs salmışdı. 1986-cı ildə tamaşa səhnəyə qoyuldu, 1991-ci ildə film çəkildi. Seda obrazını tamaşada Yasəmən Malik oynayırdı. Çox gözəl də canlandırmışdı.

- Firəngiz Rəhimbəyli gözəl qadın idi. Film çəkiləndə kənardan necə baxırdılar?

- Bəli, Firəngiz çox gözəl idi. Kənardan baxanlar ağzının suyunu axıdırdılar. İndi də mənə deyirlər ki, o açarı niyə götürmədin oradan? (gülür). Aktyor sənəti elədir ki, gərək verilən hər rolu oynayasan. Azərbaycanda bir aktrisa var, roluna görə saçını tam kəsdirdi (Şəlalə Şahvələdqızı - red.). Mən heyran oldum o qıza. Özü də qəşəng qızdı. Onu başqası eləməz. Ya özünü sənətə qurban verməlisən, ya da...

- Həyat yoldaşınız sizi Sedaya qısqanmırdı ki?

- Qısqanıb... O, ali təhsilli idi. Həmişə tamaşaya gətirirdim, baxırdı. Əvvəllər dəli olurdu, amma sonra başa saldım ki, dəli olsan da bu sənətdəyəm, olmasan da. Gəl, bu dəliliyi qoyaq kənara. "Levıy" işlərimi tutsan, onda deyərsən. Amma səhnədə mən aktrisanı öpürəm, o məni öpür - bu, başqa məsələdir. Bizim teatrda elələri var ki, bir-birini görən gözü yoxdur, amma çıxıb sevgili rolunu oynayırlar. Və bunu o qədər gözəl edirlər, tamaşaçılar düşünür ki, yəqin, bunlar həyatda da sevgilidirlər. O, onların peşəsidir. 

Bir aktrisamız var idi, bir dəfə qastrola gedəndə yolda bir zarafat elədim, xoşuna gəlmədi. Axşam da tamaşamız var, səhnədə mənə şillə vurmalı idi. Tamaşa başladı, mənə şillə vuranda əlini göydə tutdum. Ssenaridə bu yox idi. Əlini tutanda güldü, ondan sonra barışdıq.

- "Bəxt üzüyü" filmində xeyli improvizasiyalar var. İstərdim, onlardan danışasız. 

- Bəli, özəlliklə Afaq Bəşirqızıda elə şeylər çoxdur. Çəkiliş vaxtı mən Söylünün üstünə cumurdum, birdən getdi çarpayıdan mayallaq aşıb getdi, özüm də məəttəl qaldım. Ssenaridə elə şey yox idi. Afaq özünü, canını sənətə qurban verən adamdır. Bir dəfə Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərini oynayırdıq. Mən xanın vəziri idim, Afaq da vəzirin arvadlarından biri. Orada bir hissə var, vəzirin arvadları dalaşır, mən də onların arasında qalıram, axırda məni döyürlər. Nəysə, bunlar dalaşırlar, mən də ortadayam. Birdən Afaq məni aldı qucağına, aparıb qoydu səhnənin kənarına, yenə girişdilər dalaşmağa. Onda çox arıq idim. Bu da ssenaridə yox idi, heç rejissorun da xəbəri olmamışdı. Amma yerinə düşmüşdü. 

- O filmdə saz məsələsi var. O deyəsən, Zəlimxan Yaqubun sazı idi.

- O saz əsərdə yoxdur. Sazı mən saldım oraya. Şair ola, qazaxlı ola, amma saz çalmaya? Kinoda da rejissora dedim, saxladıq. O sazı elə qoruyurduq ki. Hamı deyirdi ki, sazdan ehtiyat edin, saza bir şey olmasın. Orada Afaqın saz əlində yıxılmağı da improvizasiyadır, ssenaridə yoxdur. Söylünü dirsəyimlə itələyirəm, yıxılır. Yıxılanda sazdan narahat olur, bir tel vurur, görür yox, nəsə olmayıb. Deyir, şükür... Əslində, ssenaridə elə şey yox idi. Və Afaq da sazdan narahat idi. Onlar hamısı filmə salınıb. 

- "Pəncərə" filmində də maraqlı obrazınız var... 

- 5-6 il bundan əvvəl AZTV-dən çıxmışdım, evə gedirdim. Oğluma demişdim ki, gəlib məni götürsün, onu gözləyirdim. Hava da soyuq idi. Gördüm, bir maşın dayandı. Bir oğlan boylanıb dedi, Valeh müəllim, əyləşin. Dedim, sağ olun, uşaq gəlib götürəcək məni. Dedi, yox, əyləşin. Oturdum maşına. Dedi, məni tanımadız? Dedim, yox. Dedi, mən sizin oğlunuzam. Həmin vaxt da Xoşqədəm Hidayətqızının verilişləri olurdu, kimlərisə axtarıb tapırdı. Ürəyim düşdü. Dedim, necə yəni? Dedi, sizin oğlunuzam. Dedim, vəssalam, öldüm də. Biabır oldum. Dedim, yaxşı, sən Allah, saxla maşını, mən düşürəm. Dedi, yox, deyəcəm necə olub. Belə deyəndə lap ürəyim düşdü. Gördü pis oluram, dedi, "Pəncərə"də mən sizin oğlunuz olmuşam. Dedim, öldürdün məni, a kişi...

Foto - Rüfət Mustafayev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 764

Oxşar yazılar