Xəbər verdiyimiz kimi Xalq artisti Şahnaz Haşımova yüksək şəkər və beyin qan dövranının pozulması diaqnozu ilə Bakıyda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
Şahnaz xanımın bacısı, Əməkdar artist Aybəniz Haşımova Lent.az-a müğənninin son durumu ilə bağlı açıqlama verib.
“Gəncədə vəziyyəti çox kritik idi. Mən heç kimə bildirmədim, amma Şahnaz xanımın vəziyyəti heç yaxşı deyildi. Sağ olsun, bizimlə maraqlanan, qayğı göstərən hər kəsə minnətdaram. Şahnaz xanım bu gün özü ayağa qalxıb, yeriyə bilib. Kömək olmadan yataqdan qalxa bilmirdi. Artıq özü yeriyə bilir. Mən göstərdikləri qayğı üçün bütün həkimlərə minnətdaram. Onun sənətini sevib, duasını əsirgəməyən xalqımızın qarşısında baş əyirəm”,- deyə o qeyd edib.
“Gəncə İcra Hakimiyyətinin rəhbərliyi, səhiyyəsi, Mədəniyyət idarəsi bütün imkanları daxilində bacım üçün əllərindən gələni etdilər. Milli Məclisin deputatı çox dəyərli həkim kardioloq Rəşad Mahmudov müalicəsinin davamını Gömruk Hospitalında davam etdirməyə israr etdi. Sağ olsun. Mədəniyyət nazirimiz Adil Kərimov da maraqlanıb, diqqətini əsirgəməyib. Yüksək qaygı, diqqətə görə ailəmiz adından media nümayəndələrinə , narahat olan hər kəsə minnətdaram”, - deyə Aybəniz xanım əlavə edib.
Onun sözlərinə görə Şahnaz xanım hələ bir müddət xəstəxanada müalicəsini davam etdirəcək.