Hər evdə olan bu dərmanlar mədəyə, ürəyə və qaraciyərə zərər verir
14 avqust 2025 10:21 (UTC +04:00)

Hər evdə olan bu dərmanlar mədəyə, ürəyə və qaraciyərə zərər verir

İbuprofen, diklofenak, nimesulid və digər qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) artıq çoxdan hər evdə tapılan dərmanlara çevrilib. Onlar bədən hərarətini salır, ağrını və iltihabı azaldır, amma eyni zamanda mədəyə, qaraciyərə, böyrəklərə, hətta ürəyə zərər verə bilirlər.

Lent.az bu dərmanlarla bağlı məlumatları təqdim edir:

RBK-Ukrayna, A.A. Bohomolets adına NMMU-nun klinik farmakologiya və klinik əczaçılıq kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nikolay Xaytoviçin şərhinə istinadən, müxtəlif QSİƏP-lərin necə təsir etdiyini, üstünlüklərini, sağlamlıq üçün risklərini, kimlərə qadağan olduğunu və özbaşına istifadənin təhlükələrini izah edir.

QSİƏP necə təsir edir
Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) ağrıkəsici (analgetik), hərarətsalıcı (antipiretik), yüksək dozada isə iltihabəleyhinə təsir göstərir.

"Onlar belə işləyir: QSİƏP-lər siklooksigenaza-2 (SİOQ-2) adlı fermentin aktivliyini azaldır. Bu ferment iltihabi faktorların təsiri altında aktivləşir və araxidon turşusunu parçalayaraq prostaglandinlər əmələ gətirir. Prostaglandinlər isə iltihab, ağrı və hərarətin yüksəlməsinə səbəb olur. QSİƏP-lər prostaglandinlərin əmələ gəlməsini dayandıraraq iltihabı biokimyəvi səviyyədə azaldır", - Xaytoviç izah edir.

QSİƏP nə vaxt istifadə olunur
Mütəxəssis deyir ki, QSİƏP aşağıdakı hallarda təyin edilir:

Qızdırma (əsasən ibuprofen istifadə olunur)

İltihabi hallar (artrit və digər revmatik xəstəliklərdə diklofenak natrium, naproksen, meloksikam və s.)

Ağrı sindromları (müxtəlif xarakterli və kəskinlikdə miqren, əməliyyatdan sonrakı ağrı, podaqra, böyrək və öd sancıları; adətən ibuprofen və diklofenak istifadə olunur)

Menstrual ağrılar (ibuprofen, naproksen, ketoprofen, diklofenak — hamısının bu sahədə təsiri sübut olunub)

"QSİƏP-lərə həmçinin asetilsalisil turşusu (aspirin), indometasin, nimesulid, selekoksib və digərləri daxildir", – deyə əlavə edir.

Paratsetamol QSİƏP qrupuna daxildirmi?
Xaytoviç deyir ki, paratsetamol (asetaminofen) QSİƏP deyil, çünki SİOQ-2-yə təsir etmir. O, hipotalamusda yerləşən digər izoferment vasitəsilə təsir göstərir. Bu səbəbdən, paratsetamolun iltihabəleyhinə təsiri yoxdur, amma hərarətsalıcı və ağrıkəsici kimi istifadə olunur və narkotik olmayan analgetiklər qrupuna daxildir.

QSİƏP-in qaraciyərə, mədəyə və böyrəklərə təsiri
Mütəxəssis bildirir ki, klassik QSİƏP-lər (ibuprofen, diklofenak və s.) yalnız SİOQ-2-yə deyil, həm də SİOQ-1-ə təsir edir. SİOQ-1 mədədə prostaglandinlərin əmələ gəlməsinə və selik ifrazına kömək edir, bu da mədəni qıcıqlandırıcı faktorlardan qoruyur. QSİƏP həm SİOQ-2-ni, həm də SİOQ-1-i blokladığı üçün prostaglandinlərin və qoruyucu seliyin miqdarı azalır, nəticədə genetik və ya digər meyilliyi olan insanlarda eroziyalar, xora və mədə-bağırsaq qanaxmaları baş verə bilər.

