İlyas Tapdıq: “Rəsul Rza ilə Səməd Vurğunun mübahisəsi düşdü...” - YENİ LAYİHƏ - FOTO
24 oktyabr 2012 13:38 (UTC +04:00)

İlyas Tapdıq: “Rəsul Rza ilə Səməd Vurğunun mübahisəsi düşdü...” - YENİ LAYİHƏ - FOTO

REDAKSİYADAN: Azərbaycan ədəbiyyatının yaxın tarixi müxtəlif maraqlı hadisələrlə doludur. Ədəbiyyat adamlarının şəxsi münasibətlərindən tutmuş, yaradıcılıq mübahisələrinə qədər xeyli bu cür maraqlı hadisələr var. Lent.az o illərin canlı şahidlərinin dilindən həmin olayları “Sandıq içi” layihəsində silsilə yazılar şəklində oxuculara təqdim etməyə başlayır. Layihənin aparıcısı Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair, köşə yazarımız Qəşəm Nəcəfzadədir.

***

...Onu çoxdan tanıyıram. İlyas Tapdığı deyirəm. Sinəsi sirlərlə doludur. Çox həqiqətləri bilir. Amma hər vaxt demir. Könlünün sarı simi çox dərindədi. Gərək ona toxuna biləsən. İlyas Tapdıq həyatın hər üzünü görüb. Yaxşı günü az olub, pis günləri çox.

Bulvarda oturmuşuq. Suallarım ütülü deyil. Çal-çarpazdı, hardan gəldi verirəm.

- Seyfulla Şamilov kim idi?

- Qağa, Seyfulla Şamilov Azərbaycan Yazıçılar Birliyinin ilk sədri idi. 37-ci ildə həbs eləmişdilər. Ona 10 il iş kəsilmişdi. Həbsdə olarkən Sibirdə Hüseyn Cavidlə görüşür. Hüseyn Cavid Seyfullaya baxıb, çox təəccüblənir. Deyir, ay Seyfulla, Yazıçılar İttifaqında bizə qarşı keçirilən iclasların aparıcısı sən idin. Bəs indi səni niyə tutdular? Seyfulla da deyir ki, vallah, hələ də bilmirəm.

- Seyfulla Şamilov şair və yazıçılara elə əks mövqedə dayanırdı?

- Yox, sadəcə, iclasları aparmaq katib kimi onun vəzifəsi idi. Əks mövqedə dayanmırdı. Həbsdən gələndən sonra “Gənçlik” nəşriyyatında redaktor işlədi. Mənim yeni bir kitabım çıxmışdı. Orda Kirovun heykəlinə şeir yazmışdım. Daha doğrusu, şeirin içində Kirova aid iki misra var idi. Seyfulla müəllim o iki misranın altından xətt çəkib məni danladı. Dedi, məni bu hökumət tutdurub, Leninin, Kirovun yaratdığı rejim tutdurub, səndə ona şeir yazırsan. Doğrudan, pis oldum. Seyfulla Şamilov tutulanda Dağüstü Parkda Kirovun heykəli yox idi. O həbsdən qayıdandan sonra gəlib gördü ki, Bakıda Kirovun heykəlini ucaldıblar. Onda mən çox gənc idim. Bütün bayram günlərinə şeir yazırdım. Bu tənqiddən sonra Oktyabr bayramı ilə bağlı bütün şeirlərimin üstündən xətt çəkdim. Təkcə mən yazmırdım belə şeirləri. Hamı yazırdı. O vaxt Səməd Vurğunun “Zamanın bayraqdarı” poeması çap olunmuşdu.

- Bu söhbətdən sonra Seyfulla müəllimlə aranız dəydi?

- Yox, əksinə, daha da yaxın olduq. Ürəyi təmiz insan idi. Bir dəfə Nəriman Həsənzadə ilə məni - Nəriman allah şahididir - Buzovnaya dəniz kənarına apardı, iki şüşə konyak almışdı. Həmişə konyak içirdi. Bir də baxdıq ki, konyakı içməyə badəmiz yoxdur. Seyfulla müəllim dedi:

- Kimdə şax manatlıq var?

O zaman pulun dəyişən vaxtıydı. Manatlıq təzə çıxmışdı. Cibimdən bir şax manatlıq çıxartdım:

- Məndə var.

Seyfulla müəllim həmin manatı büküb, gözəl bir badə düzəltdi, konyakı süzdü.
- bəs birinci kim içəcək? - dedi.

Dedik, Seyfulla müəllim, siz için.

Dedi ki, yox, cavanlar içməlidir.

Seyfulla müəllim belə bir şərt qoydu. Kimi daşı uzağa atsa o da içəcək. Şərtə uyğun, Nərimanla mən yerdən daş götürdük. Üzü dənizə tərəf atdıq.

- Kimin daşı uzağa düşdü?

