Şah toya çağırdı, deputatlıqdan imtina etdi, ürəyi şişdi -  SƏBUHİ MƏMMƏDLİ YAZIR
05 yanvar 2022 20:15 (UTC +04:00)

Şah toya çağırdı, deputatlıqdan imtina etdi, ürəyi şişdi - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Qızının toyundan bir gün əvvəl qəfil dünyasını dəyişmişdi. Bacısının qolları üstə. Və cəmi 57 yaşında...Bir qədər əvvəl isə həkimə aparmışdılar. Uzun müayinədən sora həkim təəccüblə onun üzünə baxmışdı. 
- Daha oxuma, sənin ürəyin şişib! 
Əvvəl heç nə başa düşməmişdi yaxınları. Necə yəni ürəyi şişib? Ürək də şişərmi? 
Demək, şişərmiş...
Demək, belə bir bəlaya da mübtəla olarmış insan övladı...
Demək, hər şey elə bura qədərmiş, ürək şişənə qədər... 
Demək, o səslə, o avazla, o ürəklə oxuyanda…ürək şişərmiş.

Haqqında əfsanələr gəzib. Doğumu barədə də, ölümü haqda da. 1924-cü ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olub. Amma sənədində nədənsə 22-ci il yazılıb. Elə bu səbəbdən də 17 yaşında müharibəyə gedib. 
 Atası Şahverdi sadə bir kəndli, torpaqla əlləşən, ruzisini torpaqdan çıxaran bir adam olub. Anası Soltanxanım Müslim qızı evdar qadın idi. Şahverdi kişinin Güldəstə, Xankişi ( sonradan Stalinqrad cəbhəsində həlak olub), Turabəyim, Zülfü, Leyli, Şölə, Şahlar adlı övladları olub. Hə, bir də o: Şakir Şahverdi oğlu Hacıyev. İllər keçəcək, nəinki bütün Azərbaycanın, şərq dünyasının aşıq Şakir kimi tanıyacağı bir əfsanə.
Deyilənə görə,  Şahverdi atası Hacı kişidən xalq dastanlarını öyrənibmiş. Dövrün məşhur Şirvan aşıqları Aşıq Bilal, Aşıq Mürsəl, Aşıq İbrahimlə dostluq edərmiş. Elə Şakir də bu dastanları, nağılları, atasından öyrənir uşaq vaxtlarında. Həmin vaxt onların kəndində məktəb olmadığından balaca Şakiri qonşu Ərəbmehdibəyli kəndinə göndərirlər. Hələ məktəbdə onun fitri istedadı üzə çıxır. Əvvəl evlərində, ailədə ona qulaq asırlar. Belə qərara gəlirlər ki, onu göyçaylı Aşıq Mürsələ şagirdliyə versinlər. 1927-ci ildən, 41-ə qədər, düz 4 il onun yanına gedib gəlir.

Hə, ta müharibə başlayana qədər. 
Əslində deyilənə görə, Aşıq Mürsəl bir az qısqanc adam imiş. Şəyird-filan saxlamağı sevməzmiş. Amma bi gün Xəlilliyə toya gəlir. Ağsaqqallar ondan 15 yaşlı Şakirə qulaq asmağı xahiş edirlər. Həmin məclisdə Şakirin nə oxuduğu məlum deyil. Məlum olan təkcə budur ki, Aşıq Mürsəl onu sonacan dinləyir, hətta başqa nəsə oxumağı xahiş edir. Sonra isə üzünü məclisə tutub deyir: “Mən axtardığımı tapdım”.

Və müharibə başlayır. 17 yaşlı Şakir düz 5 il orduda olur. Hətta yaralanır da. 1946-cı ildə Kürdəmirə qayıdır. Rayon mədəniyyət  idarəsində işə düzəlir. Məhz bu amil onun yaradıcılıqla daha rahat məşğul olmasına imkan yaradır. Bir-birinin ardınca “Kəndimiz”, “Maral”, “Nə bağ bildi , nə də bağban”, “Şirvan şikəstəsi”, “Bala nərgiz” havaları...
Gənc Şakir artıq bütün ölkəyə səs salır. O, saz havalarını və muğamı elə ustalıqla sintez edir ki, bu, sənətdə az qala inqilab sayılır.

Nəvəsi Babək Lent.az-a danışır ki, onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər Azərbaycan aşıq sənətində yenilik idi.
“Təsəvvür edin, babamı ən çox Bakı kəndlərinə toya çağırırdılar. Bilirsiniz ki, o kənlərdəki məclislərdə muğam həmişə hakim mövqedə olub. Babam muğamı elə mükəmməl bilirmiş ki, aylar öncədən onu öz toyunda görmək istəyənlər növbə tutardılar. Bakıda elə bir tanınmış adam yox idi ki, onun toyunda oxumasın”.

Toydan söz düşmüşkən, qadınlar həddən artıq yaraşıqlı və suyuşirin olan aşıq Şakirə vurularmışlar. Şakirin yeganə tələbəsi olmuş məşhur xanəndə Əvəzxan danışır ki, o vaxt toylarda aşıq məclisə girməzdən əvvəl xanəndəsi gələr, 2-3 mahnı oxuyub, məclisin  havasını dəyişərdi. Aşıqlar da sifariş olunan mahnıları oxuya-oxuya, təriflər deyə-deyə, toyxanada dövrə vurardılar. Toya gələnlər də, qarşısında dayanıb oxuyan aşığa bir manat  pul verərdi. “Şəxsən Aşıq Şakir bir manatdan artıq pul götürməzdi. Pulu alandan sonra  isə sağ əlinin arxası ilə, hörmət və minnətdarlıq əlaməti olaraq, həmin şəxsin biləyinə vurardı.

Adətən o vaxtkı çadır toylarında qadınlar çadırın arxasından, gizlin baxardılar. Belə toyların birində, arxadan çadır aralandı, bir  xanım  Aşıq Şakirə qırmızı onluq uzatdı. Ustad qalanın qaytarmaq istəyəndə, əli ilə, işarə elədi ki, gərək deyil. Aşıq ikinçi dövranını edəndə, çadır bir az da geniş açıldı. Baxdıq ki, bir gözəl zənən, gözəlliyi göz qamaşdırır. Bir onluq da uzatdı  aşığa. Şakir  bu pulu da götürəndə, zənən onun qolundan yapışıb qayıtdı: “O əlinlə mənim də qoluma bir vursan, dünya dağılmaz ki...”

***

Gənc Şakir 1947-ci ilin may ayının 17-də Aişə Hacı Qarakişi qızı ilə ailə qurur. Toylarını da nağılçı ustad Pirməmmədlə balabançı Əşrəf Mürşüd oğlu edir. Şahverdi kişinin qapısında üç gün, üç gecə toy çalınır.
Burda bir məqama mütləq toxunmalıyıq. Evləndikdən illər keçsə də, ailədə uşaq səsi eşidilmir.  Bu vaxt Ayşə özü Şakirə deyir ki, get, başqasıyla evlən, züryətsiz qalma. Şakir Badamxanım adlı bir qızla evlənir. Necə deyərlər, iki arvadla yaşamağa başlayır.
Nəvəsi Babəkin danışdıqlarından:

- Təsəvvür edin, möcüzə baş verir. Badamxanım hamilə qaldığı il, Ayşə də babamdan hamilə qalır. Sonradan babamın hər iki xanımdan bir neçə uşağı dünyaya gəlir. Və ən maraqlısı bilirsinizmi nədir? Həmin vaxt babam Azərbaycan SSR Ali Sovetinin deputatıymış. 1955-ci ildə Kürdəmir rayonunun Mollakənd seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilibmiş. Qeyd etmək lazımdır ki, bu etimad aşıqlar arasında yalnız Şakirə qismət olub. Babam isə sonradan deputatlıqdan imtina etmişdi. Çünki sovet qanunlarına görə, ikiarvadlılıq yol verilməz idi.                                      

Aşıq Şakir 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən “Xalq aşığı” fəxri adı verilir. 30 il ərzində demək olar, ki, bütün dövlət tədbirlərinin iştirakçısı olur. 

 


Babək deyir ki, onun filarmoniyadakı  konsertlərində iynə atsan yerə düşməzmiş. Heç vaxt da mikrofondan istifadə etməzmiş. Elə gur səsi varmış ki, sanki nərə çəkərmiş oxuyanda. Danırlar ki, məşhur balabançı Həsrət Hüseynovla Ağsuda toydaylarmış. Yay fəsli, gecə yarı, təmiz sakit hava. Camaat bir də görür ki, toy çadırı bərk silkələnir. Kimsə sanki çadırın üstünü dağıdır. Bayıra çıxanda görürlər ki, bir neçə durna, hardansa uçub gəlib özlərini çadıra vururlar.

Şakiri hamı qəbul edib; Azərbaycanın bütün aşıq məktəbləri. Babək deyir ki, babam öləndə tovuzlu aşıq Əkbər üç gün, üç gecə başına vurub ağlayıbmış. Şakiri hamı ustad kimi qəbul edirdi. Onunla, onun sənətiylə hesablaşırdılar. 
Aşıq Şakiri nəinki Şirvanda, Təbriz və Urmiyada, Borçalı və Qarabağda, Göyçə və Qazaxda məclislər qurdu, dağlar diyarı Kəlbəcərdə Dədə Şəmşirin istəkli qonaqlarından biri idi.
Təbrizdən söz düşmüşkən, bir dəfə İran şahı radioda ona qulaq asarkən, səsinə vurulur. Babək deyir ki, şah onu İrana dəvət edir. Özü də nəvəsinin toyuna. 
“O vaxtlar da sərhədlər bağlıydı. Şakir min bir əziyyətlə Tehrana gedir, həmin toyda iştirak edir. Şah ona ənam olaraq qızıl xoruz fiquru bağışlamışdı. Sonadan sərhədi keçəndə sovet hökuməti həmin əşyanı onun əlindən almışdı. Heç bilinmir indi haradadı.

Aşıq Şakir 2 dastanın, 20-yə qədər qoşma, gəraylı və müxəmməsin müəllifidir. Babək deyir ki, getdiyi toylarda heç kimlə pul danışmazmış. Əksinə, bütün toylara pul salarmış. Məclis əhlinin ürəyi hansı dastanı istəsəydi, onu ifa edərmiş. Xeyli dastanı isə əzbər bilərmiş.

"Bir gün bir toyda üç dəfə ondan Abbas və Gülgəz dastanını nağıl etməyi xahiş ediblər. Üç dəfə də oxuyub. Məşhur kamança ustası rəhmətlik Habil Əliyev deyirdi ki, xalq Aşıq Şakirdən doymadı"… 

Əlibaba Məmmədov danışarmış ki, eşidəndə ki, Aşıq Şakir Bakının filan kəndinə toya gəlib, o gün nə vacib işim vardısa qoyurdum bir kənara. Ətrafıma beş-on nəfər toplayıb gedirdik Aşıq Şakirə qulaq asmağa. İslam Rzayev Filarmoniyada keçirilən konsertlərin birində tamaşaçıların Aşıq Şakiri sürəkli alqışlarla dalbadal 7 dəfə səhnəyə çağırdığını danışarmış. Yenə çağırmaq istəyəndə konsertin aparıcısı səhnəyə çıxaraq salona üz tutub yalvarıb: “Siz Allah, insafınız olsun. Onun da halını nəzərə alın da”.
Aşıqla bağlı bir maraqlı məqam. Deyilənə görə, bəzən elə olurmuş ki, Filarmoniyanın planı dolmurmuş, işçilərə əmək haqqı verə bilmirlərmiş. Onda Aşıq Şakiri çağırırlarmış Kürdəmirdən Bakıya, bir neçə gün onun konsertini təşkil edib planı doldurarmışlar.

Aşıq Şakiri Türkiyədə də çox sevirdilər. Orada çox adamda Şakirin valları, kasetləri olub. İranda hər evdə, hər maşında Şakirin valları, lent yazıları olub, ona qulaq asarmışlar. Onu Şirvan aşıq sənətinin sərkərdəsi adlandırırdılar.

...Əl-üzünü yumaq istəyib. Yuyub da. Bacısı əlində dəsmal, yanında durubmuş. Çönür dəsmalı alsın, elə bacısının qolları üstündə.

Zaman, 1979-cu ili, aprelin 10-nu göstərirdi və o, vur-tut 57 yaşındaydı.


***

Bu il Şakir adlı dühanın 100 illik yubileyi keçirilməlidi. Aşığın əlyazmaları, qeydə aldığı dastanları nəvəsi, onun kimi el sənətkarı olan Babək tərəfindən qorunub saxlanılır. Amma...

Babək deyir ki, bir qədər əvvələdək Şakirin Kürdəmir Tarix Diyarşünaslıq Muzeyində saxlanılan əşyaları bərbad vəziyyətdəydi. Ona verilən medallardan biri yoxa çıxıb. Sazı, təsəvvür edin, bütün dünyaca məşhur olan sazı adi ot ipindən asılıb. Paltarı maketə geyindirilib, üstü didiklənib gedir. Bu boyda şəxsiyyətə qarşı, bu boyda məsuliyyətsizlik olmaz axı.

Və bu il onun 100 yaşı tamam olur!


 

Bakı-Kürdəmir

# 8559
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar