O, hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi. Əslində çox mehriban, səmimi, işgüzar, çox qayğıkeş insan idi. Dərdi də, sevinci də çox böyük yaşayırdı, boz yox idi onun üçün. Geyimi kimiydi, xarakteri kimiydi, deyirdi, ya ağ olacaqsan, ya qara. Elə bizdə də onu ekranlardan ya qara uzun boyunlu jaketdə, ya da ağ köynəkdə görürdük. Xarakteri ilə oynadığı rollar arasında uçurum var idi.
Özü mehriban, ürəyiyumşaq idi, “Teymurləng”i qəddar, qaniçən, o ağıllı, təmkinli idi, “Mötəsimbillah”ı dəli və zalım. O vicdanlı vətəndaş idi, hamı ona güvənir, inanırdı, “İmaş”a isə qorxudan kimsə yaxın durmurdu.
Hansı rolda çəkilməsindən asılı olmayaraq, obraza kolorit qatır, möhür vurur, bir daha kimsə onu təkrar edə bilmirdi.
Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan kəndində həkim ailəsində doğulmuşdu. Ailədəkilər həkim olmağını gözləyirdilər, o isə uşaqlıq arzusunun dalınca getdi.
Cəmi 49 il yaşadı, uğurlu aktyor həyatı oldu. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı kimi böyük sənətkarlardan xeyir-dua almış, oyunçuluğu ilə onları heyrətləndirə bilmişdi.
Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənmişdi. Filmlərə tez-tez çəkirdilər onu. Dublyaja, "Mozalan"a da dəvət edirdilər. İşləməkdən yorulmazdı.
Çox xeyirxah insan idi. Bir dəfə maşınla qəzaya düşüb, ağır vəziyyətdə xəstəxanada yatırmış. Həmin günlərdə Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətin xanımı da, yol qəzasına ağır yaralanır, çənəsi sınır.
Azər Paşa Nemət xanımını xəstəxanaya gətirəndə dəhlizdə Hamletlə qarşılaşır, Hamlet özü gipsdə, sarğıda olmasına baxmayaraq, həkimlərdən xəstənin qayğısına qalmağı xahiş edir. Həkimlərin ona çox böyük hörməti var idi. Məşhur olduğuna görə yox, kişiyana, mərd xarakterinə görə.
Özündən sonra iki balası qaldı - Aygün və Xumar. Hər zaman onlara “bu dünyada aktyor kimi iz buraxmaq bir ayrıdır, insan kimi əməllərinlə iz qoymaq bir ayrı”, deyərmiş. Hamlet Xanızadənin həyat yoldaşı Nailə xanımla sevərək evlənib, romantik tanışlıqları olub. Dostluq elədiyi Kamal Xudaverdiyevin evinin eyvanında görmüşdü gələcək ömür-gün yoldaşını. Eyvanından Nailə xanımgilin eyvanı görünürmüş. Eyvana çıxan ipək saçlı qıza aşiq olur. Hərdən zarafatla oxuyarmış:
O eyvandan bu eyvana
Nə baxırsan yana–yana…
Sonralar yaxından tanış olanda məlum olur ki, ikisinin də anası həkimdir və Əzizbəyov adına doğum evində birlikdə işləyirlər. Hamı Nailə xanıma aktyorla ailə qurmaqdan çəkinməyi tövsiyə edib. O isə kiminlə ailə qurduğunu, ona güvəndiyini deyib. Hamletin ölümünə qədər sevgi içində yaşayıblar. Nailə xanımla Hamletin qızlarının ikisi də incəsənət təhsili alıblar.
O, əslində 20 Yanvar şəhididir. Adı adlar içində olmasa da. 1990-cı ilin 20 Yanvar hadisələri onu dəhşətli dərəcədə sarsıdır. 20 yanvar gecəsindən sonra ürəyi tutur, infarkt keçirir. Lakin yataqda qalmaq istəmir. Xalqın, millətin dərdi yaman yer edir ürəyində, gah meydanlara gedir, gah hospitallara, gah da məzarlıqlara. Fevralın 3-də aktyor yoldaşları ilə Şəhidlər Xiyabanını ziyarət edir, halı yenidən pisləşir. Aktyor dostu Bürcəli Əsgərovun həkim oğlu da yanındaymış, əvvəl evə gəlirlər, aktyorun halı özündə deyilmiş, başını tutub durur. Dostunun oğlu dərhal xəstəxanaya aparır və həmin gün Hamletin ömrünün son günü olur. Şəhidlərin dərdi ilə infarkt keçirmiş orqanizmə bir zərbə də beynindən gəlir, beyninə qan sızır. Onu Şəhidlər Xiyabanında deyil, anadan olduğu kənddə basdırılar. Amma bu gün də hər kəs yaxşı bilir ki, Hamleti xalqın dərdi, faciəsi öldürdü.
O, “İblis”lərin dünyasında, “Dəli yığıncağı”nda yaşaya bilmədi.