- Qağa, əlbəttə, mənim. Gədəbəyin başına dönüm, dağlarında dərə aşağı o qədər daş diyirləmişəm, dağdan dağa o qədər daş atmışam. Mən də bu, vərdiş var idi. Qollarım uzun idi, sapand kimi açıldı. Mənim daşım lap uzağa düşdü. Konyakı da birinci mən içdim.

Bu sadə insana baxdıqca üz cizgilərində yaşadığı həyatın amansız yazılarını oxuyurdum. Gözləri çox müdrükdü. Üzündə sadəlövh bir təbəssüm donub. Nə vaxtın təbəssümüdü, yaşı bilinmir.

- İlyas müəllim, Heydər Əliyevi ilk dəfə nə vaxt görmüsünüz?

- Qağa, 60-cı illərin ortaları idi. Yazıçılar İttifaqına getmişdim. Sədrin katibəsi Kübra xanım Dadaşova var idi. Çox tələbkar qadın idi. Hamımız ondan qorxurduq. Kübra xanım mənə dedi, İlyas yoldaş, Osman yoldaş tapşırıb ki, sədrin otağına keçəsiniz, partiya iclası olacaq. Onda Osman Sarıvəlli Yazıçılar İttifaqının partiya təşkilatının katibi idi.

- Bəs Yazıçılar İttifaqının sədri kim idi?

- Mehdi Hüseyn idi. Bir də gördük ki, Heydər Əliyev gəldi. Dümağ köynək geyinmişdi. Pencəyini qolunun üstə atmışdı. O zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi. Bizimlə çox səmimi və geniş söhbət elədi. Azərbaycan dilinin inkişaf etdirilməsindən danışdı. Cənubi Azərbaycandan danışdı. Hər şey ürəyimizcə oldu.

- Səməd Vurğun və Rəsul Rzanın münasibətləri barədə çox danışılır. O vaxt necəydi münasibətləri?

- Qağa, Allah hər ikisinə rəhmət eləsin. Böyük kişilər idi. Böyük kişilərin mübahisəsi də böyük olur. Səməd Vurğun 1955-ci ildə Moskvada keçiriləcək Sovet Yazıçılarının qurultayında sovet poeziyası haqqında məruzə eləyəcəkdi. Bu mötəbər məruzə ona tapşırılmışdı. Ona görə də Səməd Vurğun bu işə hazırlıq məqsədi ilə həmin bu Yazıçılar Birliyinin Natəvan klubunda gənc şairlərin müşavirəsini keçirirdi. Sözü ancaq gənclərə verirdi. Birdən Məmməd Rahim yerdən qışqırdı ki, Səməd, bizə də söz ver. Səməd qağa dedi ki, Məmməd, bu gün ancaq gəncləri dinləyirik. Yəni Səmədin sözünün qabağına söz deyən yox idi. Qağa, bu fikir həmişə olub: sərbəst şeirlə heca vəzninin davası. Bu dava həmişə Rəsul Rza və Səməd Vurğun arasında da gedib. Gizlətməyin yeri yoxdur. Səməd deyirdi ki, bizim əsl ana şeirimiz hecadır. Sərbəst şeir bizə yaddır. Rəsul Rza bir dəfə ona daha kəskin cavab verdi: “Səməd, elə sənin ən yaxşı şeirlərin sərbəst şeirlərindi”.
Səməd onunla mübahisə etmədi. İclası bağladı.

Rəsul Rzanın da gözəl heca şeirləri var. “Çinar ömrü” şeiri o zaman dillər əzbəri idi.

- Səməd Vurğun və Bəxtiyar Vahabzadə - ustad və şəyird, necə yola gedirdilər, heç mübahisələri olurdumu?

- Qağa, o vaxt Bəxtiyar müəllim Səməd Vurğundan namizədlik dissertasiyası müdafiə etmişdi. Hətta orda Səməd Vurğunu tənqid də eləyib. O zaman heç kəs bunu bacarmazdı. Bəxtiyar bu addımı atmışdı. İkisi də bir-birini çox sevirdi. Mübahisələri də olurdu. Bir dəfə həmin bu Natəvan klubunda gənclərin şeir yığıncağında Bəxtiyar Vahabzadə iclasın sədri Səməd Vurğuna dedi:

- Səməd müəllim, peyzaj şeirləri nəyə lazımdı, əgər orda insan yoxdursa?

Səməd də Səməd idi də, qayıtdı ki:

- Bəxtiyar, peyzaj şeirini yazan kimdi?

Bəxtiyar dedi:

- Şair.

Səməd qağa dedi ki, demək, peyzaj şeirində də insan iştirak edir. Bəxtiyar müəllim daha cavab vermədi...

- O zaman Əli Kərim və ədəbi mühit münasibətləri nə yerdə idi?

- O zaman mühiti elə Əli Kərim formalaşdırırdı. Kim deyirsə ki Əli Kərimə qayğı olmayıb, yalan söhbətdi. Ona bütün qayğılar göstərilirdi. Onu cəmi bir dəfə tənqid ediblər. “Fraqmentlər” şeirinə görə. Əli “Azərbaycan” kimi mötəbər bir jurnalın poeziya şöbəsinin müdiri idi. Bir dəfə gənclərin yaradıcılıq müşavirəsində Mir Cəlal Paşayev dedi ki, Əli Kərimin “Qaytar ana borcunu” şeiri dərsliklərə salınmalıdı.

- Bəs deyirlər Cəlal Məmmədov onu işdən çıxarıb.

- Qağa, Əli böyük şair idi. Amma şöbə redaktoru kimi iş görmürdü, şairlərin şeirlərini itirirdi. Cəlal Məmmədov narazı qalırdı. Əli Kərimin şairliyini heç kəs danmayıb. Hamımız onu çox sevirdik. Amansiz ölüm onu aramızdan tez apardı.

***

...İlyas Tapdıqla bulvarda addımlayırıq. Adama elə gəlir ki, onu zəif əsən bir külək də yıxa bilər. Amma əslində belə deyil, İlyas Tapdıq çox güclüdür. Gənclik dostları bunu təsdiqləyər. Ona görə də “gücə” işarə vururam.

- İlyas müəllim, gənclik illərində fiziki cəhətdən hansı şair güclü idi?

- Əli Kərimlə mən. Hətta mən Əli Kərimi də yıxırdım. Hələ indiyəcən mənim bir qolumu qatlayan olmayıb...

- Çox maraqlıdı, bu nə ilə bağlıdı?

- Başına dönüm Gədəbəyin. Mən orda ağır daşları yerindən tərpədirdim, başımın üstə qaldırırdım. Zindan üstə dəmir döyəcləyirdim. Dəmir toxmaqla saatlarla ən qalın dəmirləri muma döndərirdim. Atama kömək edirdim. Çörəyimiz dəmirdən çıxırdı.

Susur, nəsə yadına düşür, desinmi, deməsinmi, götür-qoy edir. Mən də susuram. Qoy özü qərara gəlsin, deyirəm. Nəhayət, dillənir:

- 12 yaşından axsayıram. Ayağım o vaxt dizdən sınmışdı. İndi 78 yaşım var, əsa götürürəm o vaxtdan. Allah-tala dizimin də gücünü qoluma verdi.

İlyas Tapdığı bir insan kimi yaxşı oxuyuram. Yerişini, duruşunu, əlini, gözlərinin qəmini oxuyuram. Həyat yoldaşını bu yaxınlarda itirib. Sözarası onu da dedi ki, bu yaxınlarda 8 qəbir yeri alıb. Diksindim. Fikrimdə 75 illiyində ona yazdığım şeiri xatırlayıram.

İlyas Tapdıq təsnifi

Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq
Ayaqlarına bax,
Birini götürür, birini qoyur
Elə bil ki, sözlərinə
Vergül qoyur
Nöqtə qoyur.
Baxın: iri həriflə yazılmış “gözləmək” sözüdü ayaqlar
-tap
-dıq
-yaz
-dıq
-çat
-dıq.
Bir ayağını götürəndə “yox”
Bir ayağını qoyanda “hə”.

Əlinə bax, iri ağızlı kəlbətin kimi
demək istəmədiyi sözün ağzını yumur.
Mənimsə meylim deyilməyən sözədir.
Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram
Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir.

Fikir verin, danışanda bir çiyni əyilir
əyilir ki, xatirəni qaldırsın.
Bir çiyni də yuxarı qalxır
Qalxır ki...
Lazım deyil, qoy qalsın.

Bir gözünü yumur...
Odey, getdi xatirənin dalınca.
Bir gözünü açır
Demək xatirə yoxdu artıq
Cəmiyyət var.

O gün “Sahil” bağında yarpaqlarla bir gedirdi İlyas Tapdıq
Əllinci illərin əvvəlliydi İlyas Tapdıq
Gədəbəyin gülləriydi İlyas Tapdıq
Əli Kərimin əlləriydi İlyas Tapdıq
Uşaqların dilləriydi İlyas Tapdıq.
Buna bax eeee...
Özü də deyirlər şair oxunmur.

Şeir bitir. Amma o bilmir ki, mən bu şeiri ürəyimdə oxudum. Amma dəqiq bildi ki, mən ayağımın altına baxa-baxa yeriyəndə nəysə axtarır və xatırlayıram.

Yavaş-yavaş bir maşına yaxınlaşırıq. “Mənim maşınımdı” - deyir. Arxa qapıları açır. Xeyli dolu və yarımçıq araq butulkaları nəzərimdən qaçmır. İkisini götürür. “Gedək boğazımızı yaşlayaq” - deyir.

Mən soruşuram:

- Şax manatın var?

- Qağa, manatım var, amma şax deyil, əzük-üzükdü - deyir.

Nəyə işarə vurduğunu çox aydın başa düşürəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6174

Oxşar yazılar