Böyrəklərə təsir: uzunmüddətli qəbul kəskin böyrək çatışmazlığına səbəb ola bilər.

Qaraciyərə təsir: paratsetamol qaraciyərə daha çox zərər verir. Normalda qaraciyərdə qlükuron turşusu vasitəsilə zərərsizləşdirilir, amma qaraciyər fermenti CYP2E1 aktivləşdikdə (məsələn, alkoqol qəbul edildikdə) zəhərli maddələr çox əmələ gəlir və qaraciyər zədələnir.

QSİƏP qəbulunda ağırlaşmaların qarşısını necə almaq olar?
Xaytoviçin tövsiyələri:

Minimal effektiv doza qəbul edin, müalicə müddətini uzatmayın. Mədə problemi riski olanlar selekoksib kimi selektiv SİOQ-2 inhibitorlarını seçsin. Mədə-bağırsaq fəsad riski varsa, həkim proton nasos inhibitorları (omeprazol və s.) və ya mizoprostol yaza bilər. Alkoqol qəbul edənlər paratsetamoldan uzaq dursun. QSİƏP-i yeməkdən sonra qəbul edin. Uzunmüddətli istifadədə qaraciyər və böyrək funksiyasını yoxladın.

Kimlərə qətiyyən olmaz
Aşağıdakı hallarda QSİƏP istifadə etmək qadağandır:

Mədə və onikibarmaq bağırsaq xorası, qanaxma

Ağır ürək çatışmazlığı

Qaraciyər və böyrək funksiyalarının ciddi pozulması

Hamiləlik (xüsusilə III trimestr) və laktasiya dövrü

Alternativlər:

Paratsetamol (alkoqol istifadə etməyənlər üçün)

Yerli ağrıkəsicilər (maz, gel)

İbuprofen, yoxsa paratsetamol?
Hər ikisi ÜST tövsiyələrinə görə ilk seçimdir. İbuprofen daha tez təsir edir, amma uzunmüddətli istifadədə mədə və böyrəklərə ziyan verir. Paratsetamol mədə üçün daha təhlükəsizdir, amma iltihabəleyhinə təsiri yoxdur. Qaraciyər fermenti aktiv olanlarda paratsetamol toksik ola bilər.

Diklofenak və ürək-damar riski
Diklofenak natriumun istifadəsi göstərişləri:

Revmatik və psoriatik artrit

Osteoartrit

Bel ağrısı

Travmadan və əməliyyatdan sonra ağrı

Uzunmüddətli istifadə mədə-bağırsaq qanaxmasına, həmçinin təzyiqin yüksəlməsinə, infarkt və insult riskinə səbəb ola bilər. İnyeksiya formasında da sistem təsir qalır, yalnız maz və gellərdə sistem təsir minimaldır.

Nimesulid və riskləri
ABŞ-da qeydiyyatdan keçməyib, bəzi Aİ ölkələrində qadağandır (qaraciyər toksikliyi səbəbindən).
Amma Ukrayna və bir sıra Avropa ölkələrində istifadə olunur. Mədə üçün nisbətən təhlükəsizdir, amma uzunmüddətli istifadəsi qaraciyərə zərər verir.

Uşaqlarda QSİƏP istifadəsi
Yalnız ibuprofen və paratsetamol icazəlidir. Doza yaş və çəkiyə görə həkim tərəfindən təyin edilməlidir. Aspirin uşaqlara qadağandır (Rey sindromu riski).

Qadağan olunan dərman kombinasiyaları
QSİƏP ilə aşağıdakıları birləşdirmək olmaz:

Digər QSİƏP-lər

Antikoaqulyantlar (qanaxma riski)

Qlyukokortikoidlər (xora riski)

Litium, metotreksat (toksiklik artır)

Uzunmüddətli qəbul
Yalnız həkim nəzarəti ilə, qan, qaraciyər, böyrək və mədə-bağırsaq nəzarəti altında mümkündür.

Ən çox rast gəlinən səhvlər
Dozanı artırmaq

Acqarına qəbul etmək

Digər dərmanlarla qarşılıqlı təsir riskini nəzərə almamaq

Alkoqol ilə birləşdirmək

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar