Mənalı ömür yaşamaq hər insana nəsib olmur. Lakin elə insanlar var ki, onların həyat yolu xalqa tükənməz bir xəzinə bəxş edir. Belə insanlardan biri də bu gün 110 illik yubileyi tamam olan, Azərbaycan tarixşünaslığının banilərindən hesab olunan görkəmli alim, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Zülfəli İmaməli oğlu İbrahimovdur.
O, 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçüb və burada təhsil alıb. 1932-ci ildə Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilib. İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, “Kommunist”, “Nuxa fəhləsi”, “Yeni yol”, “Gənc işçi” və s. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışıb. 1936/1937-ci dərs ilindən isə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də Z.İbrahimovun adı ilə bağlıdır. Sovet dövründə milli respublikaların tarixinin öyrənilməsi və tədrisinə çoxsaylı əngəllərin olduğu bir şəraitdə o, Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının açılmasına nail olub. Ömrünün 40 ilini tarix elminə sərf etmiş Z.İbrahimov həmin kafedranın müdiri, Universitetin tarix fakültəsinin dekanı və Azərbaycan EA-nın Tarix İnstitutunun direktoru vəzifələrində işləyib.
Z.İbrahimov elmi fəaliyyətinin ilk dövrlərini Azərbaycan xalqının mühüm tarixi problemlərinin tədqiqinə həsr etmişdir. O, 1930-40-cı illərdə «Qədim Azərbaycan cəmiyyəti», «X-XII əsrlərdə Azərbaycanın sosial-siyasi vəziyyəti», «Zaqafqaziya xalqlarının Sasanilərə qarşı mübarizəsi», «sasanilər dövründə Azərbaycanın sosial-iqtisadi həyatı», «Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl» və s. məqalələrlə yanaşı, «Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi», «Babək», «Döyüşkən Azərbaycan xalqı», «Azərbaycan qadınlarının qəhrəman keçmişindən», «Nizami dövründə Azərbaycan mədəniyyəti», «Yazıçılar və tarixçilər azərbaycanlıların mərdliyi və şücaəti haqqında» və s. kimi əsərlər yazıb nəşr etdirib. Həmən əsərlərində Azərbaycan xalqının qəhrəman övladlarını tərənnüm etməklə onların nümunəsində millətini, torpağını sevməyə, vətənin tərəqqisi naminə çalışmağa, onun müdafiəsi üçün həmişə hazır olmağa, vətənpərvərlik hissindən məhrum olan, ona xəyanət edənlərə qarşı barışmaz mübariz olmağa çağırırdı.
Görkəmli şairimiz Bəxtiyar Vahabzadə qeyd edirdi: “Gözümüzü açandan qəddar İran şahı kimi tanıdığımız Ağaməhəmməd şah Qacarın xalis türk oğlu olduğunu - Rusiyanın Azərbaycanı işğal etmək niyyətini puça çıxarmaq amalına xidmət etdiyini mənə ilk dəfə tarix professoru Zülfəli İbrahimov demişdi. O, mənə verdiyi bu məlumatla Ağaməhəmməd şah Qacar haqqında oxuduqlarımdan ürəyimə düşmüş qara xalı yuyub apardı. O zamandan bu böyük türk sərkərdəsinin həyat və fəaliyyətini öyrənmək həvəsinə düşsəm də rus və Avropa tarixçilərinin yazdıqları məni qane etmir və rəhmətlik Z.İbrahimovun dediklərinin təsdiqini axtarırdım...”
1941-ci ildə Z.İbrahimov namizədlik dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsini alıb. O, tarix elmləri sahəsində belə bir dərəcəni alan ilk azərbaycanlılardan biri olub.
Z.İbrahimov 1948-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1950-ci ildə professor elmi adını alıb, 1959-cu ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Respublika tarix elmini keçmiş ittifaq miqyasında ləyaqətlə təmsil etmiş Z.İbrahimov tarixçilərin bir çox yüksək elmi məclislərinin fəal iştirakçısı da olub. O, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının üzvü idi.
Uzun illər Azərbaycan Dövlət Universitetində Vətən tarixindən ümumi və xüsusi kurslar aparan Z.İbrahimovun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib.
Dövlət və xalq onun əməyinə yüksək qiymət verib. Z.İbrahimov “Oktyabr inqilabı”, “Şərəf nişanı” ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunub, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
300-ə qədər elmi məqalə və əsərlərin müəllifi olan Z.İbrahimov bütün ömrünü elmin inkişafı və tərəqqisinə həsr edib, özündən sonra böyük tarixi bir irs qoyub.
Z.İbrahimov 1972-ci il sentyabrın 21-də vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.
Bu gün doğumum 110-cu ildönümündə Zülfəli İbrahimovu dərin hörmət və ehtiramla anırıq. Hesab edirik ki, görkəmli alimin adının əbədiləşdirilməsi onun xatirəsinə böyük bir töhfə olardı.
Orxan Əlizadə
tarix üzrə fəlsəfə doktoru