Lent.az Sevinc Mürvətqızının "Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması" yazısını təqdim edir.
Böyük Turan coğrafiyasının təfəkkür xəritəsinə nəzər salanda Xəzərin bu tayı ilə Ceyhun və Seyhun sahillərinin eyni “mənəvi qan dövranı”na bağlı olduğunu görməmək mümkün deyil. Azərbaycan və özbək xalqları sadəcə dil qohumluğu və etnik bağlarla deyil, əsrlərin süzgəcindən keçmiş dərin fəlsəfi dünyagörüşü, ortaq arxetiplər, eyni poetik qəliblər və oxşar tarixi tale ilə bir-birinə qırılmaz tellərlə bağlanıb.
Təbrizdən Səmərqəndə, Gəncədən Buxaraya, Bakıdan Xivəyə və Daşkəndə uzanan bu karvan yolu yalnız ipək və ədviyyat daşımırdı - bu yol həm də qəzəllərin, dastanların, fəlsəfi traktatların və memarlıq yaddaşının canlı körpüsü idi.
Klassik dövrün intibah nəfəsindən başlayaraq XIX–XX əsrlərin cədidçi və maarifçi dalğasına qədər bu iki mədəniyyət heç vaxt bir-birinə yad qalmayıb, əksinə, bir ocağın közü digərinin məşəlini alovlandırıb.
Bu günlərdə Azərbaycan - Özbəkistan siyasi, iqtisadi və mədəni əlaqələrinin daha da dərinləşib möhkəmlənməsi fonunda ortaq ədəbi-mədəni irsimizə bir daha diqqəti çəkmək üçün bu yazını yazmağa mənəvi zərurət yarandı.
Nizami və Nəvainin sənət zirvəsindən tutmuş Füzuli həzinliyinə, ozan-aşıq və baxşı ənənəsinin ortaq laylalarına, dastan təfəkkürünə, daşlara həkk olunmuş memarlıq yaddaşına və nəhayət, maarifçilik erasının intellektual üsyanına qədər olan ortaq dəyərlərimizi həm filoloji, həm də bədii-fəlsəfi təhlil süzgəcindən keçirmək istədim.
Nizami Gəncəvi və Əlişir Nəvai: "Xəmsə" intibahı
Şərq Renessansının və İslam intibahının ən möhtəşəm bədii təzahürü şübhəsiz ki, Gəncə torpağında ucalan Nizami dühasının yaratdığı "Xəmsə" ədəbi abidəsidir. XII əsrdə Nizami Gəncəvi tərəfindən təməli qoyulan bu poetik məktəb təkcə farsdilli poeziyanın deyil, bütövlükdə Şərq dünyagörüşünün zirvəsinə çevrilib. Lakin bu məktəbin türk dilində (qədim özbək / Cığatay türkcəsində) ən əzəmətli, bənzərsiz və müstəqil cavabını XV əsrdə böyük özbək mütəfəkkiri və şairi Mir Əlişir Nəvai verib.
Nəvai Nizami məktəbinə sadəcə bir nəzirə yazan təqlidçi deyildi; o, türk dilinin fəlsəfi-estetik qüdrətini sübuta yetirən, Nizamidən gələn humanizm işığını Cığatay/özbək türkcəsinin zəngin leksikası ilə yenidən yoğuran dahi söz memarı idi.
Fəlsəfi və didaktik başlanğıc: "Sirlər xəzinəsi" və "Heyrətül-əbrar"
Nizami "Sirlər xəzinəsi" ilə Şərq didaktik-fəlsəfi poeziyasının əsasını qoyaraq cəmiyyətin mənəvi qüsurlarını, ədalət və zülm qarşıdurmasını, insanın yaradılış qayəsini təmsillər və nəsihətlər dili ilə şərh edib.
