Orta və yaşlı nəsil 2006-cı ilədək dövriyyədə olmuş 500 manatlıq əsginasları yaxşı xatırlayır. Sən demə bu pullar dahi Azərbaycan şairi Nizami Gəncəvinin təsviri olan ilk əsginas deyilmiş.
Lent.az-ın xəbərinə görə, hələ keçmiş SSRİ-də şairin yubileyi münasibəti ilə müxtəlif poçt markaları və açıqcalar buraxılıb.
1991-ci ildə isə Nizami Gəncəvinin 850 illik yubileyi Sovet İttifaqı səviyyəsində qeyd edilərkən SSRİ Mərkəzi Bankı dövriyyəyə şairin təsviri olan sikkə buraxdı. Bu, tarixdə dahi Nizaminin təsviri olan ilk pul nişanı idi. Beləliklə, tanınmış şəxsiyyətlər seriyasından olan sovet xatirə pullarında yer alan 27 nəfərdən biri də Nizami Gəncəvi oldu. Seriyada daha 3 türk vardı: Əlişir Nəvai, Məhdimqulu və Həmzə Niyazi. Böyük Nizaminin təsviri olan pulun xüsusiyyətləri:
Texniki arayış
Seriya: Tanınmış şəxsiyyətlər
Nominal: 1 sovet rublu (SUR)
Buraxılış ili: 1991
Buraxılış sayı: 2 500 000 ədəd
Kütləsi: 12,8 qram
Diametr: 31 mm
Qalınlıq: 2,3 mm
Material: Mis-nikel ərintisi
Pulun aversindəki “Nizami Gəncəvi 850” ornamenti Şərq üslubundadır. Şair əlində lələk tutmuş şəkildə təsvir olunub. Masanın üzərində mürəkkəb qabı da yaddan çıxmayıb. Reversdə isə standart olaraq SSRİ-nin gerbi təsvir edilib, “SSRİ, 1 rubl 1991” yazısı həkk olunub.
2 il sonra isə sovet rublu yerini müstəqil Azərbaycanın milli valyutasına verdi. Üzərində Nizaminin təsviri olan rubl indi kolleksiyaçıların diqqət mərkəzindədir.