Hollivudun “Qara geyimli adam”ı, ən cazibədar və ən xarizmatik qaradərili aktyoru Uill Smitin bu gün 55 yaşı olur.
Lent.az bu sevilən aktyor barədə maraqlı faktları təqdim edir. Uill 1968-ci il sentyabrın 25-də Filadelfiyada doğulub. Yaradıcılığa hip-hop müğənnisi kimi başlayıb. Onun yaratdığı “DJ Jazzy Jeff & the Fresh Prince” musiqi qrupu 2 dəfə nüfuzlu “Qremmi” mükafatı alıb.
İlk dəfə “Beverli Hillzdən olan şahzadə” serialında çəkilib. O əslində bütün rollarında özünü oynayır. Buna görə, obrazları maraqlı və ürəyə yatımlıdır, təbii alınır. O həm komik, həm dramatik obrazları eyni ustalıqla yaradır, tamaşaçını ekrana bağlaya bilir.
“Mən kasıb oğlan idim, bir az varlandım, sonra hər şeyimi itirdim, Hollivuda üz tutdum. Burda ən bahalı büdcəyə sahib filmdə çəkildim. Düz 27 ildir belə davam edir. Mən küləyin istiqamətini tuta bilmişəm deyə xoşbəxtəm”,- deyə o müsahibələrində bildirib.
2008-ci ildə “Forbes” jurnalı onu dünyanın ən bahalı aktyorları siyahısında birinci yerdə qeyd etmişdi. Uill Smit ilə 80 milyon dollar qazanırdı. “Oskar”, “Qızıl qlobus”, BAFTA kimi nüfuzlu mükafatlara sahib olan Uill Smit 400 milyon dollarlıq sərvəti ilə dünyanın ən bahalı aktyorları siyahısındadır.
İki dəfə ailə qurub. 2 oğlu, bir qızı var. Düzdür böyük övladı Trey hələ qız ya oğlan olduğunu müəyyən edə bilməyib. Smit bu mənada ona azadlıq verib. Atası kimi aktyorluq yolunu seçmiş Trey bir sıra məşhur filmlərdə oğlan obrazlarını canlandırsa da, kameralar qarşısına qız libasında çıxır. Smit onun özünü axtardığını düşünür və mane olmur.
2022-ci ildə ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə “Oskar” mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz tədbirlərinə gəlməyə qadağa qoyub. Buna səbəb “Oskar” mükafatlarının verilmə mərasimində aparıcı Kris Rokun Uill Smitin keçəlləşmə xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Cada Pinkett-Smitti “Əsgər Ceyn”lə müqayisə etməsi, bunun əvəzində Uillin səhnəyə çıxaraq onu şillələməsi olub.