İlham Namiq Kamal
17 noyabr 2022 16:05 (UTC +04:00)

İlham Namiq Kamal

“Mədəniyyət Nazirliyindəki korrupsiyaya görə utanıram” - Xalq artisti ilə MÜSAHİBƏ 

Lent.az-ın müsahibi professor, illərin sənətkarı Xalq artisti İlham Namiq Kamaldır

- İlham müəllim, bu günlərdə bir videopaylaşımınızı izlədim. 73 yaşda o qıvraq rəqs, oynadıqdan sonra təngnəfəs olmadan mahnı ifa etmək hər cavanın hünəri deyil. Daima gənc qalmanızın sirri nədir?

- Hə, 98 yaş üçün pis deyiləm. Saçlarım ağ deyil, Britaniyadan gətirdiyim xüsusi boya ilə belə edirəm (gülür). Cavan qalmaq yəqin genetikdir bizdə. Rəhmətlik atam da çox cavan görünərdi, elə cavan da getdi. 63 yaşında vəfat etdi. Xüsusi nələrsə eləmirəm. İllərdir eyni çəkidə, eyni görünüşdəyəm. Heç kim deyə bilməz ki, neçə yaşında və nədən gedəcək. Təmiz kənd məhsullar ilə qidalanıram. Bakıdan marketdən, bazardan heç nə almırıq Əslimiz Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Tez-tez kəndə gedirəm. Kənd insanları ilə ünsiyyət bir başqa aləmdir. Şamaxının təbiəti, havası tamam başqadır. Qəlbən ora bağlıyam. Dədə-baba yurdu insanı çəkir. Babamız ikinci zəlzələdən sonra köçüb gəlib Bakıya, burda doğulub-böyümüşük. Sonralar kənddən ev aldıq.

- Sizdən öncə nəslinizdə incəsənət adamı olub?

- Yox. Babamız manufaktura taciri olub. Gəmilərlə Pakistandan, Hindistandan, Türkiyədən mal gətirirmiş. Amma çox dünyagörmüş, savadlı kişiydi. Atamızı türk şairinin şərəfinə Namiq Kamal adlandırmışdı. Biz də o rəhmətə gedəndən sonra adını yaşatmağa çalışdıq. Afişalarda, haqqımızda dərc olunan məqalələrdə, kitablarda adı yaşasın istədik. İlham Namiq Kamalın haqqında 4 kitab yazılıb. Bu da bir taledir. Biz Namiq Kamal adını belə yaşatdıq.

- Sənətə kim-kimi gətirdi, siz qardaşınız Cəfər Namiq Kamalı, yoxsa o sizi?

- O məni dartıb gətirdi. Dedi “gedək dərnəkdə məşğul olaq”. İki qardaş incəsənətə meyl saldıq. Birinci dəfə Bakının Oktyabr rayonunda dram dərnəyinə getdik. Aktyor Məmmədağa Dadaşov vardı, dərnəyə rəhbərlik edirdi. Gənc Tamaşaçılar Teatrında işləyirdi. Üstümüzdə əməyi var rəhmətliyin. Sonra bir az böyüdük, keçdik Lütfü Məmmədbəyovun Xalq Teatrına. Adına Xalq Teatrı deyirdilər, amma elə indiki dövlət teatrları qədər güclü bir teatr idi. Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərirdi. Allah rəhmət eləsin, Lütfü Məmmədbəyov böyük insan idi. Bu gün adını eşitdiyimiz böyük sənətkarların əksəriyyəti onun yetirmələri idilər. Lütfi Məmmədbəyov ən əsası abırlı adam idi. İndi belə adamlar çox azdır, bəlkə heç yoxdur.

- Bir evdə iki sənətkar, iki Xalq artisti. Rəqabət, qısqanclıq olub?

- Yox əksinə, çox yaxşı yola gedirik. Qardaşımla birlikdə çoxlu rollarımız var. “Mənim ərim dəlidir”, “Hərənin öz payı” və digər tamaşalarda qoşa oynamışıq.

- Aktyor olmasaydınız hansı sahəyə gedəcəkdiniz?

- Bu sahəyə atılmasaydıq, açıq deyim də Bakı Dövlət Universitetində oxuyasıydıq. Düzdür yaxşı oxuyurdum, savadım da vardı, amma əmim orda prorektor idi, Filologiya fakültəsində yerim hazır idi. Ora qəbul avqustda olasıydı, mən iyul ayında onlardan xəbərsiz sənədlərimi verdim İncəsənət İnstitutuna və qəbul olundum. Lütfi müəllim dərnəkdəki gəncləri özü instituta da hazırlaşdırırdı. Hər tərəfli yetişdirirdi gəncləri. İnstituta girdim, evdən narazılıq olmadı. Mən oxuya-oxuya II kursdan tədris teatrında işləməyə başlamışdım və 94 rubl maaş alırdım. Bu o dövr üçün yaxşı maaş idi. Ətin kilosu 2 manat idi. İndi ilə müqayisə edin, görün neçə kilo ət almaq olardı? Ailədə vəziyyət yaxşı idi, qazancımı elə geyim-keçimə verirdim. Yaxşı bir plaş 60 rubl, çəkmə 30 rubl, kostyum 70 rubl idi. Tələbəliyim rahat keçib. Ümumiyyətlə, sənət yolum rahat başladı. Gözəl müəllimlərim olub. Adil İsgəndərov, Tofiq Kazımov kimi nəhənglərdən dərs almışam. Heç bir problem yaşamadım. İnsan ehtiyaca görə şikayətlənir də. Mənim belə ehtiyaclarım olmayıb. Amma dayanmadan işləmişəm. Həmişə başım işə-gücə qarışıb. Səhərlər radio, sonra televiziya, teatr, kinostudiya. Mənim ömrüm belə keçib. 35 il Akademik Milli Dram Teatrında çalışmışam. Böyük rejissor Tofiq Kazımovun rol almadığım tamaşası olmayıb. 50 yaşımda mən Prezident Təqaüdünə layiq görüldüm. Əsas odur mən işləmişəm və kənardan da bunu görüblər. Sonradan Musiqili Teatra gəldim. Eyni zamanda, müxtəlif teatrlara da dəvət alırdım. Opera və Balet teatrında Soltan bəyi oynadım, Kukla Teatrında “Don Kixot”u hazırladıq. Don Kixotu oynadım 

- Siz canlı oynayırdınız, tərəf müqabilləriniz kuklalar idi. Yəqin asan olmazdı…

- Dulsineyam kukla idi, amma onu kukla kimi yox, sevgilin kimi qucaqlamalısan. Kukla Teatrının aktyorları səs sənətkarlarıdırlar, səslə mənə o effekti verə bilirdilər. Dünyanın hər yerində Kukla Teatrının böyüklər üçün axşam tamaşası var.

- Sizi Azərbaycan tamaşaçısı bir zamanlar efir vasitəsilə tanıdı. Yəni 90-cı illərə qədər Azərbaycanda bir tək AzTV mövcud idi və məşhur simaların hamısını xalq televiziya vasitəsilə tanıyırdı. Ekranlara çox tez- tez çıxırdınız. Monotamaşalarınız olurdu. Çox aktyorlardan daha şanslıydınız. “Dayınız” var idi?

- O vaxt xala, bibi, dayı yox idi, vardısa da mən bilmirəm. İstedada önəm verirdilər. Çağırırdılar, mən də çıxırdım. İndi xalalar, bibilər, hətta nənələr day-dayılıq edirlər. Biz o barədə heç bilməmişik. Zaman dəyişib.

- Səs də irsən keçib?

- Elə möhtəşəm səsim var deyə bilmərəm. Bunun dərsini almışıq. Muğam oxuya bilmərəm, amma orkestrlə vokal oxuyuram. Tamaşalarda elə olur 5 mahnım olur. Bu da bir cür fəhləlikdir. Allah rəhmət eləsin, mərhum Prezidentimiz Heydər Əliyev deyərdi, “siz ziyalı fəhlələrsiniz. Siz də yıxılırsınız, durursunuz, səhnədə sürünürsünüz, səhnənin tozunu udursunuz. Amma ziyalısınız”.

- Səhnəmizdə yaşlanandan sonra unudulan aktyorlarımız çoxdur, hətta bir zamanlar “Sönən ulduzlar” deyə bir teatr yaradılmışdı, yaşlı aktyorları cəlb etmişdilər.

- Özəl teatr idi, heyf ki, daha yoxdur. Rusiya teatrlarında 100 yaşında aktyor da səhnəyə çıxır. Bir zamanlar Ağasadıq Gəraybəyli də 90 yaşında səhnədə möhtəşəm oyun sərgiləyirdi. İndi müəyyən yaşa çatdınsa, artıq işləyə bilməzsən. Bəyəm yaşlı aktyora ehtiyac yoxdur? Hər tamaşada qoca obrazı var axı.

- Sizi əsasən komik obrazlarda görüb sevmişik. Amma dramatik obrazlarınız da az deyil. Hansını ifa etmək daha çətindir? 


- Ümumilikdə aktyor sənəti bilavasitə əsəb-sinir sistemiylə bağlıdır. Komik obrazı oynamaq daha çətindir. Gülüş yaratmaq üçün sinirlər daha çox işləyir, gərilir. Səhnədə iki saatlıq kiminsə həyatını oynayarkən qan təzyiqimiz qalxır, bir müddət özümüzə gələ bilmirik. Bizim sənət yaxşını pisdən, xeyri şərdən ayırmağın yollarını öyrədir. Komediyada tamaşaçı üçün gülməli olan vəziyyət sənin qəhrəmanın üçün acınacaqlıdır. Aktyor yaratdığı obrazın vəkilidir. Onu müdafiə etməli, onun duyğularını anlamalı, ona haqq verməlidir. Rol bizim balamızdır, onun ögeyi, yetimi olmur. Komediyanı oynayanda sərf etdiyin əsəb dramatik roldan çoxdur. Tamaşaçı uğunub gedir, biz isə əsəb keçiririk. Komik vəziyyət obraz üçün faciə, tamaşaçı üçün əyləncə, aktyor üçün əsəbdir. Deyirlər kefdəsən. Deyirəm kefdə mən yox, sənsən, sən baxıb gülürsən, mən işləyirəm. Bizim böyüklüyümüz ondadır ki, duyğularımızı kənardan görmürlər. Aktyorlar əslində kütlənin, minlərlə insanın içində tənha olan insanlardır. Biz öz rollarımızın tərəfkeşləriyik. Bir az da könlü uşaq olanlarıq biz. Uşaq dedim yadıma bir hadisə düşdü. Bir dəfə rəhmətlik Ağasadıq Gəraybəylinin baş rolda oynadığı tamaşaya getmişəm. 90 yaşında “Əliqulu evlənir” də Əliqulunu oynayır. Böyük sənətkar idi rəhmətlik. Gül almışam. Pərdə bağlandı, o tez keçdi səhnə arxasına. Çatdırıb gülü verə bilmədim. Getdim otağına. Gülü alıb çox sevindi. Mən də bir neçə xoş söz söylədim, kişi başladı ağlamağa. Dedim nə oldu Ağasadıq müəllim? Dedi “kaş atam sağ olaydı, bu günlərimi görəydi”. 90 yaşında atasını arzulayırdı. Uşaq qəlbi var idi onda. Biz aktyorlar uşaq qəlbimizi qoruyuruq. Yoxsa səhnədə süni gülü iyləyib, çiçək qoxusu almış kimi sevinə bilmərik.

- Çoxlu qastrollarınız olub. Yəqin maraqlı xatirələriniz var.

- Çox olub. Xalq artisti Mirvari Novruzova ilə Kürdəmirdə qastroldaydıq. Yay ola, Kürdəmir kimi “sərin yer” ola. O istidə mehmanxanadan çıxıb mədəniyyət evinə gedirik, tamaşa göstərmək üçün. Yolumuz şəhər parkından keçir, Mirvari xanım istidən təngnəfəs olub yelpiklə özünü yelləyir. “Əbədi məşəl” abidəsinin önündən keçəndə Mirvari xanım hirsli-hirsli deyindi:
“Allah kömək olmuşlar, qırıldıq-batdıq istidən, barı bunu söndürün! Yayın günündə bu nə tonqaldır?”. Rəhmətlik çox saf qadın idi. Hər şeyə inanardı. Bir dəfə onunla Gəncədə qastroldaydıq. Bazara gedəsiyik. Dedik soruşaq görək bazardan nəsə istəyirmi? Çox hörmət edirdik ona. O da oturub öz qrim otağında yanında da bir yeşik “Badamlı”. Dedi heç nə lazım deyil, oturmuşam özüm üçün Gəncə “Badamlı”sı içirəm. Elə bilirdi gəncəlilər verib deyə, gəncə buraxır “Badamlı”nı. Məzəli hadisələr çox olurdu.

- Hansı böyük sənətkarı itirdiyimizə görə təəssüflənirsiniz?

- Yaşar Nuri, Əlabbas Qədirov, rejissor Hüseynağa Atakişiyevin itkisi məni çox sarsıtdı. Hüseynağa Atakişiyevlə 15 yaşından dostluq eləmişik. Ən istedadlı rejissorlardan biriydi. Heyf ki, tez köçdü həyatdan. Əliağa Ağayevin adını çəkməsəm olmaz. O rəhmətlik çox böyük sənətkar idi, xəzinəydi, qızıl külçəsiydi. Həm komediyada, həm dramatik rollarda eyni yüksək səviyyəni göstərirdi. Heyf o zamanlar xaricə çıxışımız yox idi, o dünya səviyyəsində sənətkar idi. Məşədi İbadla xarici ölkələri gəzdi, amma daha çox görünə bilərdi. 

- Sizin özünüz də çox yaraşıqlı aktyor idiniz. Amma filmlərə çox çəkmədilər. Niyə?

- Sovetlər dövründə bizim “qonaqpərvərliyimizdən” istifadə edib, filmlərimizə tez-tez gürcüləri, rusları, erməniləri dəvət edirdilər. Elə rejissorların çoxu erməni ilə, rusla evliydi. Çoxu Azərbaycan dilində danışmağı özünə alçaqlıq hesab edirdi, utanırdı, onlarda milli düşüncə, milli yanaşma ola bilərdimi? İlham onların nəyinə lazım idi?

- Bu gün kinomuzun vəziyyətindən məmnunsunuz?

- Bu gün kino var ki, onun vəziyyəti də ola? Heç nə yoxdur. Mədəniyyət Nazirliyimiz bu gündə olanda onun idarə elədiyi kino necə yaxşı ola bilər? Onun idarə etdiyi kinostudiya və ya teatr necə inkişaf edə bilər?

- Narazısınız?

- Qəzetlərdə görürük. Gündə birini işdən azad olunur, həbs edilir. Mən uşaq vaxtı elə bilirdim korrupsiya ancaq kənd təsərrüfatı sahəsində olur. Amma bu yaşda görürəm ki, korrupsiya ancaq elə Mədəniyyət Nazirliyindən çıxır. Adam utanır deməyə ki, mən Mədəniyyət Nazirliyinin əməkdaşıyam. Utanıram camaat arasına çıxmağa, deyəcəklər korrupsionerdir. Kənardan baxan bilmir axı. Ət kombinatından ət aparırlar, olur korrupsiya, mən teatrdan nə aparıram? Uzaq başı bir buket gül alıram tamaşaçıdan. Çox utanıram. Əvvəllər belə söhbətlər yox idi, son illər meydana çıxıb.

- Sizcə kinomuzu dirçəltmək üçün nə eləmək olar?

- Dövlət səviyyəsində maliyyə ayrılmalı, maliyyəyə nəzarət edilməlidir. Yeni, istedadlı kadrlar cəlb olunmalıdır. Olan rejissorların əksəriyyəti rəhmətə gedib. Yeni rejissorlar yetişib, amma onlara vəsait ayrılmalıdır. Kino zarafat deyil. Sovet vaxtı bir filmə çəkilən aktyor o pulla gedib, özünə bir “Jiquli” maşını ala bilirdi. İndi elə bir film yoxdur.

- Bildiyimə görə, “7 oğul istərəm” filmində hətta atlara da , atabaxanlarla birgə pul yazılırmış.

- Bəli. Atlara da pul ayrılırdı, onların baxıcılarına da. Xalq artisti Ağaxan Salmanov ölümündən az əvvəl mənə bir dəfə dedi ki, seriala çəkilmişəm, günümə 30 manat verirlər. Deyirdi çox seriya olsa, bəlkə əlimə bir şey düşər. 3 gündən bir maaş verirlər. Bir gün gedib maaş tabelinə qol çəkəndə görüb ki, bir nəfər də itinə görə pul alır. İtə 50 manat, Xalq artistinə 30 manat maaş yazırmışlar. O da küsüb gedib. O danışdı mənim də tüklərim biz-biz oldu. Dedi bilmədim hörmətim bu qədər aşağıdır.

- Siz də seriallara çəkilmirsiniz.

- Yaxşı filmlər olsa, gedərəm. Yaxşı ssenari, güclü rejissor işi görmürəm. Boş seriala gedib illərlə yığdığım hörməti itirməyə dəyməz.

- Ssenari yoxsa, maliyyə?

- Filmin yiyəsi olmalıdır da. Damdan düşdüm, ətəyim qırıldı eləmək olmaz. Universitetdə işləyirəm, teatrda işləyirəm, pensiyamı alıram. Nəyimə lazımdır özümü abırdan salmaq?

- TV-lərdə göstərilən “stand-up”lara, gülüş proqramlarına baxırsınız?

- Kim nə edirsə etsin, əsas gərək peşəkarlıq olsun. Bir var hansısa obrazı ciddi təqdim etmək, bir də var həyasızlıq eləmək. Səhnədə həyasızlıq edən adam sənət adamı deyil. Bir var səhnədə fahişəni aktrisa oynaya, bir də var fahişəni elə fahişə oynaya. Bazarkomu bazarkom düşüncəli aktyor oynaya, bir də var təmiz bir sənətkar yarada. İndi çox vaxt səhnədə, ekranda əvvəldən axıra kimi qışqırırlar, ya da söyürlər. Tamaşaçını da zamanla elə zəhərləyiblər ki, onun da tərbiyəsi pozulub. Ona görə də reytinqi belə şou xarakterli proqramlar qazanır. Verilişlərdə nələr eləmirlər. Kim olduğunu yaxşı bildiyimiz “ekspert” çıxıb namusdan, ailədən, camaata dərs keçir, barışdırmaq adıyla ailə üzvlərini bir-birinin canına salırlar. Gördüyün işi gərək özünə yaraşdırasan. Hər kəs öz tərbiyəsini təqdim edir.

- Bu gün səhnəmizdə fahişələri görürsüz?

- Allah uzaq eləsin o günlərə gedib çıxmayaq.

- Telekanallarımızı izləyirsiniz?

- Ara-sıra baxıram. AzTV həmişə məktəb olub. Gərək telekanallar öz simasını saxlasın. Reklam xətrinə və ya nəyəsə görə kütlənin arxasınca sürünməsin. AzTV Azərbaycan dilinin inkişafında mühüm rol oynayıb. Azərbaycan radiosu bu gün də o məktəbi davam etdirir. Digər kanalları açırsan, gic-gic gülürlər, soruşan lazımdır nəyə gülürsən və niyə gülürsən? Yeni gələn işçilər öz səviyyəsini göstərirlər. Hər kəs öz səviyyəsini gətirir. Teatr televiziya yüksək səviyyəni təbliğ etməlidir. AzTV uzun illər gözəl tamaşalar hazırlayıb. Hamısı “Qızıl fondda” qorunur. “Topal Teymur”, “Göz həkimi”, “Mehmanxana sahibəsi”, “Kişilər”… Çox idi. Bu gün niyə çəkilmir? İnanın, elə böyük maliyyə də tələb olunmurdu. Amma bu gün sayın görüm hansı teletamaşalar var? Niyə çəkilmir? Bu pullar hara gedir? Prezident bu qədər vəsait ayırır. Hanı ortada niyə iş yoxdur? Hər kəs özündən sonra maraqlı bir iş qoymalıdır.

- Bir zamanlar sizin “İlham miniatur teatrı”nız da var idi. O ərəfələrdə Amalya Pənahova, Hacıbaba Bağırov da özəl teatrlar açdılar. Teatrdan küsmüşdünüz?

- Yox mən küsməmişdim. O teatr 15 il fəaliyyət göstərdi. O zaman nazirlik bizə Gənc Tamaşaçılar Teatrında yer vermişdi, həftədə iki gün tamaşa oynayırdıq. 60 nəfər maaş alırdı.

- Elə də miniatur sayılmazmış.

- Bəli, 15 nəfər aktyor truppasıydı, qalanı teatrın işçi heyəti. Sonra Gənc Tamaşaçılar, Gənclər və Bələdiyyə teatrları birləşdirilib bir dam altına yığıldı. Bu da düzgün olmayan qərar idi. Üç ayrı funksiyaya malik teatrı birləşdirmək səhv idi. Yer olmadı, biz də bağlandıq.

- 90-cı illər idi, böhran yaşanırdı, tamaşaya gələn olurdu?

- O zaman çox zavodlar işləyirdi və müqavilə əsasında işləyirdik. Vəziyyətimiz normal idi.

- Həmin vaxtlar nazirlik sizə özəl teatr yaratmaq üçün şərait yaratmışdı. İndi müraciət eləsəniz, baxılar?

- İndi nə bunu düşünən olacaq, nə də fikir verən. Bu teatr heç bir teatra bənzəmirdi. İndi heç kimə lazım deyil. 

- Geri dönüb, 73 ilə nəzər salanda "ömür nədir?" sualına cavab tapırsınız?

- Mən sabahları daha çox düşünürəm. Sabah biz də olmayacağıq. Özümüzdən sonra geriyə xoş xatirələr qoymalıyq. Dünyada qonağıq. Amma hələ getmək barədə düşünmək tezdir. Bir həkim dostum deyirdi ki, 60-dan sonra insan buynuz çıxarır, gərək onu yavaş-yavaş kəsəsən. Xəstəlikləri nəzərdə tuturdu. Xəstələndikcə müalicə olun, sağlam yaşa.

- Ailənizdən danışmadıq heç.

- Xanımım həkimdir. 4 övladım var. İki oğlum, iki qızım. Qızlarım ailəlidir, nəvələrim var, İstanbulda yaşayır. Oğullarım ali məktəb tələbələridirlər.

- Bir zamanların ən populyar və çox yaraşıqlı aktyoruna sevgi məktubları gəlirdi?

- (Gülür) Gəlsə də, işləməkdən başım açılmayıb ki, xəbərim ola. Bizim evin poçt qutusu yox idi.

# 7719
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Şəkidə tapılan skeletin xana məxsus olduğu təsdiqləndi - FOTO

Şəkidə tapılan skeletin xana məxsus olduğu təsdiqləndi - FOTO

2 dekabr 2022 , 12:53
Çingiz Abdullayev Əlisa Nicatla bağlı  görün nə dedi?

Çingiz Abdullayev Əlisa Nicatla bağlı görün nə dedi?

1 dekabr 2022 , 19:51
Qapısız hamam, dağılmış pilləkənlər, soyuqda yaşayan 87 yaşlı yazıçı - Əlisa Nicatın evindən REPORTAJ

Qapısız hamam, dağılmış pilləkənlər, soyuqda yaşayan 87 yaşlı yazıçı - Əlisa Nicatın evindən REPORTAJ

1 dekabr 2022 , 18:32
Natiq Fərzəliyev

“Mənim yarım yerin altındadır” - Bəstəboy aktyorla maraqlı MÜSAHİBƏ

1 dekabr 2022 , 16:30
Əlisa Nicat

Əlisa Nicata prezident təqaüdü veriləcək

1 dekabr 2022 , 15:29
Natiq Fərzəliyev

Məşhur aktyoru palçıqda sürüdülər – Özü danışdı

1 dekabr 2022 , 14:47
50 cildlik küllliyatı olan yazıçının  pulu yoxdursa,   günah kimdədir?

50 cildlik küllliyatı olan yazıçının pulu yoxdursa, günah kimdədir?

1 dekabr 2022 , 12:04
Bakıda Türkiyə əleyhinə filmə qarşı etiraz aksiyası

Bakıda Türkiyə əleyhinə filmə qarşı etiraz aksiyası

30 noyabr 2022 , 19:39