Hər bir dövlət qurumunun görünən üzü, nazirliklə medianı, ictimaiyyəti birləşdirən şəxs mətbuat nümayəndəsidir. Jurnalistlər hansısa məlumatı dəqiqləşdirmək istədikdə ilk müraciət etdikləri ünvan ictimaiyyətlə əlaqələr şöbəsi - mətbuat xidmətləri olur.
Amma bəzən o şöbələrlə, vəzifəli şəxslərlə əlaqə yaratmaq, mətbuat katibləri ilə danışmaq müşkül məsələyə çevrilir. Vəzifəli şəxslə əlaqə yaratmaq mümkün olanda da, gərək buna mətbuat katibi xüsusi razılıq versin. Hətta, bəziləri nazirliyin əməkdaşlarının da danışıb, danışmamasını mətbuat katibləri öz əllərinə almağa çalışırlar.
Bir növ “İcazə mənim əlimdədir, istəsəm verəcəm” deyirlər.
Maraqlıdır, bu nə dərəcədə doğrudur? Mətbuat xidmətinin nəyisə qadağan etmək kimi hüququ varmı?
Məsələ ilə bağlı Lent.az-a münasibət bildirən media eksperti Zeynal Məmmədli qeyd edib ki, vəzifəli şəxsin müsahibə verib verməməsi nazirlik tərəfindən müəyyənləşir, mətbuat nümayəndəsi tərəfindən yox:
“Mətbuat xidməti, ümumiyyətlə, kiməsə icazə verib, ya yasaqlaya bilməz. Mətbuat xidməti nazirliklə ictimaiyyəti maraqlandıran məsələlərə nazirin münasibətini vermək üçündür. Onların qadağa qoymaq hüququ yoxdur.
Amma mətbuat katibi nazirliyin sözcüsü olduğu üçün qurumun adından “bizim danışmağımız” məqbuldur deyəcək. Yəni, ümumi qurumun adından danışmalıdır. Amma müsahibə və ya açıqlama aldığımız şəxs nazirlikdə çalışırsa, buna qurumun icazəsi olmalıdır. Müsahibənin verilməsi nazirlik tərəfindən müəyyənləşə bilər. Mətbuat xidməti tərəfindən yox”.
Xatırladaq ki, həmkarımız sənət adamları ilə müsahibə etmək üçün Mədəniyyət Nazirliyinə müraciət edib. Həmin sənət adamları nazirliyin əməkdaşları olduğu üçün mətbuat xidmətinin sözcüsü buna məhdudiyyət qoyub.