Havaların isinməsinə baxmayaraq, hələ də bəzi marşrut avtobuslarında soyutma sistemi işləmir.
Lent.az xəbər verir ki, ötən gün 65 nömrəli marşrut avtobusunda sərnişinlər ilə sürücü arasında “kondisioner mübahisəsi” olub.
Avtobus tamamilə dolu olduğu və uzun müddət tıxacda qaldığı üçün sərnişinlər sürücüyə kondisioneri işə salmağı bildiriblər.
Sürücü isə şikayətlərə əhəmiyyət verməyərək, yoluna davam edib.
Bəs görəsən, isti havalarda metro vaqonlarda soyutma və havalandırma sistemi işləməsinə baxmayaraq avtobuslarda buna niyə əməl edilmir? Soyutma sistemlərinin işlək olması ilə bağlı sürücülərə tapşırıq verilibmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sərnişin daşıyıcılarına xəbərdarlıq verilib:
“Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb”.