Bu gün Audiovizual Şuranın iclası keçirilib.
Audiovizual Şuradan Lent.az-a verilən xəbərə görə, iclasda "Space TV" redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunub və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.
İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Televiziya və Radio Şirkətinin "Space TV" redaksiyasının (kanalının) efirində noyabrın 14-də saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da "Media haqqında" qanunun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.
Şura "Media haqqında" qanunun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Space TV" redaksiyasının efirində noyabrın 17-də proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.
Daha sonra, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat verib və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.
Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.