Bu gün Milli kinomuzun əvəzolunmaz aktyorlarından biri, möhtəşəm ifaları ilə yaddaşlarda və ürəklərdə özünə yer eləmiş, xalqın sənətkarı Həsən Məmmədovun anım günüdür. Lent.az bu gün "Bir ulduz axdı" layihəsində onu xatırlayır.
O, "Böyük dayaq" filmində “Qaraş”, "Arşın mal alan"da “Əsgər”, "Gün keçdi" də “Oqtay”, "Arxadan vurulan zərbə"də “Qəmərlinski”, "İstintaq"da “Murad”, "Dədə Qorqud"da “Dədə Qorqud”, "Axırıncı aşırım"da “Abbasqulu” ağa Şadlinski, "Yeddi oğul istərəm"də “Bəxtiyar”, "Bir cənub şəhərində" “Murad”, "Qəm pəncərəsi"də “Məmmədhəsən əmi”, "Papaq"da “Mirzə Səfər” kimi rəngarəng rollarla adını kinomuzun tarixinə qızıl hərflərlə həkk etdirib.
İstənilən rolun öhdəsindən asanlıqla gələ bilirdi, lakin hər rolu da ifa eləmirdi. Onun qəhrəmanları mərd, ağırbaşlı Azərbaycan kişiləri idi - elə özü kimi.
Aktyor olmasına baxmayaraq, çox abırlı, həyalı bir kişiydi Həsən Məmmədov. Ömrünün sonuna qədər heç bir filmində açıq-saçıq səhnələrə çəkilmədi, bu təklifləri rədd etdi.
“Böyük dayaq” filmi onun kinoda uğurlu debütü olmuşdu. Atasının istəyi ilə Bakı Dövlət Universitetinə qəbul olunsa da, ali məktəbi atıb arzularının, aktyorluğun arxasına düşmüşdü. Buna görə də atası ondan möhkəm incimişdi. İncikliyi bir də o zaman keçdi ki, rayonda hamı Ağamməd kişinin oğlu Əbdülhəsənin (əsl adı beləydi) yaxşı artist olmasından, “Qaraş”dan danışdı, atası oğluyla qürur duymağa başladı. “Qaraş” obrazına çəkiləndə Həsən çox gənc və təcrübəsiz idi, Ələsgər Ələkbərov kimi böyük bir aktyorla tərəf müqabili olmağın həyəcanı da bir yandan. Aktyor sağlığında özü danışırdı ki, filmdə kadrlardan birində Rüstəm kişinin oğlu Qaraşa vurduğu şapalaq həqiqi olub:
”Sanki qulağımın dibində tapança partladı, diksindim, amma rejissor çəkməyə davam edirdi. Çəkilişdən sonra Ələsgər Ələkbərov məni bağrına basıb, könlümü aldı”.
Həsən o qədər abırlı adam idi ki, açıq səhnələrə çəkilməyə əsla razılıq vermirdi. Filmdə Maya ilə qucaqlaşdığı, barışdığı son səhnədə o tələb edib ki, pavilyonda heç kim qalmasın.
Özü hər zaman sırtıq adamlardan zəhləsi getdiyini deyərdi. Hansı məclisə getsə, qabağa düşməz, arxalarda bir yerdə oturardı. Özünü əsla “yekə” aparmaz, şöhrətinin işığından başı gicəllənməzdi.
“Gün keçdi” filmində də ssenariyə əsasən, “Əsmər”lə öpüşmə səhnəsi olmalı və “Əsmər”i evinə dəvət etməliydi. Lakin Həsən rejissorla danışıb, ssenarini dəyişdirir: “Oqtay evli bir qadını öpməməli, evinə dəvət etməməlidir”, deyə etirazını bildirib.
Kəndli balası “Qaraş”la içərişəhərli “Oqtay”ın bənzər yönləri də bu idi - kişi həyası, kişi abrı.
Bu arada həmkarı aktyor Ənvər Həsənovun danışdığı kiçik bir xatirəni qeyd etmək yerinə düşərdi. Çexoslovakiyada qastrolda olarkən şəhər gəzintisinə çıxıb və Praqada bir dəstə xanım onu tanıyıb düşüb arxasınca. Bu qadınlar SSRİ-dən gedən turistlər imiş. Həsən Məmmədov isə sadəcə qaçıb. Avtoqraf verməyə utanıb. Ümumiyyətlə üzə çıxmağı, önə keçməyi, tədbirlərdə, iclaslarda danışmağı heç sevmirdi, bir bəhanə tapıb qaçırdı.
“Şadlinski” obrazına çəkilərkən də çox gənc idi. Ustadı Ədil İskəndərovla tərəf müqabili olmaq ona sevincdən çox həyəcan verib. Bu barədə özü belə danışırdı:
”Ədil müəllim mənim müəllimim olmuşdu. Mən, daha doğrusu, “Abbasqulu ağa” ona öyüd-nəsihət verməliydim, bunu etməyə utanırdım, arada hətta müəllimimin üzünə bozarmalıydım da. Ədil müəllim, mənə hirsləndi: Qadam, bu yumşaqlıqda “Şadlinski” olmur, oyununu düz oyna, sənin qabağında müəllimin yox, “Kərbəlayi” var”.
“7 oğul istərəm” filmindəki “Bəxtiyar” obrazını o özü seçmişdi. Ssenarini oxuyub “Bəxtiyar mənəm” demişdi. 1970-ci ildə Bəxtiyar roluna görə “Respublika Lenin komsomolu” mükafatı laureatı adını almışdı.
“İstintaq” filmində o müstəntiq roluna çəkilməliydi, lakin rejissor bu rola Rusiyadan Kalyagini dəvət etdikdən sonra onu “Murad” obrazında görmək istəyir və bu rol Həsənə “SSRİ Dövlət Mükafatını” qazandırır.
Tələbə vaxtı kirayədə qaldığı məhlədə Lətifə adlı bir tələbə qızı sevmişdi. Elə onunla da evlənib, bir qız, bir oğul atası olur. Dövlətin onlara verdiyi evdə çox sadə, bir qədər də kasıbyana ömür yaşayıb. Övladlar “şöhrətli atanın uşağı olmaq” kimi bir məvhumdan uzaq böyüyürdülər. Ömrünün son illərində Həsənağa Turabovun dəvəti ilə Azərbaycan Dövlət Dram teatrında işləyir, elə son mənzilə də bu teatrın səhnəsindən yola salınır.
Onu bu dünyadan aparan səbəb ürəyinə yığdığı yük idi. Özü də ağırbaşlı insan idi, ürəyinin yükü də ağır idi. Bir gün dözmədi o ürək. Həsən Məmmədov 2003-cü ilin avqustun 26-da 65 yaşında vəfat etdi, II Fəxri Xiyabanda dəfn olundu.
Sağlığında layiqli qiymət almış sənətkar idi.
Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Ən böyük mükafatı isə Tanrının ona verdiyi istedad, istedadının, əməyinin bəhrəsi olan şöhrət və tamaşaçı sevgisiydi.