Braziliyalı məşhur bloqer Alzira Mariya Teodoro Luis güllələnərək öldürülüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kənd təsərrüfatı mövzusunda səhifəsi olan 43 yaşlı qadının meyiti evində aşkarlanıb.
Onun baş nahiyəsindən güllə yarası aldığı müəyyən edilib. Polisin ilkin versiyasına görə, bloqer son ana qədər silahlılardan qaçaraq canını qurtarmağa çalışıb. Şahidlərin ifadəsinə əsasən, cinayətkarlar qadının evinə motosikletlə gəliblər.
Ehtimal edilir ki, Alzira hadisə zamanı evinin eyvanında olub. Hücum edən şəxslər atəş açdıqda güllələrdən biri divara dəyib. Qadın xilas olmaq üçün otaqlardan keçərək evin arxa hissəsindəki pəncərədən çölə çıxmağa çalışsa da, məhz həmin anda başından aldığı ölümcül güllə yarası nəticəsində həyatını itirib.

Qonşular istintaqa bildiriblər ki, hadisə zamanı üç-dörd dəfə atəş səsi eşidiblər. Polis hadisə yerindən 9 millimetrlik patron gilizləri, güllə qalıqları, mərhumun mobil telefonu, eləcə də qonaq otağının divarından asılmış pnevmatik tüfəng götürüblər.
Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar. Şahidlər onların motosikletlə qonşu Aymores şəhəri istiqamətində torpaq yolla hərəkət etdiyini görüblər. Lakin motosikletin qeydiyyat nişanını müəyyən etmək mümkün olmayıb.
Minas-Jerays ştatının mülki polisi faktla bağlı istintaqa başlayıb. Hadisənin ən diqqətçəkən məqamlarından biri isə Alziranın ölümündən cəmi bir neçə saat əvvəl sosial şəbəkədə son paylaşımını etməsi olub. O, həmin videoda məhz sonradan qətlə yetirildiyi eyvanda sakit şəkildə səhər qəhvəsini içərkən görüntülənib.