İran İsraildən daha çox İslam ölkələrini  vurdu  – Göydələndə baza var? – ARAŞDIRMA
13 mart 2026 15:44 (UTC +04:00)

İran İsraildən daha çox İslam ölkələrini vurdu – Göydələndə baza var? – ARAŞDIRMA

1

Müharibələr çox vaxt iki tərəf arasında başlasa da məsələyə heç bir dəxili olmayan ölkələr də əziyyət çəkir.

Lent.az-ın əməkdaşının hazırladığı bu araşdırma materialında ABŞ–İsrail–İran müharibəsi zamanı zərər çəkən ölkələr barəsində yazacağıq.

Proseslərin müşahidəsi onu göstərir ki, İran ona qarşı cəbhə açan ABŞ-İsraildən daha çox başqa ölkələrə raket, dron hücumu edib. Bu hücumlardan biri daha çox düşündürücüdür Dubayın göydələnləri niyə vuruldu? Göydələndə ABŞ bazası var?

28 fevraldan başlayan ABŞ–İsrail–İran müharibəsi göstərdi ki, raketlərin yolu xəritədə çəkilən siyasi xətlərdən çox uzağa gedə bilər. Tehran hücumlarının əsas hədəfinin ABŞ bazaları olduğunu bildirir. Amma yenə də sual yaranır: əgər məqsəd yalnız hərbi obyektlərdirsə, o zaman niyə raketlər regionun müxtəlif şəhərlərində yaşayış məntəqələrinə, limanlara və iqtisadi mərkəzlərə düşür?

Dubayın göydələnləri, Bəhreynin şəhər məhəllələri, Qətərin enerji kompleksləri, Oman limanları – bunların heç biri hərbi baza deyil. Buna baxmayaraq, müharibə bu məkanları da “yandırdı”. Siren səsləri, gecə partlayışları, yanan binalar və sığınacaqlara qaçan insanlar göstərir ki, raketlərin düşdüyü yerlərdə yalnız hərbi strategiya deyil, insanların həyatı da dəyişir.

Bu araşdırmanı məhz həmin reallığı göstərmək üçün hazırladıq.

İran 28 fevraldan bəri hansı ölkələrə raket atdı?

Yuxarıda qeyd etdiyimiz kimi müharibə yalnız cəbhə xəttində deyil, regionun müxtəlif şəhərlərində hiss edilir. Çünki müharibənin xəritəsi rəsmi bəyanatlarda səslənən ölkələrdən çox uzağa gedir. Raketlərin düşdüyü yerlərə baxsaq həqiqəti daha real görərik.

Biz 28 fevraldan 13 mart 2026 tarixinə qədər olan zamana diqqət edirik. Sizə təqdim etdiyimiz bütün məlumatlar nüfuzlu beynəlxalq mənbələrdə təsdiqlənib. İranın bu müharibə çərçivəsində buraxdığı raket, dron və qanadlı raket hücumları ilə bağlı beynəlxalq monitorinqlər keçirilir. Məsələn Gulf statistikalarında (Körfəz regionu üzrə ümumi statistik məlumatlar) bunların hamısı təqdim edilir.

İran hücumlarının hədəfi kimi təsdiqlənən ölkələr və ərazilər belə sıralanır:

İsrail, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Oman, Türkiyə və İordaniya. Bununla yanaşı İrandan Azərbaycan ərazisinə, Naxçıvana da raket atılması barədə məlumatlar yayıldı. Eyni zamanda, Suriyada İran raketinin düşməsi nəticəsində ölüm halı qeydə alınıb. Kiprdəki RAF Akrotiri bazasına da zərbə endirilib ki, Reuters-in verdiyi məlumata əsasən, bu İran istehsalı Şahed dronu olub. Həmin materialda qeyd edilir ki, hücum böyük ehtimalla Hizbullah tərəfindən həyata keçirilib.

Ən geniş dağıntı və ən çox təsdiqlənmiş birbaşa zərər İsraildə olub. Tel-Əvivdə partlayışlar, yaşayış binalarına və yollara düşən raketlər, Bney Brak, Petah Tikva, Qüds yolu və şimal İsraildə zərbə izləri göstərilir. Rəsmi mənbələr İsraildə İran hücumlarında 11 mülki şəxsin öldüyü qeyd olunurdu.

BƏƏ ikinci əsas zərər zonasına çevrilib. Fevralın 28-də İranın hücumları nəticəsində Əbu-Dabidə bir nəfərin öldüyü qeyd edildi və Dubaydakı Palm adaları yaxınlığında yanğın çıxdı. Martın 1-də məlumat yayıldı ki, Dubay Beynəlxalq Hava Limanının, Burj Al Arabın, Palm Jumeirah-ın, Əbu-Dabi aeroportunun, həmçinin Jebel Ali və Zayed liman zonaları zərər gördü. Sonrakı günlərdə Musaffah yanacaq terminalı dronla vuruldu, Ruwais emalı kompleksi dron zərbəsindən sonra ehtiyat məqsədilə dayandırıldı, Fujairah sənaye zonasına isə göydə vurulan dronun qalıqları səbəbilə yanğın düşdü. Martın 11-də İranın Al Dhafra bazasındakı ABŞ hərbçilərini dronlarla hədəfə aldığını bəlli oldu. Başqa sözlə, BƏƏ-də həm mülki, həm liman, həm enerji, həm də hərbi obyektlərə təsir edən çoxşaxəli zərbə kampaniyası olub.

Bəhreyndə də hücumlar real fiziki zərər yaradıb. Fevralın 28-də ABŞ Beşinci Donanmasının xidmət mərkəzinə raket hücumu olduğu qeyd edildi. Mediada dərc edilən foto və peyk materiallarında Juffairdə zədələnmiş bina, Seef rayonunda yanan obyekt və Beşinci Donanma bazasında partlayışlar olduğu göstərildi. Martın 11-də İran Juffair dəniz bazasında toplaşmış ABŞ hərbçilərini də dronlarla hədəfə aldı. Yəni Bəhreyn sadəcə “səmada vurulan” ölkə deyil; burada həm ABŞ hərbi infrastrukturu, həm də şəhər məkanı zərər görüb.

Qətərdə hücumların iqtisadi təsiri xüsusilə böyük olub. Martın 2-də Ras Laffan kompleksində İran dron zərbələri səbəbilə mayeləşdirilmiş təbii qaz istehsalının dayandırıldı. Eyni zamanda Mesaieed sənaye zonasının da vurulub. Martın 4-də İran xarici işlər naziri raketlərin “Qətərə yox, ABŞ maraqlarına” yönəldiyini iddia etdi, rəsmi Doha isə bunu qəti rədd etdi. Martın 11-də İran İnqilab Keşikçilərinin ABŞ-ın Əl-Udeyd bazasına raket atdı. Bu səbəbdən Qətərin enerji infrastrukturu birbaşa hədəf olub.

Səudiyyə Ərəbistanında ən mühüm zərbə Ras Tanura emal zavoduna olub. Martın 2-də dron hücumundan sonra zavodun işinin dayandırıldığı və yanğın baş verdiyi barədə məlumatlar oldu. Martın 4-də Saudi Aramco şirkətinin rəhbəri həmin yanğının söndürüldüyünü və obyektin yenidən işə salınmağa hazırlandığını bildirdi. Bundan başqa, martın 2-də Riyaddakı ABŞ səfirliyinə iki dronun dəydiyini, yanğın baş verdiyi qeyd olundu. Səfirliyin binası zərər almışdı. Bu baxımdan Səudiyyə Ərəbistanı İran zərbələrindən ciddi enerji və diplomatik risklə üzləşən ölkələrdən biridir.

Oman əvvəlcə daha çox dolayı təsir altındaydı, amma martın 11-də birbaşa zərbə aldı. Beynəlxalq təşkilatların məlumatına görə, Salalah limanında yanacaq çənləri dronlarla vuruldu, yanğın başladı və liman əməliyyatları dayandırıldı. Həmin gün Oman sahilləri yaxınlığında və Hörmüz boğazında gəmilərin də zərbə aldığını, ekipajların təxliyə olunduğu bəlli oldu. Buna görə Omanı artıq yalnız “keçid zonası” kimi yox, birbaşa hücuma məruz qalan ölkə kimi saymaq lazımdır.

İraqda vəziyyət iki xətt üzrə inkişaf edib. Birincisi, martın 11-də İran İnqilab Keşikçilərinin İraq Kürdüstanındakı Əl-Hərir bazasına raket atdı. İkincisi, eyni gündə İran qayıqlarının İraqın ərazi sularında iki yanacaq tankerinə hücum etdiyi, gəmilərin yandığı, bir ekipaj üzvünün öldüyü bildirildi. Bu səbəbdən İraqın neft liman əməliyyatlarını dayandırdığı məlum oldu. Bundan əlavə, Bağdad Diplomatik Dəstək Mərkəzinə dron zərbəsi oldu. İran dəstəkləyən qruplar da İraqa hücum etdi. Yəni İraq həm birbaşa İran zərbəsi, həm də İranayönlü teror qrupların hücumları baxımından ən ağır təsir görən ölkələrdən biridir.

Səmada məhv edilən hücumlar

Küveyt raket hücumlarına məruz qalıb və səmada məhv edilib. Bununla belə zərərdən uzaqlaşa bilməyiblər. Fevralın 28-də Küveytin İran raketlərini ələ keçirdiyi qeyd edildi. 10 martda dərc edilən beynəlxalq statistikaya görə, 9 martadək Küveyt 120 ballistik raket və 308 dron aşkarlayıb; 6–9 mart arasında bunların bir hissəsini vurub, 2–5 mart üçün isə tam say açıqlamayıb. Martın 9-da Küveytdə beş ölüm, onlarla yaralı barədə də xəbərlər verildi. Küveytdə əksər hücumları havada qarşılayıb, amma itki və zərər yenə də olub.

Türkiyə üzrə təsdiqlənən əsas hadisə 4 martda olub. İran ballistik raketi Türkiyə hava məkanına doğru gəlib, NATO hava müdafiəsi onu Şərqi Aralıq dənizi üzərində məhv edib, qalıqlar Hatay yaxınlığına düşüb. Hədəfin dəqiq nə olduğu aydın deyildi, amma İranın Türkiyəni hədəf alması ortada idi. Təsdiqlənmiş itki yoxdur. Yəni Türkiyə faktiki hücum dairəsinə düşüb, amma əsas zərbə havada dayandırılıb.

İordaniya da birbaşa raket axınının keçdiyi ölkələrdən biridir. Fevralın 28-də İordaniya İran raketlərini və uçan obyektləri ələ keçirib.

Suriyada fevralın 28-də İran raketi Süveyda şəhərində binaya düşüb, dörd nəfər ölüb. Beynəlxalq mənbələr bu xəbərin doğruluğunu təsdiqləyir. Buna görədə “İran raketi nəticəsində zərər görən ölkə” siyahısında Suriya da yer alıb.

Kiprə edilən hücumlara dair başqa məlumatlar da var. Məsələn bildirilir ki, RAF Akrotiri bazasına dəyən zərbə İran istehsalı Shahed dronu ilə olub, amma böyük ehtimalla Livandan Hizbullah tərəfindən buraxılıb. Yəni zərbə İran Respublikası birbaşa atılmasa da “İran mənşəli” olub.

Araşdırmamızın nəticəsinə görə, 13 mart 2026-a qədər İranın bu müharibədə raket/dron hücumlarına məruz qalan bütün ölkələr bunlardır: İsrail, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Oman, Türkiyə, İordaniya; əlavə olaraq Suriya İran raketinin düşməsi nəticəsində zərər görüb. Kipr isə çox güman Hizbullahın İran istehsallı dronu ilə vurulub və buna görə ayrıca, qeyri-birbaşa kateqoriyadadır. Ən geniş dağıntı isə açıq fərqlə İsrail, BƏƏ, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Oman və İraqda qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 482

Oxşar yazılar