Azərbaycanlıları qeydiyyata alan  dəstəyə cinayət işi açıldı
25 dekabr 2025 11:11 (UTC +04:00)

Azərbaycanlıları qeydiyyata alan dəstəyə cinayət işi açıldı

0

Rusiyanın Yekaterinburq şəhərinin Kirov Rayon Məhkəməsində xarici vətəndaşların qanunsuz qeydiyyatını keçirən mütəşəkkil cinayətkar qrupun (MCQ) məhkəməsi başlayıb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, təqsirləndirilənlər kürsüsündə 14 nəfər əyləşib. Onların arasında cinayət klanının təşkilatçısı, 4 nömrəli tərəvəz bazasının təhlükəsizlik xidmətinin rəhbəri Yevgeni Bartnovski də var. Prokuror ittiham aktını iki saat ərzində oxuyub.

İttiham aktına əsasən, Bartnovski və onun silahdaşı Aleksandr Neçayev sadəcə təşkilatçı deyil, eyni zamanda qrupun liderləri və ideoloqları olublar. İstintaqın fikrincə, məhz onlar qruplaşmanın yaradılması planını hazırlayıblar. Məqsəd isə Rusiyada qalmaq üçün sənədləri qanunsuz şəkildə rəsmiləşdirilən qeyri-leqal miqrantlar hesabına asan qazanc əldə etmək olub.

Qruplaşmanın hər bir üzvünün dəqiq müəyyən edilmiş rolu olub, birliyin daxilində sərt və dəyişməz iyerarxiya qorunub saxlanılıb, cinayətkar qruplaşmanın tərkibi sabitliyi ilə seçilib. Prokurorun səsləndirdiyi materiallara görə, operativ iş təcrübəsi olan Bartnovski və Neçayev qanunvericiliyi çox yaxşı biliblər və onu yan keçmək üçün hər cür tədbir görüblər.

Belə ki, MCQ daxilində son dərəcə ciddi konspirasiya rejimi mövcud olub: iştirakçılar hüquq-mühafizə orqanları tərəfindən dinləmələrin qarşısını almaq üçün telefon və messencerlərdə ünsiyyətdən qaçıb, şəxsi görüşlərə üstünlük veriblər. İyerarxiyanın aşağı pillələrində olan qrup üzvləri isə əsl liderlərin kim olduğunu bilməyiblər.

İttiham aktından göründüyü kimi, mütəşəkkil cinayətkar qrup (MCQ) 2020-ci ildən fəaliyyət göstərib və 2023-cü ildə artıq tamhüquqlu cinayət klanına çevrilib. Cinayət birliyinin tərkibinə etnik mənsubiyyət prinsipi üzrə formalaşdırılmış altı strukturlaşdırılmış mütəşəkkil cinayət qrupu daxil olub. Onların üzvləri Özbəkistan, Tacikistan, Qırğızıstan və Azərbaycan vətəndaşlarını taparaq, onlara sənədlərin qanunsuz yolla rəsmiləşdirilməsini təklif ediblər.

Dörd il ərzində (2020–2024) cinayət təşkilatı, ehtimala görə, 6 mindən çox xarici vətəndaşı qanunsuz şəkildə qeydiyyata alıb. Qeyri-leqal miqrantlar hesabına təqsirləndirilən şəxslər 8 milyon rubldan artıq gəlir əldə ediblər. MCQ üzvlərinə RF Cinayət Məcəlləsinin 322.1-ci maddəsi (qanunsuz miqrasiyanın təşkili) və 210-cu maddəsinin 2-ci hissəsi (cinayət birliyində iştirak) üzrə ittiham irəli sürülüb.

Qrup üzvlərinin bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar