İnsan göydə Ay kimidir,
Görünməyən tərəfi var
Bu anlamlı misralar Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadəyə aiddir. Ömrünü Azərbaycan dilinə, xalqa xidmətə həsr etmiş şairin bu gün doğum günüdür. Yaşasaydı 98 yaşı olacaqdı. Haqqında çox söz deyilib, çox şey yazılıb. Yeni nəsə demək asan deyil.
Lent.az Bəxtiyar Vahabzadənin elə öz təbirincə desək, görünməyən tərəfləri barədə danışacaq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili, "Qırmızı Əmək Bayrağı" və “İstiqlal” ordenli Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin tarixi və müasir mövzuda 20-dən artıq poemanın, dramların müəllifidir. Əsərləri 30-dan çox ölkədə, müxtəlif dillərdə nəşr olunub.
Onun şeirə sevgisi Səməd Vurğunu oxuya-oxuya yaransa da, üslubları çox fəqrliydi. Deyilənə görə, gənc Bəxtiyarın şeirini bir məclsidə dinləmiş Səməd Vurğun böyüklük edərək, Bəxtiyarın ondan yaxşı yazdığını bildirib. Bu tərifdən sonra Bəxtiyarın üzünə qapılar açılıb.
1990-cı ildə Azadlıq hərəkatının öncüllərindən olan Vahabzadə qorxmadan öz sözünü ən yüksək kürsülərdən, ən lazımlı məqamlarda deyirdi. Hətta 20 Yanvar faciəsi zamanı həyatını riskə atdığını düşünmədən general Dubinyakın üzünə də tüpürübmüş.
Bəxtiyar Vahabzadə Sovet hakimiyyəti dönəmində çəkinmədən yazdığı "Gülüstan" poeması ilə (1958-ci il) iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının Azərbaycanı parçalamasından bəhs etmişdi. Bu poemadan sonra şair 1962-ci ildə "millətçi" damğası alır və işlədiyi Azərbaycan Dövlət Universitetindən uzaqlaşdırılır. Bu arada qeyd edək ki, İranda Bəxtiyar Vahabzadə yaradıcılığı izlənilir və onun bu poemasını dəyirşdirərək qəzəl formasına salıblar. Rəsmi şəkildə şairin qovulduğunu deməsələr də, hər yerdə qapılar üzünə bağlanır, düz 2 il çətin vəziyyətdə qalır. Elə həmin çətin günlərdə onun ömründə maraqlı bir məqam yaşanır. Hər həftə qapısının ağzına dolu bir zənbil qoyulurmuş, ailəsinin ehtiyacı olan ərzaq gətirilirmiş. Ərzağın üstünə bir qədər də pul qoyulurmuş. Şair 2 il ərzində çox çalışsa da gizli xeyirxahın kim olduğunu öyrənə bilmir. Yalnız uzun illər sonra “Azdrama”da əsərlərindən biri səhnələşdirilərkən bu barədə Xalq artisti Kamal Xudayarovla söhbət edəndə sirrin üstü açılır. O, başına gələn hadisəni danışıb, naməlum xeyriyyəçini axtardığını deyərkən Kamal Xudaverdiyev həmin adamın aktyor Həsənağa Salayev olduğunu bildirir. İllər sonra Həsənağa Salayev xəstələnib yatağa düşərkən Bəxtiyar Vahabzadə ona olan borcunu yerinə yetirir, aktyorun ailəsinə dəstək durur. Amma nə qədər çalışsa da, ailəyə dəstək üçün vermək istədiyi böyük məbləğdə pulu götürmürlər.
Maraqlıdır ki, ürəyi Vətən eşqi ilə döyünən bu adamı ürəyi solda yox, sağda yerləşirdi.
Bəxtiyar Vahabzadə bir erməni əsilli qadının övladlığı kimi böyüyüb.
O, Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdu. Atası Mahmud Vahabzadənin həyat yoldaşı 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən (İndiki Oğuz) olan erməni qızı olub. O Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdi qızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından Bəxtiyarı övladlığa götürüblər.
“Anam Gülzar savadsız ev qadını idi. Amma çox yaxşı yaddaşı və fantaziyası vardı. Məlum nağılları qəribə əlavələrlə bəzəyər, bəzən də mənə aşılamaq istədiyi tərbiyəyə uyğun özündən ibrətli nağıllar uydurardı. Odur ki, anamın danışdığı nağıllar başqalarının danışdığı eyni nağıllara bənzəməzdi”,- deyə şair bioqrafiyasında onun barəsində yazıb. Vahabzadə Gülzar xanımı həddən artıq sevib, hörmətlə yanaşıb. Qızının adını da Gülzar qoyub.
İki oğlu bir qızı var idi. Şairin oğlu İsfəndiyar Vahabzadə çıxışlarından biri zamanı atasının şöhrətinin onların həyatında rol oynamadığını deyib. “Zabitəliydi. Heç vaxt övladlarını tərifləməzdi. Bizdən ötrü kiməsə ağız açmazdı”,- deyən İsfəndiyar bəy bildirib ki, 38 yaşı olanda elədiyi bir xətaya görə, atası ona necə şillə vurubsa, oğul bu zərbədən yerə yıxılıb.
Bəxtiyar Vahabzadənin gözəl sevgi şeirləri, qəzəlləri də var. Deyilənə görə, şair ömrünün ikinci baharını yaşayarkən universitetdə gənc bir xanıma aşiq olub. Bu nakam sevgidən gözəl şeirlər doğulub. Əslində Bəxtiyarın dillərdə əzbər olan “Bir salama dəymədi” şeiri də, ilk məhəbbətinin həsrətindən yaranmışdı. Şair yanmasa yaza bilməz. Onun ömrü yanmaqla keçdi. Vətən və insanlara olan sevginin atəşi ilə Bəxtiyar lirikası yarandı və Azərbaycan ədəbiyyatının qızıl səhifəsinə çevrildi.