Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı son illər dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və kadr hazırlığının gücləndirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir. Ölkədə rəqəmsal infrastrukturun inkişafı, yüksək sürətli internetin əhatə dairəsinin genişləndirilməsi və dövlət xidmətlərinin elektron formatda təqdim olunması istiqamətində işlər aparılır.
Eyni zamanda, təhsil sahəsində də informasiya texnologiyalarının tətbiqi genişləndirilir. Bu istiqamətdə yeni ixtisasların yaradılması da planlaşdırılır. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlamasında bildirdi ki, ali təhsil müəssisələrində süni intellekt üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.
Bəs görəsən, bütün perspektivlər, hədəflər və nailiyyətlərə baxmayaraq, mütəxəssislər ölkədə informasiya kommunikasiya texnologiyalarının inkişafını necə qiymətləndirirlər?
İnformasiya kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Fərhad Mirəliyev Lent.az-a açıqlamasında bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi Azərbaycanda müsbət yöndədir:

“Səviyyədən bəhs ediriksə, burada baxış bucağımız, baxdığımız yer əsas rol oyanır. Bu baxımdan həm müsbət, həm də mənfi fikirlər söyləmək olar. Fikrimcə, ümumi tendensiyalar və gələn siqnallar müsbətdir. Prezidentin keçirdiyi müşavirədə rəqəmsal arxitektura və süni intellektin inkişafı ilə bağlı müəyyən olunan hədəflərə çatmağın işartılarını gördük, dünyada gedən inkişaf proseslərindən geri qalmamaq üçün hansı istiqamətlərdə hərəkət etdiyimiz müəyyənləşdi. Müşavirədə qoyulan hədəflərə çatılsa, böyük inkişaf əldə olunar. Lakin hələ ki, müəyyən məsələlər gözləmə mövqeyindədir. Həmin istiqamətlərdə işlər ləngiyir.
Xarici təcrübənin ölkədə tətbiqi, yüksək texnologiyaların Azərbaycana gətirilməsi, texnoloji şirkətlərin Azərbaycan ofislərinin açılması, startapların, xüsusən də özəl sektorda dəstəklənməsi, geniş vüsət alması, o cümlədən İKT sahəsində çalışanların məvaciblərinin yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılmasıı üçün cəhdlər olmalıdır.
Müşavirədə hibrid iş rejimi ilə bağlı da fikirlər səsləndirildi. Frilanserlər üçün məsafədən çalışmağın hüquqi normaları ilə bağlı qanun qəbul edildi, lakin təcrübədə bunun necə gerçəkləşəcəyini hələ gələcəkdə görəcəyik. Bu istiqamətdə real işlər yekunlaşdıqda, İKT sahəsində tərəqqi əldə edildiyi ilə bağlı dəqiq fikir bildirə bilərik. Hələ ki, sadaladığım məsələlərdə gözləmə mövqeyindəyik”.
İKT mütəxəssisi qeyd edib ki, inkişaf getdikcə etik kodekslər qurulmalıdır:
“İstənilən bir sahədə, eləcə də İKT-də standartlar, təlimatlar, siyasətlər, prosedurlar olmalıdır. Kibertəhlükəsizlik və süni intellekt sahəsi standartlar üzərində qurulub. Burada unikal təcrübə tətbiq olunur, heç kim öz bildiyi üzrə davranış sərgiləyə bilməz. Məhz qaydalar fəaliyyətləri çərçivə daxilində tənzimləyir. Süni intellektin davranış qaydaları ilk yaradıldığı vaxtlardan bəri tənzimlənib. Düzdür, əvvəllər süni intellektin çaşdırıcı suallarla, sorğularla aldadılması kimi hallar var idi, amma indi o daha da təkmilləşib. İKT, informasiya təhlükəsizliyi sahələrində standartlar qəbul olunub. Dövlət qurumlarında da onların tətbiqinə başlanılır”.
Bəs görəsən, təhsildə süni intellekt ixtisasının açılması sahədəki boşluqları dolduracaq? İxtisasın tədrisi necə aparılmalıdır?
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Lent.az-a açıqlamasında bildirib ki, süni intellekt ixtisasında bu sahənin peşəkarları dərs deməli, nəzəriyyədən çox praktikaya üstünlük verməlidirlər:

“Süni intellekt müxtəlif sahələrə inteqrasiyası baş verir. Elə bir sahə yoxdur ki, orada süni intellektdən istifadə olunmasın. Bu ixtisasın yaranması həmin ixtisas məzunlarının süni intellekt sahəsini başqalarına izah etmələrinə müsbət təsir edə bilər. Bu müsbət təsirin nəticəsində o, Azərbaycanda məşhurlaşar və daha çox insan tərəfindən istifadə olunar.
Hazırda deyə bilərik ki, süni intellektin təhsildə istifadə olunmasına ehtiyac var. Onun istifadəsi bir çox işi asanlaşdıra, müasirləşdirə bilər. Süni intellektin inkişafla paralel olaraq bizim də inkişafımız zəruridir. O, elə bir intellekt növüdür ki, öz-özünə düşünür və qərar verə bilir. Bizim görə biləcəyimiz bir çox işi süni intellekt edəcək. Bu baxımdan süni intellekti öz işlərimizdə istifadə edə bilməyimiz çox aktualdır. Müəllim də, mühəndis də, hakim də, həkim də süni intellekti öz peşələrinə inteqrasiya etməyi bacarmalıdırlar. Bu zaman insanlar daha çox iş görərək, daha az yorulacaqlar. Bu ixtisas kompüter mühəndislərinin, informasiya texnologiyası sferasında çalışanların mütəxəssislik sahəsidir. Universitetlərdə İKT, İT fakültələrində bu ixtisas açılmalı, dünyadakı yeni trendlər öyrənilməli, praktiki formada öyrənilməli, peşə adamları dərs keçməlidirlər. Nəzəriyyədən daha çox praktika bu ixtisasın əsasını təşkil etməlidir”.
Yazı Medianın İnkişafı Agentliyinin informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi mövzusunda dərc edilib.
