Azərbaycanda ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, insan alverinə, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizədən bəhs edən “İFŞA” adlı serial çəkiləcək.
Lent.az bildirir ki, layihənin rəhbəri və ideya müəllifi Ramiz Alıyevdir.
Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub. Serialı “Biz Group” və “Baku Art Lab” şirkəti birlikdə çəkəcək, quruluşçu rejissoru Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, produsserləri Nicat Həsənzadə və Vüqar Təhməzovdur.
Layihə rəhbərinin saytımıza verdiyi məlumata görə, məqsəd ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin, hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərməkdir: “Biz bu 6 seriyada göstərəcəyik ki, Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərir və aidiyyəti orqanlar öz üzərlərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirirlər. Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları aşkara çıxacaq. İnsan alverinə qarşı yalnız müvafiq idarənin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparmasının vacibliyi qeyd olunacaq. Eyni zamanda, bu layihənin əsas məqsədlərindən biri insanların maarifləndirilməsindən ibarətdir. Peşəkar komanda var, həm ssenaristlər, həm rejissor və komandası, həm də prodüserlər bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni edirlər".