Kulis.az-ın “İlin hekayəsi” müsabiqəsinin qalibləri açıqlandı -  FOTO
29 dekabr 2021 17:51 (UTC +04:00)

Kulis.az-ın “İlin hekayəsi” müsabiqəsinin qalibləri açıqlandı - FOTO

Bu gün “APA Media Group”da Kulis.az internet dərgisinin təşkil etdiyi “İlin hekayəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Lent.az-ın xəbərinə görə, Kulis.az saytının baş redaktoru Ulucay Akif ilk növbədə iştirakçılara və münsiflər heyətinə təşəkkür edib.

O, müsabiqəyə 209 hekayənin göndərildiyini diqqətə çatdırıb. O qeyd edib ki, əvvəlcə uzun siyahı, sonra isə onluğa düşən hekayələrin siyahısı elan olunub: “Münsiflərə hekayələr təqdim edilən zaman müəlliflərin kimliyi gizli saxlanılırdı. Yalnız iyirmilik elan olunan zaman imzalar açıqlandı”.

APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı bir oxucu kimi müsabiqəyə göndərilən hekayələrin əksəriyyəti ilə tanış olduğunu deyib. O, son illər gənc yazarlarda pozitiv ruhun artdığını vurğulayıb: "Mənim ən çox diqqətimi çəkən məqamlardan biri budur ki, indiki gənc müəlliflər pozitiv ruhda yazırlar. Hər halda xoşdur ki, bugünkü gənclik qeyri-standart düşünür. Müsabiqədə xeyli maraqlı hekayə vardı. Düşünürəm ki, ədəbiyyatımız üçün faydalı müsabiqədir. Biz iyirmiliyə düşən hekayələri kitab şəklində nəşr etmək niyyətindəyik”.

Kulis.az-ın fəaliyyətinə toxunan V. Mahirqızı saytda dəyişikliklərin məqsədyönlü şəkildə aparıldığını qeyd edib: “Son bir-iki ildə biz Kulis.az-da stil dəyişikliyi etməyə məcbur qaldıq. Bəzən başlıqlar və yanaşmalar fərqli ola bilər. Ola bilər ki, oxucu sayta başqa materialı oxuyaraq gəlsin, ancaq o, burada həm də ədəbiyyatla qarşılaşacaq”.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “İlin hekayəsi” müsabiqəsinin son dövr keçilən ədəbiyyat müsabiqələrindən xeyli fərqləndiyini deyib: “Bu müsabiqənin əsas özəlliyi odur ki, iştirakçılar qarşısında hər hansı bir mövzu tələbi qoyulmayıb. Burada əsas məsələ mətndir. Düşünürəm ki, bu müsabiqənin bugünkü ədəbiyyatımızda xüsusi rolu var. Mən Kulis ailəsinə təşəkkür edirəm”.

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib ki, belə müsabiqələrin keçirilməsinin ədəbi proseslərdə mühüm rolu var: “Çox sevinirəm ki, biz yenidən ədəbiyyata, mətnə qayıdırıq. Ədəbiyyatsız kamil insan olmaq mümkün deyil. Məhz bu cür müsabiqələr bizi kamilliyə aparır, ədəbiyyata yaxınlaşdırır. Belə müsabiqələri təşkil etmək çox çətindir. Burada insan faktorunun olması böyük əhəmiyyətə malikdir. Mənə elə gəlir ki, iştirak edən 209 nəfərin hamısı qalibdir”.

Sonra münsiflər heyətinin üzvləri – tənqidçi Əsəd Cahangir, Elnarə Akimova və Fəxri Uğurlu çıxış edib. Münsiflər hekayələrin mövzusu və bədii keyfiyyəti haqqında danışıb.

Sonra qaliblər elan olunub.

Müsabiqənin nəticələrinə görə, birinci yerə “Noa qəbiləsinin qadınları” hekayəsi ilə Fəridə, ikinci yerə “Parçalanma hüdudu” hekayəsi ilə Sənan İsmayılov, üçüncü yerə isə “Dağdağanın seyidliyi” hekayəsi ilə Bircə çıxıb.

Müsabiqənin xüsusi mükafatına “Bir kəndin manifesti” hekayəsinə görə Nihad Pir layiq görülüb.

Mükafat fondu aşağıdakı kimidir: Birinci yer – 1000 manat, ikinci yer – 800 manat, üçüncü yer – 500 manat.

# 2727
avatar

Oxşar yazılar