Nəvai isə "Heyrətül-əbrar" ("Yaxşıların heyrəti") poemasında bu xətti davam etdirərək sufi dünyagörüşünün dərin qatlarına enir. Nəvai üçün dünya ilahi nizamın bir heyrət aynasıdır. Hər iki sənətkar hökmdarları ədalətə, insanları kamil olmağa, nəfsi cilovlamağa çağırır. Nizaminin "Sultan Səncər və qarı" məşhur hekayətindəki kəskin ictimai etiraz ruhu Nəvainin fəsillərində sultanlara ünvanlanan cəsarətli tövsiyələrdə əks-səda verir.
Eşq və əmək fəlsəfəsi: "Xosrov və Şirin"dən "Fərhad və Şirin"ə Keçid
Bu iki düha arasındakı ən fundamental konsepsiya fərqi məhz bu əsərlərdə ortaya çıxır.
Nizami Gəncəvidə mərkəzi xətt Sasani şahı Xosrov Pərvizin xarakter təkamülü, onun Şirinə olan ehtiraslı və ziddiyyətli sevgisi fonunda mənəvi baxımdan saflaşmasıdır. Nizami Fərhadı eşq fədaisi, dağları yaran ilahi bir sənətkar kimi təqdim etsə də, əsərin əsas dramaturji oxunu Xosrov və Şirin xətti təşkil edir.
Əlişir Nəvai isə əsərin adını bilərəkdən "Fərhad və Şirin" qoyub. Nəvai Fərhadı sadə bir daşyonan sənətkar deyil, Çin xaqanının oğlu, həm fiziki gücün, həm yüksək elmlərin, həm də mənəvi fədakarlığın rəmzi olan ideal bir şahzadə-qəhrəman səviyyəsinə qaldırır. Nəvainin Fərhadı təkcə eşqi üçün deyil, xalqına su çıxarmaq, səhraları abad etmək üçün Bisütun dağını yarır. Beləliklə, Nəvai Nizaminin işlədiyi romantik-psixoloji faciə məqamını ictimai-humanist və qəhrəmanlıq eposu səviyyəsinə yüksəldir.
İlahi və bəşəri məhəbbətin tərənnümü: "Leyli və Məcnun"
Hər iki şair ərəb rəvayətini bəşəri duyğuların fövqünə qaldıraraq təsəvvüfi məna ilə zənginləşdirib. Nizaminin Məcnunu cəmiyyətin qoyduğu süni qəliblərə, tayfa təəssübkeşliyinə sığmayan azad ruhun üsyanıdır. Nəvainin Məcnununda isə dərvişanə təslimiyyət, ilahi Varlığa qovuşmaq üçün maddiyyatdan tamamilə arınma motivi daha qabarıq şəkildə səslənir.
Bədii təxəyyülün kainatı: "Yeddi gözəl" və "Yeddi səyyarə"
Nizaminin Bəhram Gurun həyatı ətrafında qurduğu astroloji, fəlsəfi və rəng simvolizmi Nəvainin "Səb'eyi-səyyar"ında ("Yeddi səyyarə") poetik bir kamilliklə yenidən parlayır. Hər iki sənətkar yeddi iqlimin, yeddi planetin və yeddi rəngin dili ilə insan xislətinin yeddi müxtəlif mərhələsini və kainatın harmoniyasını təsvir edir. 7 rəqəminin mistikası müxtəlif batini mənaları ilə nəzmə çəkilir.
Kamil İnsan və ideal cəmiyyət: "İsgəndərnamə" və "Səddi-İsgəndəri"
Nizami "Şərəfnamə" və "İqbalnamə" hissələrindən ibarət "İsgəndərnamə"sində fateh İsgəndəri əvvəlcə qüdrətli döyüşçü, sonra filosof, ən sonda isə peyğəmbəranə xislətli bir müdrik kimi təsvir edir, əsərdə məşhur "Utopik cəmiyyət" (mülkiyyətin, yalanın, zülmün olmadığı məkan) təsvir olunur.
Nəvai "Səddi-İsgəndəri" ("İsgəndər səddi") əsərində bu idealları qəbul edərək, İsgəndərin şəxsiyyətində türk dövlətçilik ənənəsinin, ədalətli hökmdar konsepsiyasının və xalqı bəlalardan (Yəcuc və Məcucdan) qoruyan bir sədd ucaltmağın fəlsəfəsini ön plana çəkir.
Nəvai öz əsərlərində Nizami Gəncəvini həmişə böyük ehtiramla anıb, onu “söz mülkünün xaqanı” adlandırıb. Bu bir dahinin digər bir dühanı qəbulu və ən yüksək səviyyədə təqdiri idi. Nəvai qeyd edirdi ki, Nizaminin açdığı fəzilət xəzinəsinə daxil olmaq böyük cəsarət tələb edirdi və o, bu yolu türk dilinin bayrağını ucaltmaq üçün seçib.
FÜZULİ və NƏVAİ: Türk dilinin iki zirvəsi və mənəvi dialoq
Orta əsrlər türk poetik təfəkkürünün ən yüksək zirvələri Məhəmməd Füzuli və Əlişir Nəvaidir. Nəvai Cığatay türkcəsinin, Füzuli isə Azərbaycan türkcəsinin ən kamil poetik nümunələrini yaradaraq bütöv bir sivilizasiyanın dil xəritəsini müəyyənləşdiriblər.
Türk poeziyasının bu iki nəhəng qütbünün başlıca xüsusiyyətləri bunlardır: Əlişir Nəvai XV əsrdə Herat və Xorasan mühitində yaşayıb-yaradıb, Şərq türkcəsini (Çağatay dilini) ədəbi dil səviyyəsinə qaldırmış, "Mühakimətül-lüğəteyn" ( “İki dilin mübahisəsi”) əsəri ilə türkcənin qüdrətini elmi-ədəbi müdafiə edib. Onun yaradıcılığında intellektual, ensiklopedik və dövlətçi dünyagörüşü əsas yer tutur.
Məhəmməd Füzuli isə XVI əsrdə Bağdad və Kərbəla mühitində fəaliyyət göstərib, Qərb türkcəsini (Azərbaycan - oğuz dilini) qəzəl janrının lirik-mistik zirvəsinə qaldırıb. Füzulinin şeiriyyəti qəlb yanğısı, eşq ekstazı və bənzərsiz bədii həzinliyi ilə seçilir.
Dildə özünüdərk məsələsi: Nəvai özünün məşhur "Mühakimətül-lüğəteyn" ("İki dilin mühakiməsi") traktatında türk dilinin fars dilindən heç də geri qalmadığını, əksinə, incə mənaları, feil formalarını və hissləri ifadə etməkdə daha zəngin olduğunu elmi dəlillərlə sübut edib. Füzuli isə Azərbaycan türkcəsində yazdığı divanın müqəddiməsində türkcə şeir yazmağın çətinliyindən bəhs edərək bu dili "sərt tikanlar arasından dərilən təzə qızılgülə" bənzədir və bu dildə bənzərsiz bir şeiriyyət möcüzəsi yaradır.
Füzuli Nəvai yaradıcılığı ilə dərindən tanış idi. Füzulinin qəzəllərində Nəvainin lirik qəliblərinə, bəhrlərinə və qafiyə sisteminə bəslənən böyük ehtiram və daxili poetik polemika duyulur. Nəvainin kədərindəki fəlsəfi müdriklik Füzulidə bədii bir ekstaza, ilahi bir eşq yanğısına və fəryada çevrilir.
Ədəbi-fəlsəfi məktəb ənənəsi: Füzulidən sonra gələn Azərbaycan şairləri - Həbibi, Kişvəri, Xətai və Nəvaidən sonra gələn özbək klassikləri - Məşrəb, Babur, Agahi bu iki ocaq arasında daimi bir körpü rolunu oyanyıb, Nəvai qəzəlləri Təbriz və Şamaxı məclislərində, Füzuli qəzəlləri isə Səmərqənd və Xivə xanəgahlarında əzbər oxunub.
