Belə yerdə deyirdilər: "Var idi hər yarağımız, çatmırdı bircə saqqal-darağımız".
Ölkədə həllini gözləyən yüzlərlə problemlər qalıb qıraqda, məmmədlər, mamedlər Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının xoşuna gəlməyib.
Komissiyanın sədri Sayalı Sadıqova bildirib ki, Mamed, Məmməd adları Məhəmməd adının növləridir, ona görə də onların istifadəsi qadağan olunur, bu barədə “Asan Xidmət” şöbələrinə müvafiq tapşırıqlar verilib
Məmmədov soyadı Əliyev soyadından sonra Azərbaycanda ən çox istifadə edilən ikinci soyaddır. Ölkə əhalisinin təxminən üçdə biri Məmməd köklü soyadı daşıyır. İndi necə olsun? Bütün Mamedovlar, Məmmədovlar soyadlarından imtina etsinlər? Adını daşıdıqları ulu babaları Məmmədi yox saysınlar?
Məmməd Məhəmməd adının qısalmış formasıdır. Məhəmməd ərəb dilində Mühəmməd şəklində tələffüz olunur. Belə çıxır ki, gərək Məhəmməd adı da səhvdir deyə, onu da qadağan edək.
Məmməd də, Məhəmməd də dilimizdə özünə yer tutub, milliləşib, illər sonra belə bir “kəşfə” nə gərək vardı?
Eyni fikri milli adlarımızın ruslaşdırılmış forması olan Mamed, Gülya, Elya, Ayka, Alik kimi adlar barədə deyə bilmərik.
Məhəmməd adının növlərdir deyərək Məmməddən imtina ediriksə, Aynur sözündən yaranmış Aynurə adını da siyahıdan çıxarmalıyıq? Buna bənzər yüzlərlə nümunə var.
“Mamed”in ortalıqda görünməsindən narahat olanlar soyadlarımızdakı “ov, yev” sonluqlarının bu gün də müntəzəm istifadə olunmasına etiraz bildirməliydilər. Məmmədi yox, Məmmədovu qadağan eləməliydilər. Niyə eləmirlər?
“Asan” görünsə də, çətin suallar oldu, deyəsən.