Xəbər verildiyi kimi Azərbaycanda "Laçın Günü" keçirildi. Laçın dağlarından bu gözəl diyarın himninə çevrilmiş "Laçınım mənim" mahnısı səsləndi. Laçın həsrəti ilə yanıb-tutuşan, o dağların eşqi ilə yaşayan şəlalə səsli Məhəbbət Kazımov özü gedə bilməsə də, səsi getdi, göz açdığı torpaqlara. 30 ilə yaxındır dillərdən düşməyən bu gözəl mahnı necə yaranıb?
Lent.az "Belə yaranıb" rubrikasında “Laçınım mənim” mahnısının yaranması haqqında söz açacaq.
Osman Alıoğlu
Öncə onu qeyd edək ki, mahnı populyarlaşdıqdan sonra onun haqqında “mən yazmışam” deyənlər çox oldu. İllərlə mahnının bəstəkarı kimi Məhəbbət Kazımovu bilsək də, onun ölümündən çox sonra, həmkarı, keçmiş duet ortağı Könül Kərimova bildirdi ki, mahnının musiqisini o bəstələyib, amma vaxtında səsini çıxarmayıb.
Söz yazarı olaraq da ortalıqda bilindiyi kimi iki yox, hətta 3 nəfərin adı hallanıb. Əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslan.
Lent.az-ın araşdırmaları nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu məlum oldu.
Osman Alıoğlu saytımıza məşhur mahnının yaranmasından danışır:
“Mən əslən Laçının Misni kəndindənəm. 65 yaşım var. 1976-1981-ci illərdə Bakıda Lenin adına Pedoqoji İnstitutda coğrafiya ixtisasını bitirmişəm. Hazırda da müəllim işləyirəm. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. Bu şeir 1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazılıb. Mənim qaçqınlıq dövründə şeirlərim çox idi. Bu şeirin adı “Laçınım sevincim, kədərim mənim” idi. Laçının işğalının birinci ildönümü ilə əlaqədar yazılmışdı. Məhəbbət Kazımovla tanışlığımız mahnı bəstələnəndən sonra olub. O, mahnını ilk dəfə 1997-ci ilin sonlarında Füzulidə əsgərlərin qabağında oxuyub. O efirdə oxuyanda, dəftərimi götürüb baxdım, mənim şeirimdir, amma sözlərin yerlərini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan xahiş elədim bizi görüşdürsün. Bilmək istəyirdim bu şeiri hardan əldə edib. Burda bir haşiyə çıxım. 1994-1995-ci illərdə mən “Təzadlar” qəzetində 6 ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə 3 şeir vermişdim, o şeirlər redaksiyadan yox oldular. Kimsə götürmüşdü. Mən şeirin Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin Rəhimov verib, dedi ki, araşdıracam. Sonra Fəxrəddini də çağırdı, məni də, bizi üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə isbat olundu ki, şeir mənimdir. Fəxrəddin sadəcə sözləri dəyişib. Şeir Fəxrədinin əlinə keçib, verib Məhəbbət müəllimin yeznəsinə. Sonralar Könül xanımın da ididası səsləndi. Məni təəccübləndirən odur ki, niyə Fəxrəddin və Könül 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər bu söhbəti eləmədilər, öləndən sonra danışdılar. Məhəbbət elə şəxs idi ki, əsla yalan danışmazdı. O məğrurluğun, kişiliyin rəmzi idi. Nə vardısa sözü üzə deyərdi, indi belə insanlar çox azdı. O heç vaxt başqasının beyin məhsulunu öz adına çıxa bilməzdi. Haqqın tərəfdarıydı o kişi. Sonralar “Min bir mahnı” adlı bir kitab çıxmışdı, o kitabda “Laçınım mənim” mahnısının sözlərinin müəllifi kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi. Müəllifin kimliyini bilməyib onun adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə danışmış, o da şeir mənim deyil demişdi. O kitabların hamısını satışdan yığışdırıb, yenidən dərc etdirdi və mənim müəllif kimi adımı ora saldırdı. Sonralar da Müəllif Hüquqları Agentliyinə müraciət edərək, bu mahnının söz yazarı kimi müəllif hüquqları agentliyində mənim adımı yazdırıb. Bir neçə sözün yerini mahnının ahənginə uyğun olsun deyə dəyişmişdi, onun da razılığını, halallığını məndən aldı. O Könül xanımın yazdığı mahnıya, onun gözü bax-baxa “mənimdir” deməzdi. Zəng vurdu mənə, Könül xanım da yanındaydı, dedi ki, qardaşoğlu, balaca bir dəyişiklik eləmişik. Cavab verdim ki, o sadə bir şeirdi, sizin səsiniz onu gözəl edib, sizə həvalə edirəm. Hələ də qulağımdadır səsi, qayıtdı ki, başqasının sözünü öz adma çıxsam, bu nakişilik olar".
Osman müəllim adının bəzən mediada Osman Alovlu kimi yazılmasına da münasibət bildirib:
“Bəziləri elə bilir təxəllüs götürmüşəm. Mən Alovlu deyiləm, sakit bir kişiyəm, odla, alovla işim yoxdur. Soyadım Alıyevdir, Məhəbbət Kazımov mənim adımı Müəllif Hüquqları Agentliyinə Alıoğlu kimi təqdim eləmişdi. Hələ bir dəfə gülə-gülə dedi ki, mənim də adım Möhübbətdi, Məhəbbət eləyiblər. O vaxt AzTV-də gözəl diktorumuz Roza Tağıyeva onun adını Məhəbbət Kazımov kimi təqdim eləmişdi, sənəddə adı Möhübbətdir, qardaşları Qənimət, Əhliyət də təsdiq edər. Bizim rayonda Məhəbbət kişi adı yoxdur, Möhübbət olub, Məhəbbət olmayıb”, - deyə o bildirib.
Laçın günündə mahnının sözlərini fərqli şəkildə eşitdik, müğənni Ehtiram Hüseynov “Laçınım mənim”i fərqli sözlərlə oxudu, daha həsrət, ayrılıq nəğməsi deyildi o. Osman müəllimin bundan xəbəri varmı? Sualımızı cavablandıran müəllif bildirdi ki, yeni sözləri onun həmyerlisi, jurnalist Şərif Ağayar yazıb:
“Şərifin yazdıqlarını oxudular. Etirazım, iradım yoxdur, əsas odur Laçın azaddır. Ora dönəcəyimiz günü səbirsizliklə gözləyirəm”,- deyə Osman müəllim qeyd edib.
O hazırda Qaradağ rayonunda “Ümid” qəsəbəsində yaşayır. Laçına qayıtmaq daha ümid, arzu deyil, reallıqdır. Laçın öz sakinlərinə qucaq açıb, yol gözləyir. Tezliklə bütün ellərində, obalarında ocaqlar tüstülənəcək, toylarında bu hava səslənəcək. İndi daha nisgili yox, unudulmamalı olan bir tarixi hayqıracaq “Laçınım mənim”.