“Lent.az” “Belə yaranıb” rubrikasında “Sarı gəlin” xalq mahnısının yaranma tarixçəsi barədə məlumat verir.
Dinlədikcə o həzin melodiyalar “Sarı gəlin”in hüznlü bir sevginin hekayəsi olduğunu pıçıldayır. Mahnının yaranması barədə iki versiya var. Türklərə görə, mahnı Ərzurumda yaşayan azərbaycanlıların dilindən səslənib.
Türklərin böyük bir qolunu təşkil edən Qıbçaqların digər adı da Kumanlardır. Kuman qədim türk ləhcələrində sarışın mənasını verirdi, çünki qıbçaq türkləri əsasən qumral və ya sarışın olurdular. Qadınları gözəllikləri ilə ad çıxarmışdı.
“Sarı Gəlin Çoruh çayı boynda yaşayan Kuman bəylərindən birinin qızı idi. Ərzurumda yaşayan kasıb bir gənc bu qıza aşiq olur. Bəy öz qızını kasıb oğlana vermək istəmir. Kasıb ailə də oğlunun Sarı gəlinə olan qara sevdasına qarşı çıxır. Bəyin qzəbindən qorxurdular çünki. Ərzurumlu gəncin sevgilisi üçün oxuduğu mahnı dillərə düşür. Ərzurumlu gənc bəy qızını qaçırmaq qərarına gəlir və qaçırır, lakin bəyin adamları tərəfindən təqib edilərək öldürülür. Ermənilər də bu mahnıya iddiaçıdırlar, lakin mahnıda bir kəlmə də olsun erməni sözü yoxdur”. Bu fikirləri türkiyəli folklorşünas, xalq ozanı, şair , bəstəkar Faruk Kaleli müəllifi olduğu, xalq mahnılarına həsr olunmuş kitabında yazıb. Bu əfsanəvi mahnının Türkiyədə yayılmış sözlərini kitabında bu şəkildə dərc edib:
“Erzurum çarşı pazar Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin
İçinde bir kız gezer Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim
Elinde divit kalem Leylim aman aman leylim aman, aman
Leylim aman aman sarı gelin
Katlime ferman yazar Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim
Palandöken yüce dağ Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin
Altı mor sümbüllü bağ Hop ninen ölsün sarı gelin aman
Sarı gelin aman sarı gelin aman suna yarim
Seni vermem yadlara Leylim aman aman leylim aman aman
Leylim aman aman sarı gelin”
Digər versiyaya görə, “Sarı gəlin” mahnısı Ağqoyunlu hökmdarı uzun Həsənin xanımı Despina xatuna həsr olunub. Despina xatunun uzun Həsənlə evlənmək səbəbi sırf diplomatik məqsəd daşımışdı. Bu izdivaca Uzun Həsənin anası tarixdə ilk diplomat qadın kimi ad qoymuş Sara Xatun israr etmişdi. Mahnı da “Saranın gəlini” adı ilə Uzun Həsənin toyunda səslənmiş, sonra dəyişərək “Sarı gəlin” olmuşdu.
Despina xatun Trabzon imperatoru IV İohanın qızı, Şah İsmayılın da ana nənəsi idi. Onun öncələr Sara Xatunla münasibətləri yaxşı olsa da, sonralar siyasi səbəblərlə həm qayınanası, həm də əri ilə aralarında soyuqluq yaranmışdı. O hətta uzun illər sarayda yaşasa da əri uzun Həsənlə görüşməmişdi. Deyilənə görə, 40 yaşında vəfat edib.
Azərbaycanda “Sarı gəlin” mahnısının sözləri bir qədər fərqli şəkildə oxunur:
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu,
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.
Nə ola bir gün görəm,
Nazlı yarımın üzünü.
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.
Həsrəti bu qədər çəkilən, üzünü görmək qeyri-mümkün olan, yüz illər ötsə də adı dillərdən düşməyən o naməlum Sarı gəlin həqiqətdə kim idi görən?