Niyə bizdə tarixi seriallar  çəkilmir?
13 iyun 2024 14:08 (UTC +04:00)

Niyə bizdə tarixi seriallar çəkilmir?

10 ildən artıqdır hər seriyasını əzbər bilsək də “Möhtəşəm yüz yıl” serialını sevərək izləyirik. Bu serial Türkiyənin dövlət büdcəsinə milyonlarla gəlir gətirməklə yanaşı, ölkə tarixini insanlara öyrədir, üstəlik, türk hökmdarına rəğbət və sevgi aşılayır. Bu serialın ardınca çəkilmiş  “Ərtoğrul”, “Osman” kimi  seriallar da eyni məqsədə xidmət edirlər. Kino ən böyük təbliğat maşınıdır.

Türklərdən ilhamlanaraq ruslar da öz çarları barədə silsilə filmlər çəkməyə başlayıblar. Demək olar ki, çox baş sındırmadan eyni bədi həllə üz tutaraq eyni musiqilər, eyni kompüter qrafikasından istifadə ediblər. Öz tarixlərini canlandırıblar. İzlədiyim “Yekaterina” və “Yelizaveta” seriallarına önə çəkilən iki məqam diqqətimi çəkdi. Hökmdar olmağın nə dərəcədə böyük qurbanlar tələb etməsi, ətrafında dost kimi görünüb  düşmən olan yüzlərlə insan, xüsusən bunların əksəriyyəti xarici ölkələrə işləyən cəsuslardır. İkinci önəmli məqam  hökmdara rəğbət oyandırmaq üçün onun xətalarını belə gənclik şıltaqlığı və məsumiyyət kimi göstərmək cəhdi. Yekaterinanın adı dünya ədəbiyyatında seks qalmaqalları ilə xatırlanır, filmdə isə bu epizodlar o dərəcədə ötəri və Yekaterinaya haqq verilərək göstərilib ki...

Nə isə, əslində fikrim həmin serialı tərifləmək deyil, “bizdə niyə tarixi seriallar çəkilmir?” sualına cavab tapmaqdır.

Cavab əslində məlumdur. Söz düşəndə, kino xadimləri maliyyə deyib dad edirlər. Tarixi janrda serial çəkilirsə, bunun kostyumları, dekorları, rekvizitləri böyük maliyyə tələb edir. Rejissorlar da belə deyirlər. Lakin bir qeyd edim. “Möhtəşəm yüz yıl” o qədər maraqlı alınmışdı ki, bütün maliyyə xərclərini elə film nümayiş etdirilərkən reklam bazarından çıxarırdı. Və 10 ildən çoxdur qazanc gətirməkdə davam edir.

Mövzu desəniz, nə qədər istəsəniz var. Hər xanlığımız tarixi bir böyük əsərdir. Məsələn, Ordubadinin, “Qılınc və qələm”, Çəmənzəminlinin “Qan içində” romanları hazır ssenaridir.  Qarabağ  hadisələri, müharibə, qələbəmiz, 100 ildə ilk dəfə işğal olunmuş torpaqları geri almağa bacarmış, gözəl siyasi gedişləri olan, qəhrəman prezident.  Qarabağ ətrafında gedən və bütün dünyanın cəlb olunduğu siyasi oyunlar. Bundan gözəl hansı ssenari ola bilər? Gözəl aktyor heyətimiz də var, rejissorlarımız da. Bu ən yeni, ən möhtəşəm tarixdir, nə zaman çəkiləcək, nə zama dünyaya təqdim olunacaq? Samballı, möhtəşəm bir ekran işinə ehtiyac var.

 Kino bazarında at oynadan  şəmilərin, şöşülərin, hozuların, qılmanların, arvad əlində “çurbana” dönmüş kişilərin, həyasız bazar arvadlarının şit zarafatları ilə yanaşı tariximizi yaşadan samballı filmlərimiz də olsun. Təqdim edilən əsərlər zombiləşdirməsin, oyandırsın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar