Niyə may ayında toy eləmək olmaz?
13 may 2023 20:15 (UTC +04:00)

Niyə may ayında toy eləmək olmaz?

“May ayında toy eləmək olmaz” ifadəsini eşitməyən tapılmaz. Qədim bir inanca görə may ayında baş tutan nikahlar bədbəxt sonluqla nəticələnir. 

Lent.az “Belə yaranıb” rubrikasında bu qəribə inancın yaranma tarixçəsinə nəzər salacaq.

Antik dövr Romasında və Yunanıstanda may ayında baş tutan evliliklərin yarımçıq qalmasına dair deyimlər var. Məsələn romalı şair Ovidey, yunan filosofu Plutarx may toylarını öz əsərlərində “qaralamışdılar”.

Qədim Pravoslav təqviminə əsasən, Pasxa bayramının bir hissəsi may ayına düşürdü. Pasxadan öncə bir sıra oruc tutmaq ritualları var idi və bu rituallara evlənmək qadağası da daxil idi. Xristianlıqda həftənin ikinci və dördüncü günləri toy eləmək bəyənilən hərəkət deyil. Pasxanın yeddinci günü də evlənmək olmazdı. Bazar ertəsi və bazar günləri isə toy üçün ən münasib zaman sayılırdı.

Avropada may toyunun bədbəxt sonluğuna inancın kökü 1567-ci ilə gedib çıxır. 1567-ci ilin may ayında Şotlandiya kraliçası Mariya Stüart üçüncü dəfə ərə getdi və bu nikah böyük bədbəxtliklə nəticələndi. O gündən sonra sadə xalq da, monarx ailələri də mayda edilən toyun kraliçaya düşməməsinə inandılar. Bu ənənə sonralar bütün kral ailələrinə sirayət etdi.

Lakin 2018-ci il may ayının 19-da Britaniya kral ailəsinin amerikalı gəlini Meqan Markl bu xurafata son qoydu. Kral ailəsinin narazılığına baxmayaraq, o, toyunun mayda olmasını istədi. Hərçənd sonluq da xoş görünmədi. Meqan gələn gündən ailəsi ilə yola gedə bilmədi, ərini də götürüb vətəninə qayıtdı.

Qədim slavyanlar mayda evlənənlər “ömür boyu islanar, əzilər” ifadəsini işlədirlər. Bu may ayında ərzağın bitib-tükənməsi ilə əlaqədardır. Hər nə qədər baharda qan qaynasa, güllər, çiçəklər açsa da, bu fəsildə qışdan qalan ərzaq tükənir, yeni ərzaq  isə hələ toplanmamış olurdu. Buna görə, may toyu elə də arzuolunan sayılmırdı.

May toyuna qarşı Polşada da xurafatlar mövcuddur.

Ermənilər aprel ayının sonu, may ayının əvvəli öz qondarma soyqırımlarının matəmini tutduqlarına görə, mayda toy etmirlər.

Müsəlmanlarda isə toy edilməyən Məhərrəm və Səfər aylarında belə toy qadağası yoxdur. İnsanlar öz istəkləri ilə, peyğəmbər ailəsinə ehtiram olaraq 1400 il öncə baş vermiş faciəni yad edərək, toy etmirlər.

Psixoloqlar deyirlər ki, insan nəyi düşünürsə, onu maddiləşdirir. Ona görə mayda toy etmək olar. Yetər ki, pis şeylərə inanıb onu həyatına çəkməyəsən.

Ümumilikdə, mayda toy etməyin bədbəxtliklə nəticələnəcəyinə dair bir dəlil, əsas, dini və ya hansısa elmi fakt yoxdur.

Gözəl şeylərə inanın ki, qapınızı xoşbəxtlik çalsın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9411
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar