Lent.az-ın məlumatına görə, bununla bağlı bu gün ittifaqların idarə heyətlərinin iştirakı ilə iclas keçirilib.
Ölkədə bir kinonun iki ittifaqa parçalanmasına dair dəfələrlə müzakirələr aparılmış, tənqidi fikirlər səsləndirilmişdi. Bəs görəsən birləşmiş 2 ittifaqın yeni rəhbəri kim olacaq? Xalq artisti Rasim Balayev yoxsa, Xalq artisti Şəfiqə Məmmədova?
Bununla bağlı Rasim Balayevə sorğu ünvanladıq.
Lent.az-ın sorğusunu cavablandıran Xalq artisti bu barədə danışmağın hələ tez olduğunu bildirib:
“Bizim nizamnaməmizə əsasən, qurultay keçirilməli, ittifaqa sədr seçilməlidir. O nə zaman olacaq, bu barədə hələ qərar verilməyib. Bir neçə gün keçər bilərik. Birləşmə ölkənin kino sektoruna dəstək və birlik məqsədi daşıyır”.
Rasim Balayev onu da əlavə edib ki, onun rəhbərlik etdiyi ittifaqın binası yoxdur. Ona görə, birləşmiş qurumun harada məskunlaşacağı da məlum deyil.
Bir müddət öncə Şəfiqə Məmmədovaya qarşı öz təşkilatında yaranmış narazılıqlara dair fikir bildirən Rasim Balayev qeyd edib ki, Şəfiqə xanım ora seçilməyib, təyin edilib.