Lent.az “Unudulan məşhurlar” rubrikasında Türkiyənin ilk və uzun müddət göz önündə qalmağı bacaran aktrisalarından biri Neriman Köksal haqqında məlumatları təqdim edir.
1929-cu ildə Türkiyənin Rami bölgəsində dünyaya gələn və əsl adı Hatice Kökçü olan Neriman Köksalın uşaqlığı ağır keçib. Atasını erkən yaşlarında itirən Nerimanın anası ikinci dəfə evləndiyi üçün ögey qardaşları ilə bir evi paylaşıb.
İyirmi yaşında ikən Hatice rejissor Çetin Karamanbey tərəfindən kəşf edilib və sinemaya ilk addımlarını atıb. Müsahibələrinin birində o, rejissorla necə tanış olmasından danışıb: “1949-cu il idi. Bir gün Beyoğlu tərəflərdə gəzirdim, gördüm ki, iki adam məni izləyir. Çox cəlbedici idim deyə, yanımdan keçənlər dönüb mənə baxırdılar. Arxamdakılar evimizə qədər məni izlədi. Sən demə, onlardan biri Çetin Karamanbey imiş və məni Refik Halit Karayın “Çete” romanındakı rusiyalı şəhzadə Nina rolu üçün bəyəniblər. Vizit kartlarını mənə tərəf uzadanda kobudcasına dedim ki, yox, yox, aktrisa ola bilmərəm. Film üçün məşq edəcəklərini dedilər, qiyamət qopardım, amma axırda qəbul etdim. Sonra mənə silah, tüfəng verdilər. Studiyada ata mindirdilər. Zamanla aktrisalıq mənə maraqlı gəldi”.
Neriman xanımın ata tərəfi olduqca mühafizəkar idi deyə, Hatice adından imtina edir və soyadını dəyişdirir. Düşünür ki, o dövrdə hər kəsin evində televizor yoxdur və beləliklə, qohumlarının diqqətində olmaz. Neriman adını ona görə seçir ki, bu ad fars kökənlidir və cəsur mənasını verir. Yəni, xarakterinə uyğun olduğunu düşünür. Ləqəbi isə Afeti-devran Nerimandır.
O, sinemada dövrünün ən gözəl və “gəl-gəl deyən” qadını olub. On il ərzində xeyli filmə çəkilsə də, ən yaddaqalan rolu “Fosforlu Cevriye” filmində olub. Bu filmdən sonra o, özünə böyük izləyici kütləsi qazana bilib. Ümumilikdə Neriman Köksal təxminən 400 filmə çəkilib. O, Türkiyənin ilk “vamp” qadın aktrisasıdır. Neriman Köksal daha çox yüngül həyat tərzi keçirən qadın obrazını oynasa da, sevişmə səhnələrində yer almayıb. Məlumatlara görə, türk sinemasında film ulduzunun yanında bir qadın obraz da olurdu və yaxşı obraz əsmər idisə, pis obrazı sarışın qadın canlandırmalı idi. Belə obrazları isə Neriman Köksal özü seçirdi və buna görə də tez məşhurlaşdı. Dediyinə görə teatrdan xoşu gəlməyib. Hətta o, teatrdan aldığı bir çox təklifi rədd edib.
Deyilənə görə, həyatı içindən gəldiyi kimi yaşayıb, insanların onun arxasından nə danışdığına fikir verməyib və həyatında çoxlu kişilər olub. Məsələn, həyatında soyadı bilinməyən Hikmət olub. Yayılan məlumatlara görə, o, Nerimanın ilk sevgisi olub. Ancaq kişi evli olduğuna görə bu münasibət qara sevdaya çevrilib. Neriman Köksal bundan başqa, 1965-ci ildə Feridun Keteyə ərə getsə də, onların evliliyi bir il belə çəkməyib.
O dövrdə Türkiyənin maqazin gündəmində yayılan məlumatlara görə, məşhur rejissor Nevzat Pesen ilə münasibətləri qalmaqala səbəb olub. İş orasındadır ki, Nevzat evli olduğunu Nerimandan gizlədib. Evli olduğu üzə çıxanda belə münasibətlərini sonlandırmayan cütlük yeddi il birlikdə olublar. Hətta N. Pesen arvadını Nerimanla tanış edib. Ancaq bu məsələnin axırı yaxşı qurtarmır. Belə ki, Neriman Nevzatdan ayrılır. İşlərinin pis getdiyinə və depressiyaya düçar olduğuna görə, məşhur rejissor binadan özünü atıb həyatına son qoyur.
Bu hadisəni və yaşadıqlarını unuda bilməyən aktrisa kinolarda və həyatda həmişə gülən qadın olaraq bilinsə də, bu gülüşlərin arxasında böyük bir kədərin olduğunu desək, yanılmarıq. Nerimanın övladı olmayıb. 1999-cu ildə yaxın qohumundan övladlığa qız övladı götürsə də, ona analıq edə bilməyib. Aktrisalıqdan əlavə o, Fatma Girik kimi qazinolarda müğənni kimi işləyib. Hətta ona məxsus plastinkalar da mövcuddur. Səsi çox bəyənilməsə də, söylədiyi mahnıları dinləməkdən çox, xarici görünüşünə görə onu dinləməyə gələnlər olub.
1998-ci ildə sağalmaz sinə xərçənginə düçar olan aktrisa “ölmək istəyirəm, dayana bilmirəm artıq”, - deyir. Həmin il sənətə gəlməsinin 50-ci illiyini qeyd edən aktrisa ölümünə yaxın heç unuda bilmədiyi, bərabər bir neçə filmə çəkildiyi ən böyük sevgisi İzzet Günayla danışmaq istəyir. Onlar baş-başa söhbətləşsələr də, nə danışdıqları barədə mətbuatda məlumat mövcud deyil. Ancaq məlumatlara görə, bu Nerimanın son istəyi olub. Nəhəng aktrisa Neriman Köksal 1999-cu ildə İstanbulda vəfat edir.