Bir neçə gün öncə məşhur türk müğənnisi İbrahim Tatlısəsin qəza keçirməsi xəbəri yayıldı. Bir zamanlar başından güllə yarası alaraq Əzrayıla “kafa tutmuş” adam bu dəfə də kəfəni yırtdı, ağır yol qəzasından kiçik qırıqlarla qurtuldu, qurtulmaqla da qalmayıb gipsli ayaqlarla səhnəyə çıxdı. Buna bəlkə də “sənət yanğısı”, “səhnə sevdası” adı verib haqq qazandırmaq olar. Amma amması olmasa.
Mən şəxsi fikrimi deyəcəm. İbrahim Tatlısəs bir zamanlar türküləri, uzun havaları, şaqraq mahnıları ilə milyonların könlünə yol tapmış sənətkardır, xalqın ona verdiyi “İmperator” təxəllüsü anasının südü kimi halaldır ona. Yaralanmasaydı, bəlkə yenə əvvəlki kimi oxuyacaq, könülləri oxşayacaqdı. Amma hər aşiqin öz dövranı var.
Reallıq budur ki, indi daha nə əvvəlki səs var, nə sağlamlıq. Telekanallar pul qazanmaq xatirnə onun adına bir müəllif proqramı açıblqr və verilişi İbrahimdən çox, gələn qonaqlar idarə edirlər. Başından aldığı travmaların, eləcə də yaşının gətirdiyi (70 yaşı var) psixoloji hallar nəticəsində Tatlısəs səhnədə tez-tez kövrəlir, ağlayır. Çox zaman dediyi fikirlər anlaşılmır, nitqində qüsurlar var. Buna rəğmən təşkilatçılar onu efirə çıxarmaqda israrlıdırlar. Nə də olsa İbrahimin adı yetərlidir deyirlər. Bir ulduzun sönməyinin, can verişinin şahidi edirlər milyonları.
Bir zamanlar zil səsi ilə yeri-göyü inlədən, o şux, o şaqraq adamın yerində kövrək, əlləri əsən və nə yazıq ki, qüsurlarını görməkdə aciz olan bir qoca dayanıb. Gah keçmişdə olduğu kimi diliylə acılayır, gah ağıl verir. Göz görə-görə İmperator əfsanəsini öldürür İbrahim Tatlısəs. Özü öz əllərilə özünə qəsd edir.
Hər nə olursa olsun, səhnədən vaxtında getməyi bacarmaq da bir hünərdir, sənətkarlıqdır. Mərhum Müslüm Maqomayev kimi. Ömrünün ən gözəl illərində, səsi, sənətkarlığı təravətini itirmədən böyük səhnələrə əlvida dedi. Bu həm özünə, həm izləyicilərinə hörmət, sayqı demək idi.
Bizdə də var, İbrahim yolu gedən sənətkarlar. Bir zamanlar səhnəyə gəlişləri alqışlarla müşaiyət olunan bir çox qocaman sənətkarımızı indi səhnədən çıxarkən öz daban səsləri, hüznlü tak- tuk yola salır.
Bir zamanlar Nəcibə Məlikova, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Zərnigar Ağakişiyeva kimi gözəl sənətkarlarımız yaddaşlarda gənc vaxtlarındakı kimi şux qalmaq üçün xəstələnincə evlərinə ən yaxın sənət dostlarını belə buraxmamışdılar. Zəif, gücsüz görünməmək üçün. Akif İslamzadə zirvədə buraxdı, elə buna görə sağlığında əfsanələşdi. Nə fonoqramla oxudu, nə köhnə lent yazılarının kölgəsinə sığındı. Amma unudulmadı, əksinə ucaldı.
Mən sevdiyim sənətkarları elə öz zirvələrində xatırlamaq istəyirəm. Yaşlansalar belə, başı qarlı dağlar kimi yaşlansınlar, vüqarlı, əzəmətli. Oxumasından, çıxışından sonra “heyf səndən” frazasını eşitmək istəmirəm. Sağkən ölsünlər istəmirəm.