Məşhur aktyorlar "Azdrama"da hansı dəyişiklik gözləyirlər - “Teatrda  "mən" deyil, "biz"   olmalıdır”
19 may 2023 14:01 (UTC +04:00)

Məşhur aktyorlar "Azdrama"da hansı dəyişiklik gözləyirlər - “Teatrda "mən" deyil, "biz" olmalıdır”

Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunması barədə xəbər vermişdik.

Bir neçə gün öncə Mehriban xanım kollektivə təqdim olunub. Qeyd edək ki, teatrın keçmiş direktoru Azərpaşa Nemətovun vəfatından sonra teatrın bir sıra görkəmli aktyorları bu vəzifəyə teatrın əməkdaşlarından kiminsə təyin edilməsini istədiklərini bildirmişdilər. Bədii rəhbər görmək istədikləri bir neçə xalq artistinin adı hallanırdı. Bu mənada Mehriban Ələkbərzadənin teatra bədii rəhbər təyin edilməsi gözlənilən olduğu qədər də, gözlənilməz oldu. Görəsən, aparıcı aktyorlar bu təyinat barədə nə düşünürlər?

Xalq artisti Zemfira Nərimanova Lent.az-a bildirib ki, əgər şəxsi eqolar sənət eşqini üstələməsə, teatrda hər şey gözəl olacaq. 

“Sözün düzü, Mehriban Ələkbərzadəni lap gənc yaşlarından tanısam da, onun tamaşalarında hələ oynamamışam. Mehriban xanımı elə gəncliyindən istedadlı, bacarıqlı rejissor kimi tanımışam, tamaşalarından da bu aşkar görünür.

Teatrın bədii rəhbəri kimi kollektivə təqdim ediləndə çıxışını dinlədim. Həmişəki kimi, sözlərində səmimi idi. Baxaq, hər şeyi əlahəzrət zaman göstərəcək. Mehriban xanım Akademik Milli Dram Teatrına yad deyil, kollektivi tanıyır, oradakı vəziyyətlə də tanışdır. Gözəl başa düşür ki, teatr kollektiv sənət olduğu üçün şəxsi eqo bu kollektivin inkişafına əngəl olacaq. Ondan əvvəlki rəhbərlərin eqosunun teatrımıza vurduğu ziyanı Mehriban xanım gözəl bilir.

Teatrda "mən" deyil "biz" olmalıdır. Hamı teatrın imici üçün çalışmaldır. Mən ümid edirəm ki, Mehriban xanım indiki inkişafdan geri qalmış, tamaşaçısını itirmiş “Azdramanı”  əvvəlki kimi qabaqcıl teatra çevirəcək, Akademik statusumuza layiq olacağıq. O bunun üçün əlindən gələni əsirgəməyəcək”.

Teatrın aparıcı aktrisalarından olan Xalq artisati Məleykə Əsədova bu təyinatdan məmnun olduğunu qeyd edib.

“Mehriban xanım, cox istedadlı, özünü təsdiqləmiş, səhnələşdirdiyi tamasaları yadda qalan rejisordur. O, teatrda aktyorları cox yaxşı tanıyır. Mehrban xanım öz doğma teatrına gəlib. Yaradıcı, teatrı sevən, istedadlı insandır. İnşallah, yaxşı olar. Ona uqur arzu edirəm”.

Əməkdar artist Füzuli Hüseynov isə deyib ki, o qadınlar barədə fikir bildirmək istəmir:

“Mən qadınlar haqda heç nə danışmıram. Ümid edək ki, yaxşı olacaq”.

Mehriban Ələkbərzadə isə bir neçə gün öncə saytımıza açıqlamasında öz doğma teatrına gəldiyini, əsas məqsədinin teatrın inkişafına xidmət etmək olduğunu bildirib:

“Müəyyən çəki-düzən veriləcək. Hələlik tanışlıq mərhələsindəyəm, araşdırıram. Görülən işlərlə tanış olduqdan sonra müəyyən planlaşdırmalar olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar