Nə üçün Qarabağla bağlı filmlərimiz festivallara çıxmır?
22 noyabr 2023 17:07 (UTC +04:00)

Nə üçün Qarabağla bağlı filmlərimiz festivallara çıxmır?

Zəfərimizdən 3 il keçib, lakin qələbə barədə filmlər çəkilmir. Qarabağ hadisələri barədə barmaqla sayılacaq qədər filmimiz var. Xarici festivallara isə ümumiyyətlə, bu barədə film hazırlayıb göndərməmişik. Mövzudan çox mövzu var. Məsələn, Şuşanın işğaldan azad olunması kimi möhtəşəm, dünya hərb dərsliklərinə salınası bir döyüş haqqında necə gözəl bir sənədli film çəkmək olardı. Olardı amma olmayıb. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun fikrinə görə, gecikmədən hərəkətə keçilməlidir.

“İldə iki dəfədən az olmayaraq layihə müsabiqəsi, ildə 3 dəfədən az olmayaraq ssenari müsabiqəsi keçirilməlidir. Kino ictimaiyyəti ilə sıx, davamlı, məhsuldar iş birliyi qurmalıdır”.

Əli İsa Cabbarov Lent.az-a bildirib ki, çəkilən filmlərin festivallarda təmsil etmək işinə filmi istehsal edən studiya məsuliyyət daşıyır.

“Azərbaycan Kinematoqrafçılar İttifaqı film festivalda iştirakına dəstək verir amma təşəbbüs istehsalçı tərəfdən olmalıdır. Film akademiyalarının mükafatlarına təqdim etmək isə müvafiq komitələrdən olur. Komitələrə də filmi istehsalçı şirkət təqdim etməlidir”,- deyə o bildirib.

Rejissor Aqil M. Quliyev:

Belə bir filmin meydana gəlməyi, yəni hansısa hadisəni psevdotarixi filmə çevirib, tarixi fakt kimi təqdim etmək, doğru strategiyadır. İnsanlar filmləri həmişə həqiqət kimi qəbul edir. Absurd kimi səslənsə də, bu belədir. İndiki gənclər konkret yalnız audiovizual mənbələrdən tarixi öyrənir. Bizim Kinoda baş verən hadisələrə qiymət vermək istəmirəm... Nəticə göz qabağındadır. Şəxsən mən, Mədəniyyət Nazirliyinin heç vaxt görmədiyi müstəqil, peşəkar rejissor Aqil M.Quliyev, öz mübarizəmi tək aparıram.

Rejissor Zaur Mehdi:

Problem  təkcə maliyyə və ya dövlət dəstəyi məsələsində deyil. Əksinə, bəzi qurumların bu sahədə dominant olması, monopoliya yaratması, gənc rejissorlara çətinliklər yaratmasıdır. Yaradıcılıq azad buraxılmadıqca, senzura, qocaların intriqaları davam etdikcə, istedadlı rejissorların qarşısı kəsildikcə, bu sahədə uğur olmayacaq. Bu sahədə heç bir yaradıcı azadlıq yoxdur. Problem budur. Tanışlıqla, monopoliya ilə iş görməyi yığışdırıb beynəlxalq standartlara uyğun professional iş görərək Qarabağın pasportu sayılacaq, işğal və qələbəni bütün dünyaya göstərən film çəkə bilərik. Gənclərə meydan verilməlidir. Bu qədər rejissor məzun olur hər il. Hansımıza dövlət sifarişi ilə film çəkməyə imkan verirlər? Zaman axır, hələ də ortaqlıqda filmlərimiz görünmür.

Bax belə. Dünyaya səs salan zəfərin sahibləri olaraq möhtəşəm bir filmi haqq edir bu xalq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4827
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar