Son günlər sosial şəbəkələrdə “Əqrəb mövsümü” serialı ən çox müzakirə olunan filmlərdən biridir. Serial Ceyhun Hidayətlinin “Əqrəb” kitabının motivləri əsasında çəkilib.
“Əqrəb” romanının müəllifi Ceyhun Hidayətlinin Lent.az-a müsahibəsi:
– Ceyhun Hidayətli adı ilk dəfə geniş publikaya aktyor Azər Aydəmir vasitəsilə bəlli oldu. O, televiziyada çıxışında “Əqrəb mövsümü” serialının sizin kitabın motivləri əsasında çəkildiyini bildirdi. Bəs bu anadək niyə populyar ola bilməmisiniz?
– Mən yazıçılıq fəaliyyəti ilə hobbi kimi məşğul oluram. Bundan başqa, Azərbaycanda gənc yazarlara münasibətin heç də ürəkaçan vəziyyətdə olmadığını deməliyəm. Bəlkə də bunun da təsiri var.
– Elə isə publikaya özünüzü təqdim edin. Yazıçılığa necə başladınız? Harada işləyirsiniz?
– 7 avqust 1991-ci ildə Bakıda anadan olmuşam. Əslən Qubadlı rayonundanam. İxtisasca hüquqşünasam, Bakı Dövlət Universitetinin məzunuyam. Ailəliyəm, 2 övladım var. Hərbi xidməti bitirdikdən sonra Sabunçu Rayon Məhkəməsində işə başladım. Hazırda isə Ədliyyə Nazirliyinin Aparatının məsul əməkdaşıyam. Yazıçı kimi ilk kitabı qələmə almağa məhkəmədə işləyərkən başladım. Uşaqlıqdan hüquqşünaslığa marağım cinayət sahəsinə olan diqqətimdən irəli gəlib. Məhkəmədə də hakim tərəfindən cinayət işlərinə təhkim olunmuşdum.
“Qurbanın faciəsində xəyanət mövzusunu göstərməyə çalışmışam”
– İlk kitabınız “Əqrəb” romanı olub. Bu kitab nə vaxt və necə ərsəyə gəldi?
– 2014-cü ildə bu kitabı yazmağa başladım. Əvvəldən bu kitabın hekayə xəttini beynimdə süjet kimi qurmuşdum. Amma yazmağa tərəddüd edirdim. Bir gün qərar verdim. Kitabın ilk fəslini cızma-qara kimi yazdım və bunu yaxın dostuma göndərdim ki, oxuyub fikrini bildirsin. Mənə maraqlı idi ki, oxuyub bəyənəcəkmi və yazılmasını istəyəcəkmi? O da bildirdi ki, mən çox bəyəndim, arxasını yaz, səndə yaxşı alınır. Bu kitabı yazıb bitirdikdən sonra sosial şəbəkələrdə xoş rəylər aldım. Ondan sonra qərara gəldim ki, kitab yazmağa davam etməliyəm.
– Kitabda iş adamı Qurban Kazımovun ailə dramı əks olunur. Bu faciə real hadisələr əsasında yazılıb?
– Yox, əvvəldən qeyd edim ki, 3 kitabımın heç birində mövzu real həyatdan götürülməyib, real hadisələrə əsaslanmayıb. Hamısı şəxsi təxəyyülün məhsuludur. Sadəcə, mən xəyanət mövzusunu cəmiyyətin ciddi problemi kimi qəbul edirəm. Bu kitabla əslində xəyanət mövzusunu cəmiyyətə mesaj kimi ötürmək istəmişəm. Xəyanət edən şəxslər üçün xırda görünən hadisənin əslində necə böyük fəsadlara yol aça biləcəyini göstərməyə çalışmışam. Bilmirəm, nə dərəcədə bacarmışam. İnsan həyatı səhvləri edib öyrənəcək qədər uzun deyil. Ona görə də insan üçün ən böyük hədiyyələrdən biri nəsə götürə biləcəyi kitablardır.
“Əqrəb mövsümü” əvvəlcə serial yox, film kimi çəkilməli idi”
– Bizim digər detektiv yazıçılarımız Çingiz Abdullayevdə Dronqo, Elxan Elatlıda Qanbay Qasımlı və ya Ələmdar Məlikov, sizdə isə Kənan Orucov baş qəhrəmandır. Elxan Elatlı müsahibələrindən birində qeyd edib ki, Qanbay Qasımlı onun 70 faiz xarakterinə uyğun obrazdır. Bəs siz kitablarınızda Kənan Orucov qismində özünüzü görürsünüz?
– Bəlkə də hardasa uyğunluq var. Mən də deyərdim ki, xarakter və yanaşma baxımından 70% mənə yaxındır. Amma tam məni təcəssüm etdirdiyini deyə bilmərəm. Məni Kənandan fərqləndirən əsas xüsusiyyət odur ki, qapalı insan deyiləm. Peşəsi ilə bağlı onu kitabda ünsiyyətcil obraz kimi göstərməyi uğurlu hesab etməmişəm.
– Azər Aydəmirlə tanışlığınız filmlə bağlı olub?
– Kitab 2015-ci ildə işıq üzü görüb. Səhv etmirəmsə, ya 2017, ya da 2018-ci ildə Azər Aydəmir sosial şəbəkədə yazdı ki, kitabınızı oxumuşam, çox bəyənmişəm və icazə versəniz, bu barədə film çəkək. Təbii ki, mən onu bunadək aktyor kimi tanıyırdım, ancaq şəxsi tanışlığımız yox idi. Sonra biz görüşdük. Əvvəlcə “Əqrəb mövsümü” film kimi çıxmalı idi. Sonra plan dəyişildi və qərara gəlindi ki, serial kimi çəkilsin. Ötən ilin yayında serial tam çəkilib qurtardı.
– Bu serialın büdcəsi açıqlandı: təxminən 250 min manat. Sizə müəyyən məbləğ ödəniləcəkmi?
– Bəli, qonorar nəzərdə tutulub. Məbləği açıqlamaq istəmirəm. Serial başa çatdıqdan sonra ödəniləcəyi deyilib.
“Serialda gözdən qaçan xırda məqamlar olub”
– Serialadək sizin kitabın satışı necə idi?
– “Əqrəb”in tiraj sayı 500 olub və artıq satışda qalmayıb. Hələ serial çəkilməmişdən əvvəl hamısı satılmışdı. Serialdan sonra kitabı axtaranlar vardı. Ona görə də bu yaxınlarda 2-ci dəfə 500 sayda nəşr olundu. Bu həftə sonunadək yeni dizaynda satışda olacaq. Ölkənin aparıcı kitab satış məntəqələrində satılacaq.
– Əvvəlki nəşr “Qanun” nəşriyyatında çıxmışdı. Bu dəfə hansı nəşriyyatın məhsulu olacaq və kitab neçəyə satılacaq?
– “Əqrəb”in ikinci tirajını “Mayak yayınları” nəşriyyatı hazırlayıb. Qiymət 8,90 manat olacaq.
– Konkret seriala gəlincə, çox bəyənilib. Tənqid edənlər də var, bu da o deməkdir ki, maraqla izlənilir. Aydın məsələdir ki, ssenaridə sizin kitabdakı yazdıqlarınızdan fərqliliklər var. Ssenaridə və ya çəkilişdə bəyənmədiyiniz məqamlar olubmu?
– Azər müəllim sağ olsun, ssenarini bitirdikdən sonra nüsxəsini mənə göndərirdi, tanış olmuşdum. Düzdür, ondan sonra da razılaşdırılmaq şərtilə bəzi dəyişikliklər oldu. Çəkilişlə bağlı onu deyə bilərəm ki, kifayət qədər keyfiyyətli iş ortaya qoyulub. Sözsüz ki, bəzi gözdən qaçan xırda məqamlar olub. Bu barədə də Azərin özünə bildirmişəm. Ancaq düşünürəm ki, bu xırda detallar müasir Azərbaycan kinematoqrafiyası tarixinə düşəcək bu serial üçün çəkilən əziyyətə kölgə gətirəcək səviyyədə deyil.
– Kitablarınızda Kənan Orucov müstəqil xəfiyyədir. Amma serialda prokurorluğun müstəntiqidir. Qəhrəmanınızı dar çərçivəyə salmaq sizə pis təsir etmir?
– Kitab şəklində onu detektiv kimi göstərmək problemli məsələ deyil. Dediyim kimi, bu bir şəxsi düşüncə məhsuludur və yazıçının seçimidir. Sadəcə, bunu ekranlaşdırdıqda reallıqla uzlaşmır. Çünki Azərbaycanda xəfiyyə institutu mövcud deyil. Olmayan bir şeyi ekranda insanlara göstərmək düzgün olmaz. Ona görə filmdə onun müstəntiq kimi təqdimatı daha uyğundur.
– Haşiyə çıxaraq, hüquqşünas kimi fikrinizi soruşum. Azərbaycanda müstəqil xəfiyyə institutunun varlığı yaxşı olmazdımı?
– Hesab etmirəm ki, o institut Azərbaycanda fəaliyyət göstərə bilsin. Xaricdə də detektivlər cinayət işlərindən daha çox, ailə-məişət zəminində olan münaqişələrin araşdırılmasında istifadə olunur. Xəfiyyələrə cinayət sahəsində kifayət qədər geniş çaplı araşdırma və imkanlar lazımdır. İnanmıram ki, onlar prokurorluq əməkdaşlarının aça bilmədiyi cinayəti kiçik imkanlarla çözə bilsinlər. Bizim prokurorluq sistemimizdə cinayət işlərinin açılması üçün kifayət qədər yaxşı imkanlar və savadlı kadrlar var.
“Əqrəb” kitabımı güclü hesab etmirəm”
– Serial kifayət qədər maraqla qarşılandı. Ardının çəkilməsini istəyənlər var. Digər 2 kitabınız – “Qarlar arasında ölüm” və “Bəyaz şeytan” haqda da çəkiliş təklifi almamısınız?
– Azər Aydəmirlə bu barədə şifahi söhbətimiz olub. Fikrimi soruşub ki, istərdinizmi ki, o birilər haqda da çəkilsin? Mən də razılıq vermişəm. Çəkilsə, bu mənə də böyük sevinc bəxş edər.
– Sonuncu kitabınız – “Bəyaz şeytan”ı 2019-cu ildə yazmısınız. Uzun müddət fasilə verməyiniz nə ilə bağlıdır?
– Ondan sonra əmək fəaliyyətimlə bağlı olaraq asudə vaxtım az olub. Nazirlikdə işə başladıqdan sonra roman yazmaq imkanım məhdud idi. Ona görə də yaradıcılığa bir az ara vermişdim. Amma dayanmamışam. 4-cü kitabımı yazmağa artıq başlamışam. Adı ilə bağlı hələ tam qərara gəlməmişəm. Ola bilsin ki, “Cəhənnəmin elçisi” adı ilə çıxsın.
– 3 kitabınızdan hansını daha güclü hesab edirsiniz?
– Mesaj ötürmək baxımdan “Əqrəb” daha təsirli olub. Amma sırf detektiv üslubda yazı baxımdan götürsək, digər 2 kitabım daha yaxşıdır. Çünki “Əqrəb”i yazanda çox gənc idim. 23 yaşlı Ceyhun Hidayətli müəyyən boşluqlar verə bilərdi. Amma indi daha da püxtələşmişəm.
– Hansı yerli və əcnəbi detektiv yazarları oxuyursunuz?
– Azərbaycanda detektiv üslubun başlanğıcı Cəmşid Əmirova aiddir. Çingiz Abdullayev və Elxan Elatlının kitabları ilə də tanışam. Yeri gəlmişkən, ilk kitabım çıxandan sonra Çingiz Abdullayevlə görüşmək imkanım oldu. Kitabımı təqdim etdim və oxuduqdan sonra rəyini bildirdi. “Qarlar arasında ölüm” kitabımda həmin rəyi yerləşdirmişəm. Xarici detektivlərdən Aqata Kristi, Artur Konan Doyl, Edqar Alan Ponun əsərləri ilə tanışam.
– Yazıçılar Birliyinə üzvsünüz?
– Xeyr, müraciət etməmişəm. Əvvəl də qeyd etdiyim kimi, buna hobbi kimi yanaşıram və özümü yazıçı saymıram. Yazıçı adı mənim üçün məsuliyyətlidir. Özümü yazıçı adlandırmağım üçün hələ çox yol keçməliyəm.
– Kifayət qədər detektiv üslubda əsər oxumuş və filmlərə baxmış biri kimi deyə bilərəm ki, artıq 3-cü bölümdə qatilin kimliyini müəyyənləşdirə bildim. Amma sizdən sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələni soruşmaq istəyirəm. Bəlkə özünüz deyəsiniz: Qatil kimdir?
– Təbii ki, qatili açıqlamağım serialı izləyən tamaşaçılara hörmətsizlik olar. Sanki sən onu şirin yuxudan ayıldıb, bütün istəyini öldürürsən. Rəyləri mümkün qədər oxuyuram. Mənim üçün müsbət və ya mənfi olmağından asılı olmayaraq, bütün rəylər önəmlidir. Orada da görürəm ki, kitabı oxumuş şəxslər qatilin adını yazırlar. Həmin şəxslərə demək istəyirəm ki, çəkiliş qrupunun çəkdiyi əziyyəti və tamaşaçıların seyrçi hüquqlarını tapdalamaq olmaz. Bu digər insanlarda qıcıq yaradır. Səbirli olmaqda fayda var. Zatən serialın bitməsinə də çox qalmayıb. Bəlkə də qatili müəyyənləşdirənlər var. Amma növbəti bölümlərdə qatilin bunu niyə etdiyi, onun kimliyinin necə müəyyənləşdiriləcəyi kimi maraqlı məsələlər qalıb.
“Serialın adı “Əqrəb mövsümü” yox, “Scorpion Season” olsaydı...”
– Azərbaycan ədəbiyyatında milli detektiv daha çox tənqid olunur. Bildirilir ki, detektiv əsəri oxumaq vaxt itkisidir, insana heç bir fayda vermir. Halbuki həmin şəxslərdən xarici detektiv yazıçıları daha çox tərifləyənlər də olur. Sizin bu məsələyə münasibətiniz necədir?
– Bəli, Azərbaycanda bir qisim şəxslər tərəfindən detektiv ciddi ədəbiyyat kimi qəbul olunmur. Bunu düzgün hesab etmirəm. Söhbət öz kitablarımdan getmir. Oxuduğum detektiv əsərlərdə tək qatilin tapılması əsas mövzu olmur. Orada sevgi də, xəyanət də, dövlətə sədaqət də var. Fikrimcə, hər bir janr insan həyatına nəsə qatır. Detektiv insana maraq qatan, hətta deyərdim ki, oxucunu əyləndirən bir hissədir. O orada bir məsəl həll edir. Çünki insanların kriminal hadisələrə marağı çox olur. Hər bir oxucu kitab oxuyanda, detektivlə birgə qolunu çırmalayıb işə başlayır, cinayəti ondan qabaq tapmağa çalışır.
Yerli və xarici detektivlərin müqayisəsinə gəlincə, bu yanaşma cəmiyyətin bütün sahələrində mövcuddur. Azərbaycanda məişət avadanlıqları istehsal edən firmaya qarşı da, yerli filmoqrafiya sahəsinə aid də bu qərəzli yanaşmaları görmək mümkündür. “Yerlidirsə, xarici məhsul yaxşıdır” yanaşması ilə bağlı yanvarın 23-də “Facebook” hesabımda bir post da paylaşmışdım. Orada da göstərmişdim ki, xarici məhsulu tərifləyən tələbə yoldaşım xarici siqaret qutusunun tərkibinə qoyulmuş yerli siqaret dənəsini bilmədən çəkdikdən sonra onu da tərifləməyə başlamışdı... Serialın adı “Əqrəb mövsümü” yox, “Scorpion Season” olsaydı, bəh-bəhlə ondan danışardılar. Tənqid gözəl şeydir və növbəti yaradıcılıqda etdiyin çatışmazlığın aradan qaldırılmasına kömək edir. Amma hər xırda səhvi qabartmaq və onu sevinərək etmək düzgün deyil. İdeal iş ərsəyə gətirmək, məncə, mümkün deyil. “Oskar” mükafatı almış, milyonlarla vəsait ayrılmış filmlərdə belə, kifayət qədər səhvlər olur. Filmlərə zövq almaq üçün baxmaq lazımdır, səhv tapmaq üçün yox.
– “Bəyaz şeytan” əsərinizdə maraqlı bir üsluba əl atmısınız. 153-cü səhifədə qıfıl var. Bunun anlamı nədir və bu üsulu hardan götürmüsünüz?
– Kitaba fərqlilik qatmağa çalışmışam. Bu üsulu Türkiyə yazıçısının sevgi romanında görmüşdüm. Qıfıllar da Türkiyədən gətirilib. Bunu oxucu üçün bir əyləncə kimi düşünmüşəm. Kitabın bu hissəsinə kimi gəlib çıxan oxucu orada Kənan Orucovun açmaq istədiyi qapının qıfılının şifrəsini burda kitabın qıfılının şifrəsi kimi açmağa çalışacaq. Orada qeyd də etmişəm ki, indi isə sizə özünüzü detektiv kimi sınamaq fürsəti verilir. Kənan Orucov o kitabda terror təşkilatının fəaliyyətinin qarşısını almağa çalışır. Oxucuya orada onun yerinə özünü qoyub bu qıfılı açmağa və kitabın qalan hissəsini oxumağa çağırmışam. Qıfılın açılmağı üçün isə kitabda kifayət qədər detallar, ip ucları verilib. Qıfıldakı şifrə də çox çətin deyil. Çox nadir insan çətinliyə düşür, onlar da sosial şəbəkə vasitəsilə müraciət edir, köməklik edirik.
“Kitab satışının az olmasında satıcılar da məsuliyyət daşıyır”
– Bəyəndiyiniz detektiv əsərlər hansılardır?
– Aqata Kristinin “10 zənci balası” əsəri mənim üçün ən yaxşısıdır. Mənə görə, kitab filmindən daha maraqlıdır. Tələbə vaxtı oxuduğum Çingiz Abdullayevin “Monte-Mario təpəsində ölüm” kitabı çox xoşuma gəlib. Çünki o kitabda Dronqo xırda detalla qatili tapmağı bacarmışdı. Elxan Elatlının “Qan ləkəsi” əsərinin də adını çəkə bilərəm.
– Detektiv əsərlərdə qatili oxucudan gizlətmək üçün adətən 2 üslubdan istifadə olunur: ya qatilin üzərinə diqqətləri hər vəchlə cəmləməmək, ya da əvvəldən onu şübhəli kimi işarə verib, daha sonra onu günahsız kimi göstərmək. Siz özünüz detektiv kitabları oxuduqda təxminən 10 səhifədən sonra onu müəyyənləşdirə bilirsinizmi?
– Əslində çox üsullar var. Ancaq bəli, daha çox yazıçılar siz dediyiniz iki üsuldan istifadə edir. Daha çox Koreya yazıçılarında qatil barədə fikirləri tez-tez dəyişdirməyə hesablanan gedişatlar olur. Oxucu gah fikirləşir ki, bu insan qatildir, daha sonra deyir ki, yox, o deyil, bir müddət sonra yazıçının manevri sayəsində yenidən səhvən onun barədə düşünür. Kitabı başa çatdırmadan qatili əvvəldən tapdığım kitablar olub. Amma yanıldıqlarım da az olmayıb. Deməli, müəllif qatili gizlətməyi bacarıb. Detektivi maraqlı edən məqam budur... Ümumiyyətlə, detektiv janr yox, bir üslubdur. Bizim yazdıqlarımız roman janrındadır. Romanda isə bütün istiqamətlər ola bilər.
– Sonda kitab satışına da toxunaq. Gənc yazar kimi sizi kitab satışı razı salırmı?
– Azərbaycanda gənc yazarların ortaya çıxmasında əsas problem kimi nəşriyyatları göstərmək olar. Yazar tanıyıram ki, nəşriyyatları gəzib, amma maddi imkanı olmadığından, kitabını çap etdirə bilməyib. Nəşriyyatlar ədəbiyyatın inkişafında maraqlı olmalıdırlar. Onlar gənc yazarın gətirdiyi nüsxəyə heç baxmaq belə istəmir. Bəlkə onun içindəki maraqlı mövzudur. İnsan gördüyü işin dəyərini alanda, bu onun gələcək fəaliyyəti üçün motivasiya olur. Nəşriyyat rəhbərləri yaxşı əsərləri seçmək qabiliyyətinə malik olmalıdır. Mənim o vaxt imkanım oldu ki, “Əqrəb”i öz hesabıma çap etdirə bildim. Bir kitabın maliyyə dəyəri təxminən 3 manat olmuşdu. Amma mənim kimi öz hesabına kitab nəşr etdirməyi bacarmayanlar da var axı...
İkinci məsələ odur ki, kitab evlərində satışla məşğul olan şəxslər satdıqları məhsulun tərkibini bilmir. Necə ki, apteklərdə əczaçılar dərmanların tərkibindən xəbərdar olur, satıcılar da o kitabların içində nədən bəhs olunduğunu bilməlidir. Oxucu kitab soruşduqda tövsiyə etməyi bacarmalıdırlar. Mən bir dəfə kitab mağazasına girib “Əqrəb” romanının satışda olub-olmadığını soruşmuşdum. Təbii ki, satıcı məni tanımırdı və dedi ki, belə bir kitab bizdə yoxdur. Halbuki satışda vardı.
Bu məsələlərdən başqa, kitab mağazalarında satış faizi yüksək olur və bu da kitabın qiymətinə təsir edir. Belə olanda da oxucu 7-8 manat verib heç kimin tanımadığı gənc yazarın kitabını almaqdansa, “məşhur yazıçının kitabını əldə edərəm” deyə fikirləşir. Mənim bəxtim onda gətirib ki, kitabım barədə serial çəkildi, bu kitaba maraq formalaşdı. Ancaq hər kitab barədə də film çəkilmir axı. Gənc yazarların motivasiyasını öldürmək olmaz. Onda yeni nəsil ədəbiyyatını da öldürmüş olacağıq.
Səbuhi Musa