“Kinomuzun indiki vəziyyəti? Dəsmal götür ağla” - Rejissor Rövşən İsaxla MÜSAHİBƏ
18 iyun 2022 17:09 (UTC +04:00)

“Kinomuzun indiki vəziyyəti? Dəsmal götür ağla” - Rejissor Rövşən İsaxla MÜSAHİBƏ

“Rejissorluq elmə söykənən ruh işidir. Kimin ağlının səviyyəsi hansı hündürlükdə işləyirsə, ekranda da o səviyyədə zarafat edir”. 

Bu sözləri Lent.az-a tanınmış kinorejissor Rövşən İsax deyir.

Lent.az onunla müsahibəni təqdim edirik:

- Hazırda kinorejissorluğun nə kimi çətinliyi var?

- Sözün açığı deməyə bir az ehtiyat edirəm. Çünki pilotla, həkimlə müqayisədə “mənim işim çətindir” demək düz olmur. Amma rejissorun işini “çətin” sözü ödəmir. Bunun adı məşəqqətdir. 

Mən ailə quranda Nazpəri xanım üzünü həyat yoldaşıma tutub “Qızım, gün gələcək səhərə yaxın 4-də, 5-də evə gələndə şükür edəcəksən” dedi. 

Yayda günün qabağında, qışda soyuqda... Ac, susuz qaldığım vaxtlar da olub. İşim qrafiksiz idi. Övladlarımın necə oxuduğundan, necə böyüdüklərindən belə xəbərim olmayıb. Hamısı ilə anası məşğul olub. Hazırlığa gediblərmi, getdikləri müəllim şəhərin hansı hissəsində yerləşir... Heç birini bilməmişəm. Bu rejissorluğun həyatımıza gətirdiyi fiziki çətinliklərdi. Yaradıcılıq tərəfi isə tamam fərqlidir. Gündə gərək 25 saat fikirləşəsən. Çünki 24 saat çatmır. 

Rejissorluq sənətinin içində söhbət kamera arxası rejissordan gedir, teatr rejissorundan yox. Coğrafiyanı da, riyaziyyatı da, ədəbiyyatı da, həndəsəni də bilməlisən. Çünki indiki tamaşaçının zövqü o qədər müasirləşib, yetişib, kamilləşib ki, ekranda yalan danışa bilmirsən.

İnsanlarla dil tapmağı bacarmalısan. Zaman keçəndən sonra başa düşdüm ki, 40 yaşa qədər kinorejissor olmur. 

- Dediniz ki, uşaqlarınızın necə böyüdüyündən xəbəriniz olmayıb. Yoldaşınız ağır iş qrafikində sizə necə dəstək olub?

- Yoldaşım həmişə mənə dayaq olub. Nəinki ailə məsələlərində, işimdə də mənə kömək olur. Ssenarilərin böyük əksəriyyətini yoldaşıma oxutdururam. O, filoloqdur. Bununla yanaşı, aktyor seçimində mənə həddən artıq böyük kömək olur. 

- Rövşən bəy, övladlarınızın da sizin peşənin arxasınca getməyini istəyərdiniz?

- Mənim iki qızım, bir oğlum var. Qızlarımın ikisi də incəsənətə gəlmək istədi. Onların istəyinin qarşısında durmadım. Amma onlara bu işin çətinliyini bir dəfə, beş dəfə yox, bəlkə min dəfə danışdım. Qeyd edim ki, qızlarımın ikisi də kinorejissor olmaq istəyirdilər. Bəlkə teatr rejissoru olmaq istəsə idilər, qarşılarında durmazdım. 

Dedim ki, bu kişi sənətidir. Tank sürmək kimi... Milyonda bir qadın bu işin öhdəsindən gələ bilər. Dünya təcrübəsi göstərir ki, ən yaxşı kinorejissorlar kişilərdən ibarətdir. 

- İnsanlar sizi televiziyadakı Rövşən İsax kimi tanıyır. Bəs, ailədəki Rövşən İsax necədir? 

- Mənə elə gəlir ki, mən uşaqlarımla dostam. Sözün əsl mənasında dost. Ailədə hansısa bir fikirlə narazıyamsa, onu qəti şəkildə demirəm. Narazılığımı bildirib, səbəbini açıqlayıram. 

Deyilənə görə, orijinal zarafatlarım var. Yemək bişirməyi xoşlayıram. Özü də yeməyi səs-küylə hazırlayıram: “Bəh, bəh, bəh nə gözəl alındı. Mama yaxşı doğrayır yoxsa, mən”. Bir sözlə, həvəslə edirəm. İstirahətə zaman ayıranda istəyirəm ki, hər şey onların ürəyincə olsun. Övladlara gəlsək, birinci qızlarım, sonra oğlum. 

Akif müəllimin bir sözü vardı: “Allah qızları xoşbəxt etsin, oğlanlar özləri bilər”. Biz şərqin bir hissəsiyik. Qadın hüquqlarından bəhs etsək də, oğlan uşağına verilən azadlıq, qız uşağına verilmir. Mentalitetimizdə var. Qızlarım nə qədər ki, mənimlədi, istəyirəm ki, onların istədikləri olsun.

- Dediyiniz o azadlığı qızlarınıza verirsiniz?

- Mənə elə gəlir ki, verirəm. Məsələn, kiçik qızım İtaliyada, böyük qızım isə Türkiyədə oxuyur. Böyük qızımın Türkiyədə oxumaq istədiyini deyəndə, dost-tanışlar təəccübləndi. Mənə elə gəlir ki, biz onların tərbiyəsini düzgün vermişik. Əxlaq isə verilmir, qazanılır. Övladlarımız mənə və yoldaşıma baxıb, özlərinə əxlaq götürüblər. Övladlarıma inanıram, onların istədikləri qədər də azadlıq vermişəm. Qızlarımın geyimlərinə heç vaxt müdaxilə etməmişəm. 

Bir hadisəni danışım sizə. Bir gün qardaşımla oturmuşduq. Kiçik qızım 10-cu ya 11-ci sinifdə oxuyurdu. Gəlib dedi ki, ata sabah səhər məni Kukla Teatrının yanına apararsan? Dedim, hə, nə olub ki? Dedi ki, sinif yoldaşım Cavidlə səhər yemək yeyəcəyik. Qardaşım qızımla mənim bu dialoquma təəccübləndi. Amma mən normal qarşılayıram. Çünki mən də tələbə olmuşam. 

- Sizə görə müasirlik nədir?

-  Mən heç vaxt “Bizim vaxtımızda belə deyildi” ifadəsini qəbul etməmişəm. Kimisi qaşını alır, mən özüm etmirəm, amma normal baxıram. Məsələn, oğlum balaca idi. Ondan saçını uzatmasını xahiş etdim. Rezinlə yığırdı, çox da qəşəng yaraşırdı. Mən yeniliyin bütün səmtlərdə tərəfdarıyam. “Avropa elə gəldi, Avropa belə getdi” fikirləri isə yanlışdır. Təbii ki, Şərqin olduğu kimi, Avropanın da yaxşı və pis cəhətləri var. 

Yəni mən çalışıram ki, zamanla ayaqlaşım. Bütün bunlara rəğmən cəmiyyəti də inkar etmirəm. Yayda məmnuniyyətlə şortik geyinərəm, amma geyinmirəm. Azərbaycandan kənara çıxan kimi geyinirəm. Amma uşaqlarıma qadağan eləməmişəm. Yoldaşım da geyinmək istəsə, qarşısında durmaram.

- Rövşən bəy, bir az da kinomuzdan danışaq. Hazırda ölkədə iki Kinematoqrafiya İttifaqı fəaliyyət göstərir. Sizcə, ölkədə buna ehtiyac varmı? Həmin qurumlar biri-birilərinə dəstək olur, yoxsa “köstək”? 

- İcazə verin, mən bu barədə danışmayım. Çünki axırıncı iclasda Azərbaycan Kinematoqrafiya İttifaqının idarə heyətinin üzvü seçilmişəm. Onların münasibətləri haqqında danışsam, qərəzli səslənər. Amma fikir də bildirməsəm olmaz. 

Kinosu bu qədər axsayan, əhalisi və ərazisi balaca olan bir ölkəyə iki dənə Kinematoqrafiya İttifaqı artıqdır. Çox istəyərəm ki, birləşsinlər. 

- Kinomuzun indiki vəziyyətindən danışaq...

- Danışaq, yoxsa dəsmal götürüb ağlayaq? (Gülür).

Kino çox mürəkkəb bir işdir. Televiziyadan da qat-qat qəlizdir. Dünyada çox şey var ki, təsadüfən alına bilər. Hətta, kimsə təsadüfən yaxşı bir roman yaza bilər. Azərbaycanın futbol turnir cədvəlində ən aşağıda olan komandası təsadüfən dünyanın ən güclü komandasını uda da bilər. Amma heç vaxt təsadüfən yaxşı film çəkilə bilməz. Necə ola bilər ki, təsadüfən yaxşı ssenari yazılsın? Deyək ki, oldu. Bəs, aktyorlar, çəkiliş, işıqlar, montaj?  

İtaliyaya memar olmaq üçün 5 nəfər adam göndərək. Onlardan 3-ü yaxşı memar olacaq. Amma 50 adam göndərək, onlardan bir nəfər kinorejissor çıxsa, şükür edək. Rejissorluq elmə söykənən ruh işidir. İncəsənətin bütün növləri belədir. 

Bir ssenarinin strukturunu düzgün qurmaq üçün 50 dəfə yazmaq lazımdır. Aktyorla işləməyi bacarmaq gərkdir. Çəkiliş meydançasına 5 nəfər istedadlı aktyor çağıra bilərsən. Ruh işi olduğu üçün aktyora “Yaxşı oyna” deyə bilmərsən. İdmançının üstünə “Bərk qaç” deyib qışqıra bilərsən. Aktyorun üstünə necə qışqırasan? Onun dilini tapmalısan. 

Biri qorxudanda, biri inciyəndə, biri qılığına girəndə yaxşı oynayır. Birinin ürəyinə yol tapmalısan, biri qulağı, biri gözü ilə inanır. Fərdi yanaşma tələb edir. İstədiyini aktyordan almaq üçün uşaq kimi nazı ilə oynamalısan. Ruh olmayanda broyler toyuğuna oxşayır. Qolu var, qanadı var, amma dadı yoxdur.   

- Bu sahə üçün nələrinizi qurban vermisiniz? 

-  Qurban vermişəm desəm, nankorluq olar. Bir insan necə uşağına baxıb “Cavanlığımı buna qurban vermişəm” deyə bilər. Onu sevə-sevə böyütmüsən axı. 

Bu sənət mənə nələri qurban verib e... Mənim kimi adam gəlib rejissor olmuşam. Bəlkə nə qədər kadr olub ki, səhv çəkmişəm. Heç indiyə qədər də xəbərim yoxdur. Məncə, “Mən özümü, səhhətimi, nələrimi bu sənətə qurban verdim” devizi naşükür və uğursuz adamların sözüdür. Bəs, onun sənə verdiklərini niyə demirsən?

Mən həmişə sevmədiyi işdə çalışan insanlara ürəkağrısı ilə baxmışam. “Xoşbəxtlik” sözünün tərifini hələ heç kim verə bilməyib. Zaman-zaman fikirlər səslənib. Ən çox xoşuma gələn Nazim Hikmətin bir sözüdür: “Xoşbəxtlik odur ki, səhər işə, axşam evə tələsəsən”. Onu da sevəsən, bunu da sevəsən. 

- Azərbaycan tarixində sevdiyiniz kinorejissorlar kimlərdir? 

- Oy, Həsən Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov, Tofiq Tağızadə, Kamil Mahmudbəyov... Ola bilər ki, kimlərsə yadımdan çıxsın. 

- Bəs, indikilərdən? 

- (Sakitlik çökdü). Mötərizədə yazarsınız ki, bir xeyli fikirləşdi...

- İndiki dövrdə tamaşaçı ən çox hansı janr filmlərə üstünlük verir?

- Deyirlər ki, camaat komediya sevir. Bu fikri gülünc qəbul edirəm. İstəyirsən dedektiv, istəyirsən tarixi film çək, əgər onu yüksək səviyyədə çəkəcəksənsə, tamaşaçı onu sevəcək, tələbat olacaq. Bu mövsüm geyimi deyil. Yay gəlsin, qış paltarlarını yığışdırasan. Dinlədiyin bir mahnıya “Mən buna avqustda qulaq asmağı sevmirəm” deyə bilərsən? Bu ruh məsələsidir. Kimisi deyir ki, ən asan janr komediya janrıdır. Əgər bunun adı incə sənətdirsə, onun yumoru da incə olmalıdır. Kimin ağlının səviyyəsi hansı hündürlükdə işləyirsə, ekranda da o səviyyədə zarafat edir. Yəni dəbdə olan janr anlayışı kinoda ola bilməz. 

- Hazırda üzərində işlədiyiniz layihəniz var?

- Çox arzulayıram ki, 2023-cü ildə bir bədii film çəkim. Ssenarisi də hazırdır. Düşünürəm ki, alınacaq. Hələ ki, bu barədə məlumat verməyəcəm. Amma bilin ki, komediya deyil (gülür). 

- Kinodan danışırıqsa, aktyordan danışmasaq olmaz. O dediyiniz ruh, indiki aktyorlarımızda var?

- İlham Hüseynov, Pərvanə Qurbanova, Elxan Yunis, Ramiz Novruz, Hicran Nəsirova, İlqar Cahangir. Bəli, bunların çəkiliş meydançasında ruhundan zövq alırsan. Yorulmaq nədir...

Azərbaycan heç vaxt aktyor sarıdan əziyyət çəkməyib. Həmişə rejissor sarıdan axsaqlığımız olub. Mən bilirsiniz nəyə kövrəlirəm? Bizdə ruhundan xərcləyən aktyorlara qiymət verilmir. Mənim aləmimdə Azərbaycan kinosu da, teatr da, incəsənəti də Yusif Vəliyevə borcludur. O boyda nəhəng aktyor layiq olduğu dəyərin heç bir faizini də almayıb. Onun davamçıları da var bu gün. 

- Bu illər ərzində çəkiliş zamanı ən yaddan qalan hadisə hansıdır?

- Düzü, “ən yadda qalan” deyəndə. Bəzilərini unuda bilərəm. Amma indi yadıma düşəni danışım. “Aktrisa” filminin çəkilişində İlham Hüseynov debütü idi. Teatr aktyoru olduğu üçün iri, orta plan heç birindən xəbəri yoxdur. Bunu içkili halda (filmdə həmin kadr yoxdur) iri planda pilləkənləri qalxanda çəkirik. 

İlhama deyirəm ki, 3 pilləkəni qalxırsan, sonuncuya ayağın ilişir adlayırsan digərinə. Ancaq ayağın görünür. Gecə 4-ün yarısıdır. Hər şey hazır, İlham, buyur. Səs yoxdu. Bir də deyirəm “İlham, buyur”.  Çönüb arxaya baxıram ki, teatr aktyoru olduğu üçün 7-8 addım arxadan gəlir. Allah evini tiksin, üzünü görən yoxdur. 

Bir dəfə də bu filmin çəkilişində İlham Hüseynovla Fuad Poladovun bir gərgin dialoqu var. İlham uşaq xasiyyəti, yaşı da məndən böyükdür. Dedi həmin səhnəni Fuad müəllimlə məşq edək. Mən də razılaşdım. Fuad müəllim gəldi ofisə. İlhamla üzbəüz oturublar. İlham çox gərgindi. İki dəfə mətni oxudular. Bu zaman Fuad müəllim məni çölə çağırdı. Dedi ki, məşq etməyək. Onsuz da o məni görəndə gərgin olur. Bizə də o situasiya lazımdı. Çəkilişə qədər də onları görüşdürmədik. 

- Çox təşəkkür edirəm, Rövşən bəy.

- Vidadi Həsənovun gözəl bir sözü var: “Aşıqlar sinədəftər olur, artistlər çənədəftər”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8295
avatar

Fidan İlqar

Oxşar yazılar