Mistik musiqi və söz sənəti: Azərbaycan aşıqlari və özbək baxşıları
Yazılı ədəbiyyatın bu möhtəşəm zirvələri ilə yanaşı, xalqın qəlbində yaşayan şifahi söz sənəti də eyni kökdən qidalanırdı. Qədim şaman/qam ənənəsinin, Qorqud mirasından mayalanan ozan təfəkkürünün Azərbaycandakı varisi aşıq, Özbəkistandakı - xüsusilə də Surxandərya, Qaşqadərya və Xarəzm bölgələrində varisi isə baxşı (baxşı-şair) sənətidir.
Bu iki sənət qolunun struktur və ifa xüsusiyyətləri heyrətamiz bir yaxınlıq nümayiş etdirir.
Azərbaycan aşıq sənətində əsas musiqi aləti sədəfli saz olduğu halda, özbək baxşılarında dombra, qopuz (qobuz) və dutar əsas alət sayılır.
İfa tərzində aşıqlar zənguləli avaz və sazı sinədə tutaraq çalma ənənəsini yaşadırsa, baxşılar qədim boğaz (qırtlaq) ifası və epik resitativ deklamsiya texnikasından istifadə edirlər. Bu, dastanı və ya şeiri adi mahnı kimi oxumaq yerinə, musiqinin ritminə uyğun olaraq danışıq havasında, təntənəli və ifadəli şəkildə söyləmək tərzidir.
Aşıq yaradıcılığının əsas bədii qəlibləri qoşma, gəraylı, təcnis və divani olduğu kimi, baxşı sənətində termə, dastan bəndi və qoşuq janrları üstünlük təşkil edir.
Hər iki sənətkar öz cəmiyyətində toyların, el şənliklərinin və böyük el yığıncaqlarının baş yönləndiricisi və mənəvi rəhbəri kimi qəbul olunur.
Ruhun aləti: Saz və Dombra
Azərbaycan aşığının əlindəki saz «qopuzun varisi» olaraq 9 simi və sədəfli gövdəsi ilə göyün qatlarını təmsil edirsə, özbək baxşısının əlindəki dombra iki simi ilə çölün, dağın və ruhun dərin iniltilərini səsləndirir. Hər iki ifaçı sadəcə musiqiçi deyil, onlar eyni zamanda elin yaddaşı, xalq müdrikliyinin canlı daşıyıcılarıdır.
Həm aşıq, həm də baxşı dastanı sadəcə oxumur, onu yaşayır, teatrlaşdırır, personajların səsinə girərək dinləyicini sehrli bir zaman kəsiyinə aparır. Ənənəvi məclislərdə dastanın günlərlə, gecələrlə davam etməsi hər iki xalqın folklor yaddaşının necə eyni təmələ dayandığını göstərir.
Epos yaradıcılığının ortaq zirvələri: “Dədə Qorqud”/ Alpamış və “Koroğlu” / “Göroğlu” dastanları
Ortaq türk epos yaddaşı xalqlarımızın milli xarakterinin, əxlaq kodeksinin və qəhrəmanlıq idealının güzgüsüdür. Azərbaycanın epik yaddaşındakı "Kitabi-Dədə Qorqud" (Oğuznamə ənənəsi) özbəklərdə "Alpamış" dastanı (Qonqrat boyu və çöl qəhrəmanlığı) ilə təbii bir qohumluq təşkil edir. Eləcə də bizdəki "Koroğlu" dastanı özbək torpağında "Göroğlu" kimi eyni qəhrəmanlıq və ədalət ideallarını yaşadır.
"Kitabi-Dədə Qorqud" və "Alpamış"ın “qohumluğu”
Bamsı Beyrək və Alpamış: Dünya folklorşünaslığında sübut olunub ki, "Dədə Qorqud"dakı "Bamsı Beyrək" boyu ilə özbəklərin ən möhtəşəm eposu olan "Alpamış" eyni qədim süjet xəttinə malikdir. Hər iki qəhrəman sevgilisinə (Banuçiçək / Barçın) qovuşmaq üçün ağır sınaqlardan keçir, illərlə zindanda qalır, vətənə qayıtdıqda sevgilisinin başqasına zorla ərə verildiyini görür və dərviş/ozan cildində toy məclisinə daxil olub ox atma yarışında qalib gələrək haqqını bərpa edir.
Bu süjet uyğunluğu sübut edir ki, Altaylardan Arala, oradan Xəzər və Qafqaza qədər yayılan dastan təfəkkürü eyni arxetipik qaynaqdan qidalanıb, eyni ortaq kökə sahibdir.
“Koroğlu” və “Göroğlu”: Adın və konsepsiyanın incə məqamları
Dastan qəhrəmanımız Koroğlu hər iki xalqda ədalətin, cəsarətin və zülmə qarşı dirənişin simvoludur. Lakin burada çox mühüm bir linqvistik və mifoloji məqamı vurğulamaq yerinə düşər.
Azərbaycan variantında Qəhrəmanın atası Əlinin (və ya Mirzə Sərrafın) gözləri Həsən xan tərəfindən çıxarıldığı üçün qəhrəmana «Koroğlu», yəni “kor kişinin oğlu” deyilir.
Özbək variantında isə dastanın adı «Göroğlu» (özbəkcə: “Go'ro'g'li”/ "Göroğlu") kimi səslənir. Burada diqqət edilməli olan məqam odur ki, bu ad xalq etimologiyasında məhz «Gor» (məzar/qəbir) sözü ilə bağlıdır — rəvayətə görə qəhrəman vəfat etmiş anasının bətnində, yəni qəbirdə (gorda) dünyaya gəlmiş və möcüzəvi şəkildə sağ qalmışdır («Gordan doğulan oğul»).
Dilimizdəki tələffüz və məna çalarlarında («Gor» və «Gör») bu mifoloji mənşə bəzən «nurdan doğulmuş, gözüaçıq, hər şeyi görən (görən-oğlu)» anlamı ilə də bədii şəkildə yozulsa da, kök etibarilə qədim türk dirilmə/ölümsüzlük kultuna — qəbirdən dirilən xilaskar mifinə daha çox aid edilir. Hər iki variantda da zülmkar xanlara və bəylərə qarşı mübarizə, sazla və sözlə danışmaq eposun məğzini təşkil edir.
Memarlıqdakı ortaq əzəmət: Naxcıvan və Buxaranın Ərk/Ark qalaları
İki xalqın mədəniyyətini birləşdirən tellər təkcə kağız və sim üzərində deyil, torpağın “bağrına basdırılmış” əzəmətli qalalarda, kərpic naxışlarında da yaşayır. Bunun ən bariz nümunəsi qalaların adında və mahiyyətində qorunan ƏRK / ARK fenomenidir. Özbəkistanda qədim Buxara əmirlərinin iqamətgahı, şəhər içində şəhər sayılan hərbi-inzibati mərkəz "Buxara Ark Qalası" adlandığı kimi, Azərbaycanda da Naxçıvanın və Təbrizin qədim istehkamları "Ərk Qalası" daxili qorunmanın və müstəqilliyin əyilməz simvolu kimi tarixdə yer alıb.
"Ərk" / "Ark" kəlməsinin etimologiyası və semantikasına nəzər salsaq, Türk-Şərq şəhərsalma ənənəsində «Ark» (və ya «Ərk») — şəhərin ən hündür, ən möhkəm qorunan daxili qalasına, xan və əmirlərin sarayının yerləşdiyi hökumət mərkəzinə verilən addır. Bu söz eyni zamanda əzəmət, dözümlülük, arxa, güvən və iradə mənalarını da ehtiva edir. Etimoloji dəqiqlik üçün onu da qeyd edək ki, şəhər içində qala/sitadel/istehkam mənasını verən "Ark/Ərk" kəlməsi daha çox qədim fars mənşəlidir. Azərbaycan türkcəsindəki "ərk" (naz, güvən, arxayınlıq) sözü ilə bu termin səs bənzərliyinə (omonimliyə) malikdir. Bədii-fəlsəfi metafora kimi bu iki anlamı birləşdirsək, bunun elmi deyil, assosiativ bağ olduğunu vurğulamaq burada yerinə düşər.
Buxara Arki (Buxoro Arki)
Buxaranın mərkəzində ucalan bu möhtəşəm abidə eramızın IV-V əsrlərindən başlayaraq Buxara xanlarının və əmirlərinin mütləq hakimiyyət qalası olub. Dəfələrlə dağıdılıb yenidən ucaldılan Ark divarları təkcə hərbi qala deyil, içərisində zərbxana, məscidlər, xəzinə və əlyazma fondlarını saxlayan böyük bir dövlət şəhərciyi idi.
Naxçıvandakı Ərk qalası və qədim istehkamlar
Azərbaycan memarlıq tarixində - istər qədim Naxçıvan qalasının (Köhnəqala) sitadel hissəsində, istər məğrur Əlincəqalanın sıldırımlarında, istərsə də cənub qütbümüz olan Təbriz Ərk qalası (Əlişah məscidi/ərki) nümunəsində bu eyni memarlıq fəlsəfəsi təcəssüm olunub. Naxçıvandakı tarixi istehkamlar da düşmən hücumları qarşısında xalqın son sığınacağı, dövlətçilik ərki və mənəvi iradəsi olub.
Bu qalalar iki qardaş xalqın tarix boyu qurduğu dövlətçilik ənənəsinin, memarlıq zövqünün və sarsılmaz iradəsinin daşlaşmış abidələridir.
XIX-XX əsrlərin intellektual paraleli və təsiri: Cədidçilikdən Molla Nəsrəddinçilik ənənələrinə
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri Türk-İslam dünyası üçün dərin bir böhran, eyni zamanda böyük bir oyanış və özünüdərk dövrü idi. Bu dövrdə Azərbaycan və Özbəkistan ziyalıları eyni tarixi zərurətdən doğan maarifçilik hərəkatının — cədidçiliyin öncülləri oldular.
Hərəkatın təmsilçiləri arasındakı ideya və yaradıcılıq paralelləri son dərəcə dərindir.
Azərbaycanda Mirzə Fətəli Axundzadə dünyəvi maarifçiliyin və dramaturgiyanın təməlini qoyduğu kimi, Özbəkistanda Mahmudxoca Behbudi ilk milli dram əsərləri ilə teatr məktəbini yaradıb.
Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"lə və realist nəsri ilə cəhaləti qamçılayarkən, Abdulla Qədiri özbək ədəbiyyatında ilk milli tarixi romanların əsasını qoyub.
Mirzə Ələkbər Sabir "Hophopnamə"si ilə ictimai-satirik poeziya məktəbi qurduğu kimi, Əbdülhəmid Çolpan azadlıq və istiqlal yanğısı ilə alovlanan milli poeziyanın bayraqdarı olub.
Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə xalqın gözünü açmağa çalışdığı kimi, Əbdürrauf Fitrət fəlsəfi traktatları, dramları və cədidçilik islahatları ilə xalqı intellektual dirçəlişə səsləyib.
Mirzə Fətəli Axundzadənin təsiri və yeni teatrın doğuluşu
Şərqdə dramaturgiyanın və dünyəvi maarifçi fəlsəfənin əsasını qoyan Mirzə Fətəli Axundzadənin komediyaları və əlifba islahatı ideyaları Orta Asiyaya və xüsusilə Özbəkistana dərindən sirayət etmişdi.
Özbək cədidçiliyinin atası sayılan Mahmudxoca Behbudi özünün məşhur «Padarkuş» («Ata qatili», 1911) dramını yazarkən məhz Axundzadə teatr məktəbindən və Azərbaycan maarifçi dramaturgiyasından ilhamlanmışdı.
Axundzadənin cəhalətə qarşı gülüş silahı Daşkənd, Səmərqənd və Buxara səhnələrində özbək ziyalılarının ən böyük mayakına çevrilmişdi.
"Molla Nəsrəddin" jurnalı və Sabir şeirinin Özbəkistandakı əks-sədası
Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə Tiflisdə və Təbrizdə nəşr olunan əfsanəvi "Molla Nəsrəddin" jurnalı gizli və açıq yollarla Buxaraya, Xivəyə, Daşkəndə və Fərqanə vadisinə çatdırılırdı. Jurnalın cəsarətli karikaturaları, xalq dilində yazılmış kəskin felyetonları özbək mətbuatının ("Şöhrət", "Tərəqqi", "Turan", "Ayna") formalaşmasına birbaşa təkan verib.
Mirzə Ələkbər Sabirin "Hophopnamə"sindəki ictimai-satirik şeir tərzi özbək şairləri üçün əsl məktəb olub. Məşhur özbək şairləri Sabirin şeirlərinə nəzirələr yazır, onun vəzn və qafiyə quruluşundan istifadə edərək yerli mövhumatçıları və tənəzzülü hədəfə alırdılar.
Abdulla Qədiri, Əbdülhəmid Çolpan və Əbdürrauf Fitrət üçlüyü
Özbək ədəbiyyatında ilk tarixi romanların ("Ötən günlər", "Mehrobdan chayon") müəllifi olan Abdulla Qədiri Azərbaycan ədiblərinin nəsri və mətbuatı ilə yaxından maraqlanıb, əsərlərində xalqın milli azadlıq idealını bədii müstəvidə təsvir edib.
Özbək poeziyasına lirik incəlik və azadlıq harayı gətirən Əbdülhəmid Çolpan Sabir və Cavid poeziyasına dərindən vaqif idi. Onun «Gözəl Fərqanə, qan içində qaldın...» harayının Azərbaycan istiqlal şairlərinin (Əhməd Cavadın) kədəri ilə eyni teldən kökləndiyini deyə bilərik.
Əbdürrauf Fitrət isə həm elmi traktatları, həm də "Hind ixtilalçıları", "Əbülfeyz xan" (1920-ci ildə Ashtarxanlılar sülaləsinin son hökmdarı haqqında yazdığı əsər) dramları ilə İslam dünyasında islahatların zəruriliyini vurğulayır, Axundzadə və Cəlil Məmmədquluzadə ideyalarını Orta Asiya reallığına tətbiq edirdi.
Onu da xüsusilə vurğulayaq ki, həm Azərbaycan Cümhuriyyəti dövrünün görkəmli ziyalıları, həm də tanınmış özbək cədidçiləri 1920-1930-cu illərdə sovet totalitarizmi tərəfindən repressiyaya məruz qaldılar. Ürəkağrısı ilə xatırladaq ki, Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz Bakıda repressiya işgəncə maşınının pəncəsinə düşərkən, Abdulla Qədiri, Çolpan və Fitrət Daşkənddə eyni amansız qırmızı terrorun qurbanı oldular. Onların şəhadəti də talelərinin ortaq olduğunu bir daha sübut etdi.
Əbədi, ədəbi, mənəvi, mədəni bütövlük platforması
Beləliklə, sonda ümumiləşdirsək, Nizami Gəncəvinin Gəncədən saçdığı fəlsəfi işıq Heratda Əlişir Nəvainin “Xəmsə”sində türk sözünün qüdrətinə çevrildi; Füzulinin Kərbəlada çəkdiyi ah Səmərqənddə Nəvai dərvişlərinin qəlbinə axıb doldu. Dədə Qorqudun qopuzunun səsi Buxarada baxşının dombrasında dilləndi; Koroğlunun nərəsi Göroğlunun yasadığı qaladan əks olundu; Axundzadənin cəsarətli qələmi isə Çolpanın, Qədirinin və Fitrətin azadlıq məşəlini yandırdı.
Bu gün Azərbaycan və Özbəkistan arasındakı mədəni-ədəbi bağlar sadəcə tarixin səhifələrinə hopmuş nostalji bir xatirə deyil, Nizaminin fəlsəfəsindən Nəvainin hikmətinə, Dədə Qorqud ozanlığından baxşı sənətinə, cədidçilərin istiqlal məfkurəsindən müasir dövrümüzə qədər körpü salan və gələcək nəsillərin milli-mənəvi intibahına mayaklıq edən tükənməz ortaq intellektual sərvət və strateji mənəvi bütövlük platformasıdır.